“Elektron xidmətlərdən istifadənin təşviqi” layihəsinə start verilib
“Davamlı Elmi-Sosial İnkişaf” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01 iyun 2024-cü il tarixindən “Elektron xidmətlərdən istifadənin təşviqi” layihəsinin icrasına start verib.Layihə rəhbəri Reyhanə Hacıyevanın bildirdiyinə görə, layihə 3 ay müddətində (01 iyun-31 avqust 2024-cü il) icra olunacaq.Ucar və Oğuz rayonlarında həyata keçiriləcək hər tədbirdə 40 nəfərin iştirakı nəzərdə tutulub. Tədbirdə layihə rəhbəri və təşkilat tərəfindən dəvət olunacaq ekspertlər, mütəxəssislər də iştirak edəcək.
Məlum olduğu kimi, Azərbaycan açıq hökumət prinsiplərinin tətbiqi və bu sahədə reallaşdırılan davamlı və məqsədyönlü fəaliyyətlər nəticəsində böyük uğurlara imza atmış və zəngin təcrübə əldə etmişdir. Həyata keçirilmiş fəaliyyətlərdə açıq hökumət prinsipləri əsas götürülmüş və nəticədə dövlət idarəçiliyində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsinə, informasiyanın əldə edilməsində açıqlığın təmin edilməsinə, ictimai iştirakçılığın artmasına nail olunmuşdur.
Dövlət xidmətlərində müasir informasiya və kommunikasiya texnologiyalarının geniş tətbiqi və innovativ yanaşmalardan istifadə bu sahəsində dövlət siyasətinin prioritetlərindən biri kimi müəyyənləşdirilmişdir.
Bu sahədə uğurlardan biri Elektron Hökumət İnformasiya Sisteminin yaradılmasını qeyd edə bilərik ki, hazırda burada ümumilikdə 450-dən çox elektronlaşdırılmış xidmətin təqdim olunması təmin edilir. Beləliklə, “Elektron Hökumət” – müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsininə şərait yaradır. Yaradılan imkanların əsas məqsədi dövlət qulluqçuları və vətəndaşlar arasında olan “məsafəni” azaltmaq, həmçinin, bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır.
Beləliklə, ölkəmizdə ötən dövr ərzində açıq hökumət prinsiplərini özündə əks etdirən institusional və qanunvericilik bazasının formalaşdırıldığını, geniş miqyaslı islahatlar aparıldığını və açıq hökumətin təşviqini təbliğ edən dövlət proqramlarının uğurla edildiyini və effektiv nəticələr əldə edildiyini əminliklə deyə bilərik. Bununla yanaşı qeyd edilməlidir ki, əhalinin sosial cəhətdən həssas qrupları arasında dövlət orqanları tərəfindən tətbiq edilən elektron xidmətlər barədə məlumatlılıq və onlardan istifadə geniş yayılmamışdır, yaxud xidmətlərin əldə edilməsində savadlılıq yüksək deyildir.Layihənin də məqsədi bu sahədə mühüm işlərin təşkilidir.
Reyhanə Hacıyeva onu da bildirib ki, layihə çərçivəsində müxtəlif vaxtlarda internet tv-də layihə rəhbəri və mövzu üzrə ekspertlərin iştirakı ilə 4 veriliş ərsəyə gətiriləcək. Ekspertlərlə efir görüşündə qaldırılmış məsələlərin müzakirəsi, onların mümkün həlli yolları üçün təkliflərin verilməsi nəzərdə tutulur.