Qlobal xaos: müharibələr və ideoloji hücumlar nəyə xidmət edir?
Bu gün dünyada anormal bir durum var və vəziyyət hər gün daha da gərginləşir. Normal məntiqlə izahı mümkün olmayan proseslərin əslində gerçək və təməl səbəbləri var. Xüsusilə 2020-ci ildən sonra geosiyasi durumun daha sürətlə pisləşməsi müşahidə olunur ki, bu da hər bir dövləti təhdid altına salır.
2020-ci ildə dünyanın pandemiya dönəminə girməsi ilə qlobal proseslərdə anormallıq müşahidə edilməyə başladı. Heç kimin ağlına gəlməyəcəyi və təxmin edə bilmədiyi hadisə baş verdi, dövlətlər, dolayısı ilə insanlar “zindana” salındı. Bu dövrdə ən çox səsələnən fikir bu idi: “heç nə əvvəlki kimi olmayacaq”.
Amma bir çoxları hesb edirdi ki, belə davam edə bilməz və tezliklə hər şey normallaşacaq.
Lakin prosesləri müəyyən qədər oxuya bilənlər yaxşı başa düşürdü ki, anormal bir durum var və bu, sadəcə başlanğıcdır. Hansısa qüvvələr nədənsə narahatdır və bu narahatlığın səbəbi dünyanı təhdid edir.
“Hansısa qüvvələr” anlayışı həmişə mübahisə predmeti olub. Yəni “hansısa qüvvələr” müzakirə olunarkən konspiroloji yanaşmalar önə çıxır, yaxud çıxarılır, “faktoloji yanaşma deyil”,- deyə etibarsızlaşdırılırdı. Əlbəttə, bu, bütün dünya ictimaiyyətinə hesablanan propaqandanın tərkib hissəsidir.
Pandemiya zamanı Ümumdünya Səhiyyə Təşklatı (ÜST) “mərkəzi dünya hökuməti” rolunda çıxış etdi. ÜST-nin “kağız pullar da virus yayır” tezisi məqsədli proses balşadıldığını təsdiqləyirdi.
Yaxşı, nə baş verirdi və “hansısa qüvvələr”i biz, necə anlamalıyıq? Bu suala cavab tapmadan öncə pandemiyanın dünyanın gündəmindən düşməyə başladığı dönəmə nəzər salaq.
Orta Asiyada xaos planı
Öncə Orta Asiyada xaos planı işə düşdü, Qazaxıstanda qarışıqlıq yaradılmasına cəhd edildi və hərbi müdaxilə ilə xaos dalğasının qarşısı alındı. Qeyd edək ki, bu prosesə Avrasiya İqtisadi ittifaqı fonunda yanaşma mənzərənin təsviri üçün daha effektivdir. Hazırda isə bura BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatını da əlavə etməliyk.
Burada da “hansısa qüvvələr”in Qərb mərkəzli hegemoniyaya alterantivlərin yaranmasından ciddi narahatlıq keçirdiyi önə çıxır.
Yenə də normallaşma haqqında düşünülərkən dünya daha bir “şok”la qarşılaşdı, Rusiya-Ukrayna savaşı başladıldı. Bu zaman isə pandemiyanın ilk vaxtlarında daha çox səslənən “heç nə əvvəlki kimi olmayacaq” tezisi daha çox xatırlandı.
Bundan sonrakı proseslər isə bəllidir…
İstanbulda sülh sammiti yenə də “hansısa qüvvələr” tərəfindən pozuldu. Çünki, “hansısa qüvvələr” müharibənin davam etdirilməsini istəyirdi və belə də oldu.
Prosesin “hansısa qüvvələr” pəncərəsi onu deməyə əsas verirdi ki, Rusiya-Ukrayna savaşını arxa plana keçirəcək yeni hadisə, yaxud hadisələr baş verəcək və əlbəttə bu proseslər gözlənildiyi kimi Yaxın Şərqdə başlandı.
“Həmas” “Mossad”ın xəbəri olmadan” İsrailə hücum etdi və bu, bir çox ekspertlərin “Yaxın Şərqin 11 sentyabrı” adlandırdığı daha dəhşətli prosesin başlanğıcı idi. Sonra Qəzzaya hücum və proses davam edən bir il ərzində atəşkəs danışıqlarının nəticə verəcəyinə sadəlövh yanaşmalar fonunda İranın qarşıdurmaya cəlb edilməsi planları durumu daha da gərginləşdirdi.
BMT-yə tankla hücum və daha aydın mənzərə
Çünki Yaxın Şərq dünyanı xaosa sürükləmək üçün ən uyğun bölgələrin ilk sırasında yer alır. “Sionizm” alətinin işə salınması ilə qanlı proses başladıldı.
Livanda davam edən proseslər, İsrailin BMT-nin ofisinə tankla hücumu ilə mənzərə daha da aydınlandı.
Bundan sonra müzakirələr daha çox İsrailin gücü üzərindən aparılmağa başlandı. “İsrail çox güclüdür, arxasında ABŞ var”,-arqumentləri önə çıxdı. Əslində BMT-yə hücum İsrailin çapını aşırdı və eyni zamanda dünya üçün daha təhlükəli presedentin əsasını qoyurdu. Biz, İsrail və ABŞ-nin bizə təqdim olunan “böyüklüyünün” kölgəsində saxlanılmış, əslində onlardan alət kimi istifadə edən qüvvələri yenə də diqqətdən qaçırırdıq.
Hansısa dövlətlərin ərazi iddiaları, yaxud müəyən dövlətlərin siyasi hakimiyyətini işğal etmiş dini-ideoloji xətlər müəyyən proseslərin başladılması və davam etdirilməsi üçün ən uyğun zəmin formalaşdırırdı.
“Sionizm”, “Böyük İsrail”ideologiyası Yaxın Şərqi cəhənnəmə çevirmək və dünya müharibəsinin başladılması ilə bağlı zəmin formalaşdırmaq üçün ən uyğun alətlərin sırasında yer alır. Eyni zamanda buna dəstək verən və ABŞ-də üzvlərinin sayı 100 milyon olan yevangelist təriqətini diqqətdən qaçırmamalıyıq. ABŞ-nin sabiq vitse-prezidenti Mayk Pens və sabiq dövlət katibi Mayk Pompeonun yevangelist təriqətinə məxsus radikal dindar olmaları bir çox məsələni özündə ehtiva edir.
Sionizm üçün “yaşıl işıq”
Yəni Yaxın Şərqdə “hansısa qüvvələr” sionizmə “yaşıl işıq” yandırırdı və BMT-nin ofisinə hücum da əslində buradan qaynaqlanır. Bütün addımlarını öz gücü kimi təqdim edən İsrail və onun sionist hökumətinin, yaxud ABŞ-nin silahlı güc olaraq alət funksiyasını oynayacaq səviyyədə istifadə olunması daha çılpaq şəkildə üzə çıxır.
Yəni dünya, İsrail və ABŞ xalqları da daxil olmaqla daha böyük-millətsiz, dövlətsiz, dinsiz və vətənsiz bir düşmənlə üz-üzədir.
Hansı ki, İkinci Dünya Müharibəsinə də rəvac verən, maliyyələşdirən və sonda istədiyini əldə edən düşmənlə.
O düşmən ki, müxtəlif qlobal banklarla, bütün sektorları əhatə edən dünyaca məşhur brendlər və digər vasitələrlə insan həyatının bir hissəsinə çevrilib və insanları, dövlətləri borclandıraraq asılı vəziyyətə salıb.
Bütün bunlar düşüncəmizdə oturuşduğu üçün normal sayır, dünya ictimaiyyətinə təqdim olunan mənzərəni həqiqət olaraq qəbul edirik.
Sadalanan bu faktorlar “hansısa qüvvələr” anlayışını tam ifadə edir- bu, beynəlxalq maliyyə sistemidir.
İkinci Dünya Müharibəsi zamanı az qala bütün dünyanı dağıdan Hitler və Stalinin “nədənsə” hücum etmədiyi İsveçrədə yerləşən Beynəlxalq Hesablaşmalar Bankı, o cümlədən Beynəlxalq Valyuta Fondu, Federal Ehtiyat Sistemi kimi qurumların və onların qida, tibb, hüquq, siyasət, iqtisadiyyat, insan haqları, media, film və.s daxil olmaqla bütün sahələri əhatə edən törəmə qurluşları.
Müharibələrdən daha təhlükəli
Əlbəttə, bu sistem təkcə müharibələrə rəvac vermir, eyni zamanda ideoloji müstəvidə də hücumlar edir, dəyərlər sisteminin dağıdılması üçün müxtəlif mexanizmlər hazırlayır, maliyyələşdirir, propaqandasını aparır, bütün cəmiyyətləri əhatə edən dünyanın hər yerində alətlər formalaşdırır. Bu hücumlarda heç bir milli, dini ayrı-seçkilik yoxdur. ABŞ və digər Qərb ölkələrinin xalqları da daxil olmaqla insanların genetik kodlarına həkk olunmuş mental dəyərlər sıradan çıxarılır, ailə institutu məhv edilir. Bu LGBT və.s kimi “yeni dəyərlər” vasitəsilə həyata keçirilir. Məqsəd yeni marionet zümrələrin formalaşdırılması və qlobal idarəetmənin daha asan olması istiqamətində yeni köləlik mexanizmlərinin tətbiq edilməsi üçün beyinlərin daha rahat işğal edilməsidir.
Dünyada baş verən hərbi-siyasi gərginliklər və toquşmalar fonunda artıq bir sıra dövlətlər ideoloji hücumlara qarşı da mexnizmlər hazırlayır, mübarizə aparır, qanunlar qəbul edirlər.
Məsələn, Gürcüstan parlamenti LGBT hüquqlarını məhdudlaşdıran qanunlar paketini qəbul edib. Qanunlar ailə dəyərlərinin qorunması üçün cinsiyyətin dəyişdirilməsi, homoseksual münasibətlərin, LGBT-nin təbliğini nəzərdə tutan ictimai toplantılar və nümayişlərin qadağan edilməsi və.s kimi qadağaları nəzərdə tutur.
Halbuki Gürcüstan qarşısında şərt qoyulub ki, Avropa İttifaqına üzvlük müqabilində LGBT təbliğatına tam sərbəstlik verilsin.
Gürcüstanın bu addımına Qərbin kəskin reaksiya verməsi təsadüf deyil. Yəni, savaş hər yerdədir, istər hərb meydanında, istərsə də insanların düşüncəsində.
Qlobal anormallıqların təməl səbəbi
Göründüyü kimi, müharibələrin də içərisində yer aldığı anormallıqların təməl səbəbi çöküş prosesinə qədəm qoyan qlobal maliyyə sisteminin (petrodollar) dünya hakimiyyətinin bitməməsi üçün xaos yaratmaq, dövlətləri İkinci Dünya Müharibəsində olduğu kimi iqtisadi cəhətdən çökdürmək və yeni maliyyə sistemi inşa etməkdir.
Ona görə də dünyanı təhdid edən proseslər Yaxın Şərqlə bitməyəcək.
Yaxın Şərqi arxa plana keçirəcək növbəti mərhələnin başladılması üçün ən uyğun variant isə Koreya və Tayvan problemləridir.
Əlbəttə, bütün bu planların olması, onun mütləq həyata keçəcəyi anlamına gəlmir. Qlobal maliyyə sisteminin xaosdan yeni köləlik sistemi inşa etmək planlarının İkinci Dünya Müharibəsindən sonrakı dövrdə olduğu kimi reallaşdırılması artıq mümkün görünmür.
Doğrudur, heç nə əvvəlki kimi olmayacaq. Sonda dövlətlər, xalqlar və onların varlığının əsasını təşkil edən dəyərlər sistemi qalib olacaq və bütün istiqamətlərdə paradiqmalar dəyişəcək…
Əli Zülfüqaroğlu