“Vətənə dönüb, günahını etiraf edənlərə qarşı münasibətdə fərqli baxış ola bilir” – Elman Nəsirov
“Jurnalist Şirin Abbasov 9 il öncə – 2015-ci ildə Azərbaycanın dövlət sərhədini qeyri-qanuni yolla keçərək Almaniyaya mühacirət edib və barəsində Cinayət Məcəlləsinin 318-ci maddəsi ilə cinayət işi açılmışdı. Cari ilin iyun ayının 14-də isə Şirin Abbasov Bakıya qayıdıb. O, açılmış cinayət işinə müvafiq olaraq Hava Limanında saxlanılıb. Baş Prokurorluğun təqdimatına əsasən, Binəqədi Rayon Məhkəməsi Abbasovun sərbəst buraxılması ilə bağlı qərar qəbul edib. Burada humanizm prinsipləri əsas götürülür. Yəqin ki, Şirin Abbasov törətdiyi cinayət əməlinin fərqindədir, günahını boynuna alıb. Belə olan vəziyyətdə bir daha eyni əmələ imza atmayacağına dair öhdəlik götürüb. Məhkəmə də müvafiq qərar qəbul edib”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Deputat bildirib ki, Ş.Abbasovun fəaliyyəti və atdığı addımlar qanunlara tamamilə zidd olub: “İndiki şəraitdə isə onun davranışı və mövqeyi məhkəmənin bu addımını şərtləndirib. Düzgün yola qayıdanlar, Vətənə dönüb, öz günahını etiraf edənlərə, pis əməllərindən əl çəkənlərə qarşı münasibətdə fərqli baxış ola bilir. Bu, Azərbaycan dövlətinin humanist mövqeyindən irəli gəlir. Əsas budur ki, insan düz yola qayıtsın və tutduğu cinayət əməlinin fərqində olsun. Bilsin ki, bu yol onun bir şəxsiyyət kimi deqradasiyasına aparıb çıxarır. Nə qədər gec deyil, cinayət yolundan geri qayıtmağın özü də uğurdur. Oxşar yolu seçmiş və bu gün xarici ölkələrdə yaşayan, gecə-gündüz anti-Azərbaycan təbliğatı aparanlar papaqlarını qarşılarına qoyub, düşünsünlər. Nə qədər gec deyil, bəd əməllərdən imtina etsinlər. Belə olan vəziyyətdə istisna deyil ki, onların hərəkətlərinə, törətdikləri qanunazidd addımlara yenidən baxıla bilər. Dövlətimizin humanist mövqeyini heç vaxt yaddan çıxarmasınlar”.