Azər Allahverənov Zabrat qəsəbəsində seçicilərlə görüşüb – FOTOLAR
1 sentyabr 2024-cü il tarixində keçiriləcək VII Çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində 29 saylı Sabunçu dördüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Azər Allahverənovun Zabrat qəsəbəsində yaşayan seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan Sabunçu rayon ziyalısı İlham Mustafayev Azər Allahverənovun tərcümeyi-halına nəzər salıb, şəxsi uzun müddət tanıdığını və Milli Məclisə seçiləcəyi təqdirdə bu missiyanı layiqincə yerinə yetirəcəyini, hər zaman seçicilərin arasında olacağını əminliklə bildirib.
Son illər Azərbaycanda siyasi, sosial-iqtisadi, mədəni və digər sahələrdə həyata keçirilən dərin islahatlar, işğaldan azad olunmuş ərazilərdə icra olunan genişmiqyaslı bərpa-quruculuq işləri barədə danışan Azər Allahverənov bu sahələrdə əldə olunan nəticələrin lokal şəkildə ölkə əhalisinin rifahının yaxşılaşdırılmasına və geniş mənada ölkədə davamlı inkişafın təmin olunmasına səbəb olduğunu qeyd edib. Seçkiqabağı platformasının ayrı-ayrı aspektlərinin həmin nəticələrin əldə olunması ilə əlaqəli olduğunu qeyd edən Azər Allahverənov Zabrat qəsəbəsinin seçicilərinin ona etimad göstərdiyi təqdirdə məhz həmin sahələrdə nəticələrin əldə olunması istiqamətində fəaliyyət göstərəcəyini bildirib. Eyni zamanda o, seçki dairəsinin ərazisinə daxil olan qəsəbələrdə təhsil, səhiyyə, məşğulluq, ətraf mühitin qorunması və digər sahələrdə həyata keçirmək niyyətində olduğu gələcək planlar barədə danışıb.
Çıxış edən Zabrat qəsəbəsinin sakinləri Elxan Mirzəyev, Xanlar İsmayılov, Sevil Həsənova, Mehriban Əzizova, Tamara Əliyeva və digərləri qəsəbənin gündəlik həyatında üzləşdikləri çətinliklər barədə danışıblar, həlli vacib olan məsələlər barədə fikirlər irəli sürüblər. Çıxışçılar Azər Allahverənova inandıqlarını və qarşıdan gələn parlament seçkilərində məhz Azər Allahverənova etimad göstərəcəklərini əminliklə bildiriblər.
Sonda Azər Allahverənov görüş iştirakçılarının suallarını ətraflı cavablandırıb və görüşdə qaldırılan məsələlərin aidiyyəti üzrə təqdim edəcəyini əminliklə bildirib.