“Ermənistan Bakının sülh sazişinin imzalanmasına dair tələblərini icra etməkdən yayınır”
Sülh danışıqları ilə bağlı pozitiv açıqlamalar meydana çıxan kimi, Ermənistan ənənəvi qaydada təxribatçı davranışlara start verir. COP29 ərəfəsində hansısa çərçivə sazişinin imzalana biləcəyi, XİN başçılarının Nyu-York görüşündən sonra bunun inandırıcı olması haqda informasiyaların ardınca İrəvan Azərbaycana qarşı növbəti sülh şərləməsinə yol verib.
Ermənistan parlamentinin sədri Alen Simonyan özünün də başa düşməyəcəyi şəkildə absurd bir bəyanat səsləndirib. O deyib ki, Ermənistan Azərbaycanla sülh sazişinin razılaşdırılmış bəndlərini imzalamağa hazırdır. Simonyan hətta belə sənədi COP29 zamanı Bakıda da imzalaya biləcəklərini deyib. Ardınca isə söyləyib: “Hazırda Azərbaycanla danışıqlar prosesi dalana dirənib. Amma Ermənistanın bu məsələdə irəliləmək üçün siyasi iradəsi var. Hətta bu gün də biz razılaşdırılmış məqamları imzalamağa hazırıq”.
Millət vəkili Qüdrət Həsənquliyev “Yeni Müsavat”a açıqlamasında rəsmi Bakının prinsipial mövqeyindən bəhs etdi: “Ermənistan bilir ki, Azərbaycan münaqişəni doğuran səbəblərin həllini özündə ehtiva etməyən sazişi imzalamayacaq. Ona görə də davamlı olaraq özlərini sülhpərvər göstərmək üçün deyirlər ki, biz razılaşdırılmış məsələlər əsasında sülh sazişi imzalamağa hazırıq. Müharibədə məğlub olan tərəf olsalar da həyasızcasına onların şərtləri ilə sülh sazişinin imzalanmasını təklif edirlər. Çünki əmindirlər ki, heç kim buna getməz. Onlar bununla Azərbaycanın Ermənistanın öz öhdəliklərini yerinə yetirməsi şərtilə, sülh sazişinin imzalanmasına dair tələblərini icra etməkdən yayınır, Azərbaycanı beynəlxalq birlik qarşısında “sülh istəməyən ölkə” kimi göstərmək, bizə Qərbdəki tərəfdarları vasitəsilə beynəlxalq təzyiqləri artırmağa nail olmaq, revanşist müharibəyə hazırlaşmaq üçün vaxt udmaq istəyirlər”. Q.Həsənquliyevin sözlərinə görə, ermənilər ümid edirlər ki, Rusiya Qərbin dəstəyi ilə Ukraynada məğlub olacaq və bunun nəticəsində regionda yeni geosiyasi reallıqlar formalaşacaq: “Ermənilər gözləyirlər ki, Rusiyada müharibənin nəticəsi olaraq yeni yaranacaq qərbyönümlü hakimiyyət birinci Qarabağ savaşında olduğu kimi, Qərbin təsiri ilə onların revanşist müharibəsini dəstəkləyəcək. Ukraynada savaş olmasaydı, Ermənistan çoxdan sülh sazişini imzalamışdı”. Millət vəkili hesab edir ki, Azərbaycan və regionda sülh istəyən digər ölkələr rəsmi İrəvana təzyiqləri artırmalı, Ermənistanın silahlandırılmasını pisləməli, aparılan siyasətin çox təhlükəli olduğunu və onlara baha başa gələcəyini izah etməlidir: “Ermənistan torpaqlarımızın işğalına son qoymayıb, sülhdən yayınaraq, 30 il işğalı davam etdirməsinin hansı nəticələrə gətirib çıxardığını anlamalı, yenidən möcüzə gözləyərək eyni səhvi təkrarlamamalı, öhdəliklərini yerinə yetirməli, yaxın qonşuluq siyasəti yürütməlidir”.
Qeyd edək ki, ötən gün Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində Birinci Qarabağ müharibəsində itkin düşmüş 15-ə yaxın şəxsə aid qalıqlar aşkar olunub. Beləliklə, Ermənistan kütləvi məzarlıqların yerini belə açıqlamadığı halda, Azərbaycana qarşı fitnəkar iddialar qaldırır, üstəlik, absurd şəkildə yarımçıq sülhü imzalamağa çağırış edir. Ermənistanın hay-küyü həm də 30 il ərzində törətdiyi müharibə cinayətlərini ört-basdır etməyə yönəlik məkrli siyasətdir…