“Onlar bir məsələni yaddan çıxarırlar ki…”-Elnur Eltürk
Ankarada TUSAŞ müdafiə müəssisəsində tördilən terror aktının məqsədi qardaş Türkiyənin milli müdafiə sənayesinə zərbə vurmaqdır. Terror aktının baş verəcəyi ilə bağlı ehtimallar var idi hətta müəyyən filmlərdə də səhnələşdirilmişdi. Məsələn bir neçə il əvvəl “Təşkilat” filmində də bu ehtimllar ssenariyə salınıb”. Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında diaspor üzrə araşdırmaçı-ekspert, Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB) sədr müavini Elnur Eltürk söyləyib. O bildirib ki, filmdə göstərilən əsas hədəf Türkiyənin milli müdafiə sənaye sistemi və onu inkişaf etdirən mühəndislərdir: “Sadə bir məntiq var: terror təşkilatını yaradan qüvvələr Türkiyənin başını qatmaq və ümumi hədəflərdən yayındırmaq üçün istifadə edirlər. Son 30 ildə terror təşkilatlarını idarə edənlər Türkiyəni zəiflətməyə və öz təsir dairlərində saxlamağa çalışırlar. Onlar bir məsələni yaddan çıxarırlar ki, Türkiyə regional gücdən, beynəlxalq gücə çevrilmə yolunda önəmli məsafə qət edib”.
E.Eltürk vurğulayıb ki, beynəlxalq münasibətlər sistemində Türkiyə güclü tərəf kimi çıxış edir deyə bu faktorlar həmin qüvvələri narahat edir: “Onlar Türkiyənin inkişafını əngəlləməyə çalışırlar. Amma Türkiyəni öz yolundan çəkindirmək və strateji xəttindən uzaqlaşdırmaq qeyri-mümkündür. Əvvəlki dönəm arxada qalıb. Türkiyə öz milli maraqlarının qorunması istiqamətində yürüdülən siyasətdən bir addım da geri çəkilməyəcək. Yəni, Türkiyə qarşısına hədəf qoyub və ona da nail olacaq. Xüsusilə, Türkiyə öz milli müdafiə sənayesinin inkişafına nail olmağa çalışır və bu yolda da ciddi irəliləyişlər var. Terror aktı zamanı şəhid olanlara Allahdan rəhmət, qazilərə şəfalar diləyirəm. Beynəlxalq ictimaiyyətdən, insan hüquqları təşkilatlarından terrorun qətiyyətlə lənətlənməsini, pislənilməsini gözləyirik”.