Azər Allahverənovun Nardaran qəsəbəsinin seçiciləri ilə növbəti görüşü keçirilib
2024-cü il sentyabrın 1-də keçiriləcək VII Çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində 29 saylı Sabunçu dördüncü seçki dairəsindən deputatlığa namizədliyi sürülmüş Azər Allahverənovun Nardaran qəsəbəsində yaşayan seçicilərlə üçüncü görüşü keçirilib.
Tədbir ilk əvvəl Nardaran qəsəbəsində yerləşən 1941-1945 abidəsinə ziyarətdən başlayıb. Böyük Vətən Müharibəsində həlak olan nardaranlıların əziz xatirəsi bir daha yad edilib, onların ruhlarına dualar oxunub.
Görüşü giriş sözü ilə açan qəsəbə ağsaqqalı Hacıağa Nuri deputatlığa namizədin bu günədək təbliğat-təşviqat kampaniyası çərçivəsində Nardaranda keçirdiyi görüşlərə nəzər salıb və qəsəbədə yaşayan seçicilərin qarşıdan gələn parlament seçkilərində iştirak edəcək şəxslərin əksəriyyətinin məhz Azər Allahverənovun namizədliyini dəstəkləyəcəklərinə inandığını bildirib.
Gələcək planlar barədə danışan Azər Allahverənov Nardaran sakinləri tərəfindən qaldırılan məsələlərin həlli perspektivlərinə toxunub və bütün qəsəbə seçicilərinin 1 sentyabr növbədənkənar parlament seçkilərində fəal olmağa çağırıb.
Çıxış edən tədbir iştirakçıları deputatlığa namizəd Azər Allahverənovla bağlı təəssüratlarını bölüşüb, seçkilərdə səslərini onun xeyrinə verəcəklərini bildiriblər.