Azər Allahverənov Nardaran qəsəbəsində seçicilərlə görüşüb – FOTOLAR
Avqustun 12-də 29 saylı Sabunçu dördüncü seçki dairəsindən deputatlığa namizəd Azər Allahverənovun Nardaran qəsəbəsində yaşayan seçicilərlə ilk görüşü keçirilib.
1 sentyabr 2024-cü il tarixində ölkəmizdə keçiriləcək VII Çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin təbliğat-təşviqat mərhələsində təşkil olunan görüş ilk əvvəl Nardaran qəsəbəsinin Şəhidlər Xiyabanına ziyarətdən başlayıb. 44 günlük Vətən müharibəsində şəhid olan Xaliq Hüseynov və Hüseyn Xəlilovun əziz xatirəsi bir daha yad edilib, onların ruhlarına dualar oxunub.
Sonra Nardaran Mədəniyyət Mərkəzində təşkil olunan görüşü giriş sözü ilə açan kənd ağsaqqalı Ağasəid Orucov millət vəkilliyinə namizədi tədbir iştirakçılarına təqdim edib. Özü barədə ətraflı danışan Azər Allahverənov həyat təcrübəsinə nəzər salıb və seçkiqabağı platformasının ayrı-ayrı aspektləri haqqında danışıb, seçicilər tərəfindən ona etimad göstərildiyi təqdirdə seçki dairəsini əhatə edən kənd və qəsəbələrdə görəcəyi işlər, öz səlahiyyətləri daxilində həyata keçirəcəyi fəaliyyətlər barədə söz açıb.
Çıxış edən qəsəbə ağsaqqalı Hacıağa Nuri, qəsəbənin axundu Musa Qasımov və Nardaranda yaşayan digər seçicilər deputatlığa namizəd Azər Allahverənova olan ehtiramını ifadə edib xeyir-duasını verdikdən sonra qarşıdan gələn parlament seçkilərində fəal iştirak edəcəklərini, səslərini layiqli namizədə verəcəklərini bildiriblər.
Sonda Azər Allahverənov görüş iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.