Ukrayna XİN-nin departament direktoru Miqrasiya Xidmətində
Dövlət Miqrasiya Xidmətinin rəisi Ukrayna Xarici İşlər Nazirliyi Konsulluq Xidməti Departamentinin direktoru ilə görüşüb.Aktor.Az xəbər verir ki, görüşdə Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Azərbaycanla Ukrayna arasında mövcud dostluq münasibətləri barədə söhbət açıb. Qeyd edib ki, Azərbaycan və Ukrayna istər ikitərəfli, istərsə də çoxtərəfli müstəvidə sıx əməkdaşlıq edir.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə dövlətlərimizin ikitərəfli münasibətlərinin əsasını təşkil edən “Azərbaycan Respublikası və Ukrayna arasında dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında” müqavilə, o cümlədən “Azərbaycan Respublikası və Ukrayna arasında dostluq və strateji tərəfdaşlıq haqqında” bəyannamə xatırlanıb. Bundan başqa “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında vətəndaşların vizasız gediş-gəlişi haqqında”, həmçinin “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Ukrayna vətəndaşlarının və Ukrayna ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və sosial müdafiəsi haqqında” sazişlərin əhəmiyyətinə toxunulub.
Xidmət rəisi məlumat verib ki, ötən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərində rəsmi İrəvanın planlı şəkildə həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 250 mindən çox azərbaycanlı indiki Ermənistan ərazisi olan öz doğma yurdlarından zorla qovulub və onlar Azərbaycana pənah gətirib. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin – Dağlıq Qarabağın, eləcə də ona bitişik olan 7 rayonun işğalı ilə 700 mindən çox azərbaycanlı məcburi köçkünə çevrilib və respublikanın müxtəlif rayonlarında müvəqqəti məskunlaşıb. Münaqişənin tezliklə, sülh yolu ilə həlli, işğal olunmuş ərazilərin Ermənistan silahlı qüvvələrindən azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə 25 ildən çoxdur ki, icra olunmayıb.
Firudin Nəbiyev deyib ki, son illər Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda sürətli sosial-iqtisadi inkişafın təmin edilməsi, enerji-nəqliyyat və digər sahələrdə beynəlxalq layihələrin həyata keçirilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, həmçinin ölkəmizin coğrafi mövqeyi miqrasiya proseslərinin daha da intensivləşməsinə, Azərbaycanın miqrasiya baxımından mənşə ölkəsindən təyinat ölkəsinə çevirilməsinə səbəb olub.
Hazırda dünyada cərəyan edən qloballaşma fonunda Azərbaycan regionda gedən miqrasiya proseslərinə təsir etmək, ölkə ərazisinə olan miqrasiya axınlarını nəzarətdə saxlamaq və ölkə daxilində miqrasiya proseslərini yerli qanunvericiliyə uyğun idarə etmək və tənzimləmək üçün fəal miqrasiya siyasəti yeridir. Müasir dünyada miqrasiya proseslərinin tənzimlənməsi, miqrantların hüquqlarının qorunması ən aktual problemlərdən biridir deyən Xidmət rəisi əlavə edib ki, Azərbaycan üçün də miqrasiya proseslərinin beynəlxalq normalara uyğun tənzimlənməsinin təmini, miqrantların hüquqlarının müdafiəsi prioritet istiqamətlərdəndir. Bu günə qədər miqrantlara münasibətdə ölkəmizdə milli, etnik və dini zəmində heç bir hüquq pozuntusu qeydə alınmayıb.
Görüşdə qeyd olunub ki, Ukrayna Dövlət Miqrasiya Xidmətinin sədri Maksim Sokolyukun qarşıdakı aylarda ölkəmizə gözlənilən səfəri zamanı “Azərbaycan Respublikası ilə Ukrayna arasında miqrasiya sahəsində əməkdaşlığa dair” Sazişin imzalanmasının mümkünlüyü nəzərdən keçirilir. Həmçinin “Azərbaycan Respublikası və Ukrayna arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş layihəsinin razılaşdırılması istiqamətində də müvafiq işlər davam etdirilir.
Firudin Nəbiyev vurğulayıb ki, Dövlət Miqrasiya Xidməti hər zaman əməkdaşlığa açıqdır. O,əmin olduğunu söyləyib ki, bu səfər ikitərəfli əməkdaşlığın inkişaf etməsinə öz töhfəsini verəcəkdir.
Ukrayna Xarici İşlər Nazirliyi Konsulluq Xidməti Departamentinin direktoru Sergey Poqoreltsev səmimi görüşə görə minnətdarlıq edib.
Görüşdə qarşılılı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Ukraynanın ölkəmizdəki səfiri Aleksandr Mişenko görüşdə iştirak edib.