QHT-lər üçün “COP29-la bağlı beynəlxalq təşəbbüslər” müsabiqəsi elan edildi
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi birgə qrant müsabiqəsi elan edir
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birgə QHT-lər üçün “COP29-la bağlı beynəlxalq təşəbbüslər” müsabiqəsini elan edib.
Müsabiqə üzrə sənədlərin qəbuluna 2024-cü il iyul ayının 16-dan başlanacaq. Müraciət üçün son tarix 16 avqust 2024-cü ildir. Bundan sonra QHT-lərdən toplanmış sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək və qaliblər müəyyənləşdiriləcək.
Təqdim olunan layihələr qlobal iqlim dəyişmələri mövzusuna uyğun olmalıdır.
Qrant məbləğlərinin yuxarı həddi və icra müddəti:
Orta Qrant Müsabiqəsi (OQM) üzrə qrant məbləğinin yuxarı həddi – 30000 manat (icra müddəti 6 ayadək)
Böyük Qrant Müsabiqəsi (BQM) üzrə qrant məbləğinin yuxarı həddi – 50000 manat (icra müddəti 6 ayadək)
Müsabiqədə iştirak üçün tələblər:
Qrant müsabiqəsində QHT-lər yalnız koalisiya şəkildə iştirak edə bilər. Prosedurlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 sentyabr 2023-cü il tarixli 327 və 328 nömrəli Qərarınlarına uyğun aparılır (yerli QHT-lərə münasibətdə).
Koalisiya kimi müsabiqədə iştirak edən QHT-lər üçün tələblər:
– Koalisiya minimum “1 yerli QHT (Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış) + 1 xarici QHT” formatına uyğun gəlməlidir;
– Koalisiyada əsas icraçı yalnız yerli QHT olmalıdır;
– Koalisiyanın yaradılması barədə üzv olan bütün yerli və xarici QHT-lər tərəfindən təsdiqlənmiş protokol təqdim olunmalıdır (azərbaycan və ingilis dilində)
– Koalisiyada təmsil olunan xarici təşkilatlar haqqında ətraflı məlumat təqdim olunmalıdır (təmsil etdiyi ölkə, fəaliyyət sahəsi, təcrübəsi, sayt və s. digər məlumat mənbələri);
– Koalisiyada iştirak edən QHT-lərin işçi heyətinin beynəlxalq formatda layihə idarəetmə təcrübəsi və imkanları olmalıdır;
– Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrində qalib olan və öhdəliyi 16 avqust 2024-cü il tarixinə qədər tamamlanmayan QHT-lər koalisiyada əsas icraçı ola bilməz;
– 1 QHT yalnız 1 koalisiyada təmsil oluna bilər;
– Koalisiya hər 2 müsabiqəyə (OQM və BQM) layihələr təqdim edə bilər, bu halda müsabiqə tələblərinə cavab verən layihələrdən yalnız 1-i maliyyələşdiriləcək.
Müsabiqədə üstünlük verilən meyarlar:
• Əsas icraçı QHT-nin özünün və ya koalisiyada xarici tərəfdaş qismində iştirak edən təşkilatın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransında (COP) müşahidəçi statusa (observer status) malik olması və əvvəlki COP-lar, eləcə də iqlim dəyişmələri məsələləri ilə bağlı beynəlxalq təcrübəsinin olması;
• Xarici tərəfdaş qismində iştirak edən UNFCCC müşahidəçi statusa malik təşkilatın inkişaf etməkdə olan ölkələrdən (İEOÖ-dən), xüsusilə ən az inkişaf etmiş ölkələrdən, inkişaf etməkdə olan kiçik ada ölkələrindən olması;
• Təqdim olunan layihə ilə bağlı koalisiyada təmsil olunan xarici tərəfdaşdan dəstək məktubunun olması.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 sentyabr 2023-cü il tarixli, 327 nömrəli Qərarına uyğun olaraq müsabiqə üçün tələb olunan sənədlər:
• layihə təklifi (nümunə əlavə olunur – orta, böyük qrantlar üzrə, məntiqi çərçivə);
• layihənin icra planı (nümunə əlavə olunur);
• layihənin xərclər smetası (nümunə əlavə olunur);
• layihə büdcəsinin maliyyə əsaslandırılması (nümunə əlavə olunur);
• Koalisiyada iştirak edən hər bir yerli QHT-nin nizamnaməsinin, qeydiyyat şəhadətnaməsinin və hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının surətləri;
• QHT-nin vergi uçotu haqqında şəhadətnaməsinin surəti (yerli QHT-lərə münasibətdə);
• QHT-nin səlahiyyətli nümayəndəsinin şəxsiyyətini təsdiq edən sənədlərin surəti (yerli QHT-lərə münasibətdə);
• Qrant məbləğinin köçürüləcəyi əsas icraçı QHT-nin bank hesabı barədə məlumatlar;
• Koalisiyada iştirak edən hər bir yerli QHT-nin Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların siyahısı”nda nəzərdə tutulan qurumlardan qrant alıb-almaması haqqında məlumat (nümunə əlavə olunur);
• Əsas icraçı QHT-nin OQM üzrə son 3 il ərzində fəaliyyəti, həyata keçirdiyi layihələr, habelə proqramlar barədə azı 10, BQM üzrə son 5 il ərzində fəaliyyəti, həyata keçirdiyi layihələr, habelə proqramlar barədə azı 20 fərqli informasiyanın media subyektlərində yayılmasını təsdiq edən sənəd (nümunə əlavə olunur);
• Yerli və xarici QHT-lər tərəfindən təsdiqlənmiş protokol (nümunə əlavə olunur);
• Koalisiyada təmsil olunan xarici təşkilatlarla bağlı ərizə forması (nümunə əlavə olunur).
Aşağıdakı layihələr müsabiqəyə buraxılmır:
• Məzmunu Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları və Nazirlər Kabinetinin 14 sentyabr 2023-cü il tarixli 327 və 328 nömrəli Qərarları ilə ziddiyyət təşkil edən layihələr;
• Əvvəllər keçirilən müsabiqələrin nəticələrinə görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilmiş eyni məzmunlu layihələr;
• Qrant müqaviləsi üzrə öhdəliklərini pozduğuna görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən müsabiqədə iştirak hüququndan məhrum edilmiş və eləcə də Agentlik qarşısında debütor borcu olan QHT-lərin layihələri.
Layihələrin qiymətləndirmə meyarları
Texniki ekspertizadan keçdikdən sonra layihələr aşağıdakı meyarlar üzrə 100 ballıq sistem üzrə qiymətləndirilir:
• layihənin məqsədinin aydınlığı;
• layihənin innovativliyi;
• layihənin icra müddətinin əsaslandırılması və davamlılığı;
• layihənin büdcəsinin qrant məbləğinə uyğun olması;
• QHT-nin və işçi heyətin müvafiq layihə mövzusuna uyğun təcrübəsi;
• layihə üzrə risklərin təhlili;
• layihə üzrə benefisiarların düzgün müəyyən edilməsi;
• layihənin icrası zamanı müvafiq tərəfdaşlarla və media ilə əməkdaşlıq;
• QHT-nin təqdim etdiyi layihə mövzusunun nizamnamə məqsədlərinə uyğunluğu;
• layihədən gözlənilən nəticələr.
Texniki tələblər:
• Əsas icraçı QHT layihəni Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin saytında (https://ngoagency.gov.az/az) xüsusi bölmə vasitəsilə elektron qaydada təqdim edir (müvafiq bölmə 2024-cü il 16 iyul-16 avqust tarixlərində Agentliyin saytında aktiv olacaq);
• Şəxsən, poçtla və ya e-poçt vasitəsilə təqdim olunan layihə təkliflərinə dair sənədlər qəbul olunmur.
Əlaqə vasitələri:
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi,
Yasamal rayonu, Hüseyn Cavid prospekti, 520-ci məhəllə, ev 20.
office@ngoagency.gov.az (+994 12) 493-15-81