Ukraynanı BİTİRİRLƏR: Ağ Evin yeni sahibindən Kiyevə MESAJ – FOTO
ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenskinin Ukraynadakı münaqişəyə son qoymaq üçün razılaşmaya hazır olmasının vacibliyini bəyan edib. O, Rusiya-Ukrayna müharibəsində həddindən artıq insanın həyatını itirdiyini diqqətə çatdıraraq, razılaşmanın zərurət olduğunu vurğulayıb.
Ağ Evin yeni sahibi deyib ki, bu, sondur və V.Zelenski razılığa gəlməyə hazır olmalıdır. D.Tramp qeyd edib ki, müqavilənin digər tərəfi Rusiya Federasiyası olmalıdır. ABŞ Prezidentinin sözlərinə görə, o, Ukraynada nizamlanma üçün Rusiya Prezidenti Vladimir Putinlə əlaqə saxlamaq niyyətindədir.
Maraqlıdır, V.Zelenski razılığa gələcəkmi? Rusiya-Ukrayna müharibəsi hansı şərtlər altında başa çata bilər? Rusiya prezidenti ABŞ-li həmkarı ilə razılaşacaqmı bu məsələdə?
Mövzu ilə bağlı Medianews.az-a danışan siyasi şərhçi Telman İsa söyləyib ki, Rusiya-Ukrayna baxımından çox ciddi tarixi proseslər baş verir.
O, D.Trampla V.Zelenski arasında 7 dekabr tarixində keçirilən görüşü, ABŞ-nin yeni prezidentinin Rusiya-Ukrayna müharibəsi barədə açıqlamalarını, 2025-ci ilin yanvar ayında keçiriləcək inauqurasiya mərasiminə Ukrayna prezidentinin dəvət olunmamasını xatırladıb.
Qeyd edib ki, bütün bunlar ABŞ-nin yeni prezidentinin Ukraynaya və onun prezidentinə münasibətinin nümayişidir: “Tramp hələ son mətbuat konfransından öncə – 7 dekabrda Parisdə keçirilən görüşündə birmənalı şəkildə vurğulamışdı ki, bütün hallarda Zelenski güzəştə getməlidir. Parisdə yanğından sonra bərpa olunan kilsənin açılışına Fransa prezidenti Emmanuel Makron Trampı da dəvət etmişdi. Yeri gəlmişkən, Ermənistan baş naziri Nikol Paşinyan da bu açlışa dəvət olunmuşdu. Bilirsiniz ki, bu dəvətlərin kökündə əsas məqam Trampla Makronun “nüvəsinə” daxil olan rəhbər şəxslərin bir görüşünü təşkil etmək idi. 35 dəqiqəlik həmin Paris görüşündə Tramp ilə Zelenski arasında təkbətək görüş oldu. Bütün hallarda Tramp birmənalı şəkildə vurğuladı ki, Kiyev Moskva ilə razılaşmalıdır, hətta lazım gələrsə, güzəştlər etməlidir. Amma Zelenski cavabında, Kiyev o şəkildə Moskva ilə danışıqlara, ya da masa arxasında əyləşməyə hazırdır ki, Rusiya Federasiyası zəmanət Ukraynaya qarşı hər hansı bir təkrar hücum olmayacağına dair zəmanət versin, demişdi. Zelenski hətta dilə gətirmişdi ki, hər hansı bir sövdələşmə olmasa beynəlxalq güclər, o cümlədən ABŞ-nin zəmanəti ilə Putinə hücum etməyəcəyi ilə bağlı hər hansı sənədə imza atdırılmasa, Kiyev bu məsələlərdən uzaq duracaq”.
T.İsa deyib ki, Parisdə yaşanan əsas məqamlardan biri də Makronla Zelenski arasında keçirilən görüş olub: “Makronla Zelenskinin mövqeləri tam üst-üstə düşür. Trampdan fərli olaraq, onların hər ikisi açıqlamalarında bildirirdi ki, ABŞ Bəşər Əsəd iqtidarına qarşı göstərdiyi təzyiqlər şəklində Moskvaya da eyni təzyiqləri etməlidir. Bununla bağlı Trampı inandırmağa çalışırdılar. İstər Makron, Tramp və Zelenski üçlüyü, eləcə də ayrı-ayrılıqda ikilikdə keçirilən görüşlərdən də çox aydın şəkildə anlaşılırdı ki, ABŞ-nin yeni prezidentinin özünün bildiyi bir məsələ var. Əsas məsələ də ondan ibarət idi ki, bu problem həll olmalıdır. Trampın seçki qabağı özünün verdiyi açıqlamalar da hər halda gərək həyatda öz əksini tapa. Trampa seçki qabağı vurğulamışdı ki, o, bir sutka ərzində müharibəni dayandıracaq. Bu açıqlamadan sonra Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov mətbuata açıqlama vermişdi. Vurğulamışdı ki, müharibə o qədər gərgin bir mərhələyə yüksəlib ki, Rusiya tərəfi bu münaqişənin bir sutka ərzində həll ediləcəyinə inanmır. Tramp dünənki açıqlamasında çox aydın şəkildə bir daha Ukraynaya ismarıc göndərmiş oldu ki, Zelenski Rusiya ilə danışıqlara mütləq şəkildə hazır olmalıdır. Tramp bu fikirlərini onunla izah edib ki, İkinci Dünya müharibəsindən sonra ilk dəfədir bu miqyasda itkilər, insan tələfatı var. Böyük bir ərazi müharibə bataqlığına yuvarlanıb. Ona görə də bu məsələ həll olunmalıdır”.
T.İsa bildirib ki, hər nə qədər Avropa dövlətləri, o cümlədən Makron və ABŞ-nin artıq yola salınan iqtidarı Ukraynanın arxasında idisə, Ağ Evin yeni sahibi Tramp tamam başqa fikirdədir: “Makron, Qərb, xüsusilə Avropa ölkələri bunu başa düşür. Hətta Rusiyanın özü də bilir ki, məsələ o cür həll olunmayacaq. Tramp Rusiya-Ukrayna münaqişəsinin həllində fərqli mövqe sərgiləyir və bunu sona qədər müdafiə etməli olacaq. Görünən odur ki, Ukrayna müəyyən itkilərə məruz qalmalı olacaq. Hansı şəkildə, hansı bölgələri, hansı siyasi motivlər, o əlbəttə ki, yaxın vaxtlarda bəlli olacaq. Əks halda ABŞ öz hərbi və siyasi dəstəyini azaldacaq. Bu nə ilə bağlıdır? Elə dünənki mətbuat konfransında da Tramp bir məqama toxunub. Belə ki, prezident səlahiyyətini təhvil verən Co Bayden Ukraynaya ABŞ istehsalı olan uzaqmənzilli raketlərlə Rusiya ərazisini hədəfə almağa icazə vermişdi. Bu, çox ciddi problemlərə gətirib çıxara bilərdi. Tramp bunu dünənki mətbuat konfransında xüsusi olaraq, həmçinin bir qədər yumuşaq şəkildə dedi. Çox güman ki, bunun qarşısını alacaq, qərarını rəsmiləşdirəcək. O, tövsiyə etdi ki, Kiyev iqtidarı bu raketlərdən istifadədən məhdudlaşdırsın, dayandırsın. Əlbəttə ki, əgər Zelenski buna getməsə, Tramp prezidentliyə gələndən sonra bu qanun layihəsinin geri çağrılması ilə bağlı qərar verə bilər. Ola bilər ki, bu, müəyyən mənada onun nüfuzuna kiçik də olsa mənfi təsir göstərəcək. Amma bütün hallarda görünən odur ki, Tramp bunu edəcək”.