QAİ-nin Sumqayıt nümayəndəliyində narkomaniya ilə bağlı tədbir keçirilib – FOTOLAR
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyi tərəfindən icra olunan “İctimai və sosial bəla: narkomaniya!” layihəsi çərçivəsində Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhəri üzrə nümayəndəliyinin konfrans zalında tədbir keçirilib.
Şəhərin mərkəzində fəaliyyət göstərən nümayəndəlikdə keçirilən görüşdə ilk çıxış edən “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin sədr müavini və “İctimai və sosial bəla: narkomaniya!” layihəsinin rəhbəri Telman Məmmədov tədbir iştirakçılarını salamlayaraq, narkomaniya ilə mübarizə çərçivəsində təmsil etdiyi təşkilatın təşəbbüs və ideyalarını dəstəklədiyinə görə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Qərbi Azərbaycan İcmasının rəhbərliyinə, təşəkkürünü bildirib.Əlavə edib ki, Agentlik hər il elan etdiyi müsabiqələrdə “ağ ölüm”lə mübarizə mövzularına xüsusi həssaslıqla yanaşır.Natiq sonra “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin fəaliyyətindən, həyata keçirdiyi layihələrdən və narkomaniya ilə mübarizə üzrə təşəbbüslərindən danışıb.
Diqqətə çatdırıb ki, tədbirin keçirilməsi üçün Sumqayıt şəhəri təsadüfi seçilməyib.Şəhər üzrə son statistik göstəricilər qənaətbəxş deyil.Məsələn, 2022-ci il üzrə narkotiklərlə bağlı Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasından alınan məlumata görə, təkcə Sumaqıt şəhəri üzrə 2832 cinayət faktı qeydə alınıb.Ona görə də bu bəla ilə mübarizədə hamının, cəmiyyətin səfərbər olmasını vacib sayan layihə rəhbəri nəzərə çatdırıb ki, narkomaniyanın yayılması millətin sağlam həyat tərzi üçün böyük təhlükədir. Narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olur. Narkomaniya yaddaş və təfəkkürü pozur, həyati proseslərə qarşı laqeydlik yaradır. Cəmiyyətin böhranlı dövründə narkomanlıq artır, sosial münasibətlərə mənfi təsir göstərir.
Narkomaniya ilə mübarizə çərçivəsində əsasən gənclərlə maarifləndirmə işinin aparılmasını vacib sayan Sumqayıt şəhəri polis idarəsinin İctimai Təhlükəsizlik şöbəsinin Yetkin Yaşa Çatmayanlarla Profilaktik işin təşkili şöbəsinin rəisi, polis mayoru Azər Bağırov isə narkotik vasitələrin təsnifatına, hər keçən il çeşidlənən növünə aydınlıq gətirib.Onun sözlərinə görə, Azərbaycan gənci zərərli vərdişlərin qurbanı deyil, Qarabağ boyda problemin həllində iştirak etmiş fədailəridir.Sumqayıt ərazisində törədilən cinayət işlərinin, oğurluq hadisələrinin əksəriyyətində narkomanların iştirak etdiyini söyləyən şöbə rəisi xatırladıb ki, bu problemlərdən xilas olmaq üçün vətəndaşlar da səy göstərməli, etinasız qalmamalıdılar. Azərbaycana narkotik vasitələrin əsasən qonşu İrandan keçirildiyini vurğulayan polis mayoru nəzərə çatdırıb ki, bütün hallarda Sumqayıtda bu problemin neytrallaşdırılması üçün lazımı qabaqlayıcı addımlar atılır.
Sumqayıt şəhəri Narkoloji dispanserin şöbə müdiri, həkim narkoloq Vüsal Cabbarov da “ağ ölüm”ün təhlükələrindən danışıb.Onun sözlərinə görə, texniki imkanların genişlənməsi narkotik vasitələrin növünün artmasına təkan verir.Bu isə, öz növbəsində sözügedən zərərli vərdişlərlə mübarizədə ciddi çətinliklər yaradır, tibb yetərincə yüklənir, həkimlər bəzən aciz qalırlar.Həkim sonra təbir iştirakçılarına adi insanlar arasında narkomanları necə fərqləndirməyin sirrini öyrədib.
Ekspert Cəmilə Fəyyaz, “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin sədri Sürəyya Məmmədova və digər qonaqlar mövzu ilə bağlı fikirlərini bölüşüblər. Bildiriblər ki, cəmiyyətdə bir problem digərini yaradır.Natiqlər bu problemlə mübarizədə hər kəsi həssas olmağa çağırıblar.
Tədbir sual-cavab şəklində davam edib, iştirakçilar öz fikirlərini bildiriblər, zərərli vərdişlər, o cümlədən narkomaniya ilə mübarizə üçün təkliflərini səsləndiriblər, ekspertlərə suallarını veriblər.
Qeyd edək ki, layihənin icra müddəti üç aydır.