GündəmKÖŞƏManşetSiyasətXəbər xətti

Yeni siyasi konfiqurasiya?!

Obyektivlik nisbi məfhum olsa da, onu hər zaman yalnız həqiqətin yanında axtarmaq lazım gəlir. Və bu həqiqətin  ortaya çıxması naminə niyyətimiz siyasi cəhətdən maarifləndirmək, məqsədimiz isə vətəndaşlarımızı qərəzli manipulyasiyaların aləti olmaqdan mümkün qədər sığortalamaqdır. Bu səbəbdən mövcud köşədə davamlı olaraq sosial şəbəkələrdə qərəzli şəkildə təhrif olunan mövzulara müraciət etməyimiz də təsadüfi deyil. Belə ki, hökumət nümayəndələri, habelə deputat və siyasətçilərin ritorikalarında davamlı olaraq rastlaşdığımız əsas ifadələrdən biri məhz “yeni siyasi konfiqurasiya”dır. Heç şübhəsiz ki, “yeni” və “siyasət” kimi sözlər bir arada istifadə olunan zaman şüuraltı səviyyədə yaranan ilk assosiasiya məhz “islahatlar” məfhumu ilə bağlı olur. İslahatlar mövzusu isə hər bir cəmiyyətdə yeniliklər və həm də yeni ümidlərlə əlaqələndirilir.

Ölkəmizdə davamlı şəkildə aparılan sistemli dəyişiklər sadəcə struktur və normativ dəyişikliklərlə bitmir. Burada institusional dəyişikliklər qədər önəmli olan amil yanaşmaların dəyişməsi və yeni münasibətlər sisteminin qurulmasıdır. Məhz gələcəyə yönəlmiş islahatlar ölkənin dayanıqlı inkişafını təmin edə bilər. Bu cür islahatlar suverenliyimizin toxunulmazlığının zəmanəti olsa da, mütləq əlavə etməliyik ki, onlar  mahiyyət etibarı ilə populyar sayıla bilməzlər. Məhz elə buna görə də bu cür islahatlar əksər hallarda demaqoqların ucuz və qərəzli tənqidlərinə məruz qalır.

Əlbəttə ki, hər bir islahat kifayət qədər ağrılı prosesdir. Yeni yanaşmaların və düşüncə paradiqmalarının formalaşmasına xidmət edən islahatlar isə daha mürəkkəb sosial-siyasi təzahürdür. Bu mənada yalnız güclü və iradəli hakimiyyət davamlı islahatların təşəbbüskarı kimi çıxış edə bilər. Yalnız dəyişikliklərə, o cümlədən yeniliklərə açıq olan hakimiyyət demokratik, güclü və peşəkar sayıla bilər. Sözügedən təsbit heç bir sübuta ehtiyacı olmayan sadə siyasi həqiqətdir. Hər bir islahat, xüsusilə də siyasi münasibətlər sistemindəki islahatlar, yenilik və təkmilləşmə qapılarının açarıdır.

Sosial şəbəkələri “vərəqləyəndə” qeyd olunanlar müstəvisində hər zaman düşünməyə vadar edən maraqlı bir məsələ ilə rastlaşıram. Heç bir siyasi təcrübəyə malik olmadan, sadəcə məntiqə söykənərək deyə bilərik ki, əslində “islahat” mövzusu həm də radikal müxalifətin marağında olmalıdır. Axı, deyəsən onların siyasi “mübarizəsinin” başlıca “hədəfi” yenilik və dəyişikliklərə nail olmaqdır… Əgər bu belə deyilsə, o zaman onların siyasi fəaliyyətinin əsasında nə dayanıb? Niyə görə onlar hər vəchlə “yeni siyasi konfiqurasiya” mövzusundan yan keçirlər və hətta çalışırlar ki, təhrikedici şərhlərlə sözügedən mövzunu kölgədə saxlasınlar? Daha bir ritorik sual: hər hansı bir fəaliyyətin əsasında təkmilləşmə və inkişaf dayanmırsa, bu cür fəaliyyətin təyinatı nə ola bilər? Bu cür sualların cavablarını biz yalnız radikal təfəkkürün mahiyyətində tapa bilərik.  

Aydın görünür ki, “yeni siyasi konfiqurasiya” mövzusu bəzi siyasətşivənləri əməlli-başlı narahat edir. Sözügedən faktın əsl səbəblərinin müəyyən olunması bizi maraqlı məsələlərə gətirib çıxara bilər. Əslində bu məsələnin izahını bilavasitə Prezident İlham Əliyevin hələ Qələbədən bir neçə ay öncə xalqa müraciətində xüsusi vurğuladığı qətiyyətli fikirlərdə tapa bilirik: “Yeni siyasi konfiqurasiyada satqın, xain beşinci kolonun nümayəndələrinə yer olmayacaq.” Qeyd edək ki, bu fikir 19 mart 2020-ci il tarixində Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına etdiyi müraciətində öz əksini tapmışdır.

Görünən odur ki, təqribən son beş il ərzində dövlətin müxtəlif təşəbbüsləri sayəsində öz siyasi alver və manipulyasiya imkanlarını itirmək təhlükəsi ilə üzləşən radikallar yeni siyasi konfiqurasiyadan od sudan qorxduğu qədər çəkinirlər. Əməkdaşlıq və açıq siyasi dialoq mühiti üzərində qurulan yeni siyasi konfiqurasiya cəmiyyətin ideoloji parçalanmasını mümkünsüz edir. Sözügedən fakt radikal təfəkkürün nəfəs borusuna dözülməz təzyiq deməkdir.

Görəsən, amalı və “dərdi” dövlətinin və cəmiyyətin inkişafı olan hansısa bir siyasətçini açıq əməkdaşlıqdan qaçmağa nə vadar edə bilər? Bəs o zaman ölkəmizə qarşı xüsusi “maraqları” olanlara, açıq-aşkar riyakarlıq sərgiləyənlərə rahat əl uzatmağa, milli birliyə hesablanmış əməkdaşlıq mühitini gözdən salmaq naminə bitmək bilməyən təxribatlara nə ad vermək olar? Bəllidir ki, bu cür ucuz və prinsipsiz demaqoqların dərdi nə dövlət, nə də ki, cəmiyyət deyil. Cəmiyyət isə onlar üçün sadəcə manipulyasiya alətidir. Bu, acı da olsa, həqiqətdir və hər bir məsuliyyətli vətəndaş bütün bunları nəzərə almalıdır, çünki acı həqiqətlər qaranlıqda qalmış məkrli niyyətlərin üzərinə işıq saçır.

Bəli, sistemli, xüsusilə də siyasi konfiqurasiya ilə bağlı olan islahatlar, mövcud hakimiyyət üçün çoxsaylı çətinlik və risklərlə müşahidə olunur. Razılaşın ki, ölkəni “oturuşmuş” sistem şəraitində idarə etmək daha rahatdır. Buna baxmayaraq ölkəmizdə aparılan islahatların məzmun etibarilə mahiyyəti dövlətçilik sisteminin güclənməsi ilə yanaşı cəmiyyətin dayanıqlı inkişafının təmin olunmasından ibarətdir. Mərhələli şəkildə reallaşan islahatlar təkcə mövcud siyasi sistemin immunitetini artırmır, onlar eyni zamanda dövlətimizin beynəlxalq münasibətlər sistemində yeni statusunu müəyyən edir.

Bu cür islahatların müstəsna əhəmiyyəti siyasi sabitliyin qorunması, dayanıqlı inkişafın təmin olunması, habelə yaşanıla biləcək müxtəlif “stresslərə” qarşı sağlam müqavimətin göstərilməsi kimi mühüm vəzifələrin icrası prosesində daha aydın şəkildə görünür. Əlbəttə ki, dövlətin gücləndirilməsi və müqavimət immunitetinin artırılması Azərbaycana qarşı olan qüvvələrin geosiyasi maraqlarına cavab vermir. Vətəni sevən və ona sadiq olan vətəndaş bilməlidir ki, xaos, tənəzzül və anarxiya ilə milli demokratiya qurulmaz.       

Yeni siyasi konfiqurasiya ilə bağlı olan islahatlar çərçivəsində ən mühüm və maraqlı mövzulardan biri məhz ölkənin siyasi partiyalar sisteminin təkmilləşdirilməsi ilə əlaqədar olan dövlətin təşəbbüsləridir. Bu islahatlar demək olar ki, bütün müstəvilərdə aparılır: qanunverici, institusional və hətta ideoloji müstəvilərdə. Siyasi partiyalar sahəsində aparılan islahatlara kənardan baxan zaman aydın olur ki, ardıcıl təşəbbüslər nəticəsində uzun illər ərzində toxunulmaz şəkildə mövcud olan və xarici qüvvələr tərəfindən “bəslənilən” hansısa “kərtənkələ yuvası” dağıdılır.

Həmin bu “kərtənkələ yuvasını” qoruyan xarici qüvvələr indi də təşvişə düşüblər və öz marionet kuklalarının müdafiəsinə çıxıblar. Radikalların bayraqtutanının 30 il sonra ucuz sarı mətbuat üslubunda yazılmış və məzmun etibarı ilə heç bir dəyəri olmayan məqaləsini sanki siyasət elmində avtomobil üçün kəşf olunmuş beşinci təkər kimi təqdim etməyə çalışan Qərb, əslində bu cür hərəkətləri ilə “demokratiyanın” onlar üçün sadəcə geosiyasi silah olduğunu ifşa etmiş olur. Orada sözə və fikrə həqiqətən dəyər verilirsə, o zaman niyə bu günə qədər bizim alimlərimiz tərəfindən yazılmış və dünyanın ən nüfuzlu nəşrlərində çap olunmuş elmi əsərlərdən həmin o nəşrlərdə söhbət açılmır? Niyə alternativ mövqeyi əks etdirən yazıları həmin nəşrlərdə görə bilmirik? Bəli, bu cür davranış yalnız sifarişli siyasi maraqların mövcudluğu ilə izah oluna bilər. Hər şey gün kimi aydındır və heç bir demaqogiya, habelə heç bir psevdodemokratik şüar onların bu mahiyyət və niyyətlərini artıq gizlədə bilməz. Qərbin demokratiya bayrağında olan yırtıqların sayı günbəgün artır.  

Köhnə səhvləri təkrar etməyə haqqımız yoxdur. “Demokratiya” adlı parıltılı konfet kağızı ilə gizlədilən Qərbin geosiyasəti əslində müstəqil dövlətlərdə dövlətçilik sisteminə zərbə vurur, dəyərləri dağıdır, habelə konkret cəmiyyətlərdə ideoloji vakuum yaradır. Bir çox ölkələrin uğursuz təcrübəsi qeyd olunan təsbiti aşkar şəkildə sübut edir.

Lüzumsuz tənqidlərin qarşısını almaq üçün onu da xüsusi olaraq vurğulamalıyıq ki, bu cür yanaşmanı bəzən qərəzli olaraq anti-Qərb mövqe kimi dəyərləndirilməyə çalışırlar. Bu, əsla elə deyil. Əksinə, ölkənin siyasi ritorikasında bəzi dairələr tərəfindən “anti-Qərb” ifadəsi məqsədyönlü şəkildə tirajlanılır ki, Qərbi Azərbaycana qarşı olan düşərgəyə çevirsinlər. Azərbaycan bütün ölkələr ilə əməkdaşlıq edir və mövcud əməkdaşlıq qarşılıqlı maraqların təmin olunması əsasında qurulur. Prezident İlham Əliyev sözügedən fikri öz çıxışlarında dəfələrlə vurğulayıb. Azərbaycan öz milli maraqlarını qoruyur və bu yolda məhz onun maraqlarına cavab verən siyasət yürüdür. Göstərilən bütün təzyiqlərə rəğmən əldə olunmuş tarixi Qələbəmiz bunun açıq sübutudur. Bu səbəbdən də heç çəkinmədən deyə bilərik ki, “yeni siyasi konfiqurasiya”  müstəqil siyasətin təzahürü və bilavasitə davamıdır.

Bəzi siyasətbazların bu ifadəni eşidəndə ilan sancmış kimi atılmalarının səbəbi indi olduqca aydındır.

Mövcud istiqamətdə atılan bütün təşəbbüslərin mahiyyətinə sistemli şəkildə diqqət yetirəndə deyə bilərik ki, “yeni siyasi konfiqurasiya” anlayışının arxasında növbəti amillər nəzərdə tutulur: əldə olunmuş tarixi Qələbənin sayəsində formalaşan yeni reallıq; ictimai-siyasi münasibətlər əhatə etdiyi bütün müstəvilərdə mərhələli şəkildə reallaşdırılan sistemli islahatlar; siyasətdə köhnə stereotiplərin dəyişdirilməsi, habelə yeni yanaşma və fəaliyyət paradiqmaların müəyyən olunması; siyasi sistemin immunitetinin artırılması; cəmiyyətdə milli həmrəylik mühitinin təmin olunması; siyasi münasibətlər müstəvisində açıq əməkdaşlığı və sağlam rəqabəti təşviq edən siyasi dialoq mühitinin təminatı; siyasətdə dövlət və cəmiyyət naminə qarşılıqlı etibar amilinin aktuallaşdırılması və s.        

Odur ki, yeni siyasi konfiqurasiya təkmilləşmə və modernləşmə ilə yanaşı eyni zamanda “ziyanvericilərə” qarşı profilaktik tədbirlərin görülməsi deməkdir. Təsadüfi deyil ki, ötən dövrlərdə siyasi münasibətlərin iştirakçıları bir-birinə az qala düşmən gözü ilə baxdıqları halda bu gün isə planlı şəkildə təşviq olunan siyasi dialoq səriştələrin nəticəsində müxalifət partiyalarının hətta milli Məclisdə təmsil olunmalarına belə artıq adi demokratik təcrübə kimi baxırıq.

Sözügedən təcrübənin mövcudluğu Azərbaycanda artıq demokratik dövlətçilik ənənələrinin şaxələndiyindən xəbər verir. Əlbəttə ki, dialoq və həmrəylik mühitinin toxunulmazlığı təmin olunduğu halda milli demokratik ənənələr daha da dərinləşəcək və dövlətin immuniteti daha da artacaqdır. Elə ona görə də “yeni siyasi konfiqurasiya” bizim regionumuzda geosiyasi maraqları olan qlobal güclərdə və onların yerli marionet kuklalarında bu qədər böyük qıcıq yaradır. Onların bu cür məkrli niyyətlərinə ən gözəl cavab bütün vətənsevər qüvvələrin yeni siyasi konfiqurasiyada özünə yer tapması ola bilər.   

Asif Adil