“İctimai və sosial bəla: narkomaniya!” layihəsi başa çatıb
“Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 1 iyun 2024-cü il tarixindən icrasına start verdiyi “İctimai və sosial bəla: narkomaniya!” layihəsi başa çatıb.Təşkilatdan verilən məlumata görə, layihə 3 ay müddətində (01 iyun-31 Avqust 2024-cü il) icra olunub.
Müstəqil Azərbaycan Respublikası artıq iyirmi ildən çoxdur ki, beynəlxalq ictimaiyyət və aparıcı dünya dövlətləri ilə birgə bu problemin həlli yolunda ardıcıl və məqsədyönlü addımlar atır. Bu illər ərzində Azərbaycanda narkomaniyanın qarşısının alınması sahəsində müxtəlif istiqamətli işlər həyata keçirilib.Amma etiraf etmək lazımdır ki, bu yöndə problemlər hələ də qalmaqdadır.Layihənin məqsədi də “ağ ölüm”lə mübarizəyə müəyyən dəstək olmaqdır.
Təşkilatdan qeyd ediblər ki, Fəaliyyət Planına uyğun olaraq, Sumqayıt və Şirvan şəhərlərində 40 nəfər (18-35 yaş aralığı) iştirakçı ilə görüş keçirililib. Eyni zamanda narkomaniya ilə bağlı İnternet TV-də ekspertlərlə nəzərdə tutulmuş 3 debat ərsəyə gətirilib. “Narkotiklər: mənim yolum deyil!” maarifləndirici sosial çarx da görüləcən işlər sırasındadır.
Təşkilat problemlə bağlı dövriliyi təmin etmək üçün bundan sonra da eyni mövzuya müraciət edəcək.