Şirvanda milli inkişafın ekoloji istiqamətlərinin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan Milli İnkişaf Layihəsi İctimai Birliyi tərəfindən icra olunan “Milli inkişafın ekoloji istiqamətlərinin təşviqi” layihəsi çərçivəsində Şirvan şəhərində tədbir keçirilib.
Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin Akt zalında keçirilən görüşdə ilk çıxış edən “Milli inkişafın ekoloji istiqamətlərinin təşviqi” layihəsinin rəhbəri Leyla Rəcəbzadə 50-dən çox iştirakçını salamlayaraq, təmsil etdiyi təşkilatın təşəbbüs və ideyalarını dəstəklədiyinə görə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə təşəkkürünü bildirib.Əlavə edib ki, Agentlik hər il elan etdiyi müsabiqələrdə Azərbaycanda ekologiya və ətraf mühitin qorunması mövzularına xüsusi həssaslıqla yanaşır.Layihə rəhbəri xatırladıb ki, Azərbaycan Respublikası Şirvan Şəhər İcra Hakimiyyətinin rəhbərliyi bu cür maarifləndirici tədbirlərin keçirilməsinə həssaslıqla yanaşır, qeyri-hökumət təşkilatlarının təşkilatı işlərinə diqqət göstərir.
Layihə rəhbəri daha sonra nəzərə çatdırıb ki, ekoloji problemlər müasir dünyada getdikcə daha çox narahatlıq doğuran məsələlərdən birinə çevrilib. Çin, Hindistan kimi böyük dövlətlərin iri şəhərlərində ekoloji problemlər, havanın, suyun çirklənməsi böhran həddinə çatıb. Canlılar aləmini təhdid edən qlobal istiləşmənin sürətlənməsində də ekoloji problemlərin, atmosferdəki zərərli qazların artmasının rolu artıq geniş miqyasda qəbul olunur.Təsadüfi deyil ki, ekoloji tarazlığın və ətraf mühitin qorunması Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Son illərdə bu sahədə görülən işlər daha intensiv və genişmiqyaslı xarakter alıb.
Leyla Rəcəbzadə ölkəmizin bu istiqamətdə beynəlxalq uğurlarından da danışıb və vurğulayıb ki, BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) 29-cu Konfransının 11-22 noyabr tarixlərində Bakı şəhərində planlaşdırılması Azərbaycanın dünya çapında nüfuzunun artmasından xəbər verir. COP29 konfransı zamanı, Azərbaycan öz zəngin mədəni irsini və təbii gözəlliklərini nümayiş etdirməklə yanaşı, ekoloji dayanıqlılıq və yaşıl texnologiyaların inkişafı istiqamətində öz səylərini də dünya ictimaiyyətinə təqdim edəcək.Layihə müəllifi layihəni həm də bu məqsədlə – milli inkişafın ekoloji istiqamətlərinin təşviqinə dəstək üçün ərsəyə gətirdiyini nəzərə çatdırıb.
Şirvan Rayon İcra Hakimiyyətinin İctimai-siyasi Humanitar məsələlər şöbəsinin müdir müavini Rafael Nəsirov, Azərbaycan Milli İnkişaf Layihəsi İctimai Birliyinin sədri Rauf Rəcəbov, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf Mühitdən İstifadənin Tənzimlənməsi və Ekoloji Maarifləndirmə Sektorunun aparıcı məsləhətçisi Səbuhi Şərifov və digər qonaqlar da mövzu ilə bağlı fikirlərini bölüşüblər, görülən işlərdən danışıblar.
Tədbir sual-cavab şəklində davam edib, iştirakçilar öz fikirlərini bildiriblər. Şirvan, ümumiyyətlə, Azərbaycanda ekologiya və ətraf mühitin qorunması ilə bağlı təkliflərini səsləndirir, ekspertlərə suallarını veriblər.
Qeyd edək ki, layihənin icra müddəti üç aydır.