YAP bu şəxsləri cəzalandıracaq – Təftiş komissiyasının üzvündən açıqlama
Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyası sentyabrın 1-i keçiriləcək növbədənkənar parlament seçkilərində 125 namizədlə iştirak edəcək. Artıq YAP-ın siyahısı hazırdır və cəmiyyətə təqdim olunub.
Lakin bəzi hallarda partiya üzvü olan şəxslər İdarə Heyətinin qərarını məhəl qoymayaraq, müxtəlif dairələrdən öz namizədliklərini irəli sürürlər. Bu isə müəyyən müzakirələrə səbəb olur.
Bəs görəsən, belə hallar olacağı təqdirdə hakim partiya həmin üzvlərlə bağlı hansısa cəza və tənbeh tədbiri görəcəkmi?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş komissiyasının üzvü, deputat Elman Nəsirov bildirib ki, partiya daxilində demokratik əsaslara söykənən ciddi nizam-intizam var:
“Hər kəsin bildiyi kimi, Yeni Azərbaycan Partiyası cənubi Qafqazın ən böyük partiyasıdır və üzvlərinin sayı az qala 800 minə çatır. Doğrudan da partiya 1993-cü ildən indiyə qədər keçirilən bütün prezident, parlament və bələdiyyə seçkilərinin qalibi olub. Budəfəki növbədənkənar parlament seçkilərinə də qələbə əzmi ilə gedir. Partiyada çox ciddi nizam-intizam var. Demokratik əsaslarla formalaşan partiya olaraq, YAP həm də ümumxalq partiyasıdır. Biz partiya olaraq, nizam-intizam məsələlərinə çox ciddi həssaslıqla yanaşırıq. Təbii ki, hər bir vətəndaşın 18 yaşından etibarən seçmək və seçilmək hüququ var. YAP bu seçkilərə qələbə əzmiylə gedir. Adətən biz görmüşük ki, partiya parlamentdə 70-75 deputatla təmsil olunub”.
Elman Nəsirov partiyanın icazəsi olmadan öz namizədliyini irəli sürən üzvlərlə bağlı da münasibət bildirib:
“Burada partiya siyahısından kənar, YAP-dan öz namizədliyini irəli sürərkən, həmin şəxslər partiya əzminə müəyyən mənada maneə ola biləcək amilə çevrilir. Yəni Yeni Azərbaycan Partiyasının siyahıda olan namizədi ilə yanaşı, fərdi şəkildə öz namizədliyini irəli sürən YAP-çı da partiyanın əsas namizədinin qalib gəlməsinə maneə olmuş olur. Bu partiyadakı nizam-intizam və yekdillik prinsiplərinə uyğun gəlmir”.