Deputatın Rusiyanın Xankəndində Baş Konsulluq açmaq istəyinə mövqeyi –
Rusiya Xankəndində Baş Konsulluq açmaq istəyi ilə bağlı Azərbaycan tərəfinə öz arzusunu çatdırıb. Bu barədə TASS agentliyi yazıb.
Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə söyləyib ki, “Rusiya Xankəndidə yaxın vaxtlarda baş konsulluğunun açılışı üçün hazırlıqlara başlayacaq və bu işdə Azərbaycanın dəstəyinə ümid edir”.
Azərbaycan Xarici İşlər Nazirliyinin bununla bağlı hər hansı mövqeyi açıqlanmayıb.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü deputat Elman Nəsirov hesab edir ki, Rusiyanın Xankəndində Baş Konsulluq açmasının ciddi əsasları yoxdur.
“Rusiya sülhməramlıları Qarabağda idi, lakin Qarabağdan çıxarılıb və onların Qarabağda hərbi təmsilçiliyi, hərbi mövcudluğu yoxdur. Söhbət hərbi təmsilçiliyin diplomatik təmsilçilik ilə əvəzlənməsindən gedir. O yerlərdə səfirlik, konsulluq açılır ki, orada insanların konsulluğa müraciəti üçün əsaslar yaransın. Bu nöqteyi-nəzərdən yanaşsaq, orada erməniəsilli vətəndaşlar yaşamır və bu konsulluğa kim müraciət edəcək? Bunun özü də sual altındadır. Rusiyanın Bakıda səfirliyi var, səfirlikdə konsulluq xidməti də fəaliyyət göstərir. Bu konsulluq fəaliyyətindən Azərbaycanlılar da istifadə edə bilirlər. Xüsusi olaraq bunun Qarabağda açılmasına ciddi əsaslar yoxdur. Bəzən belə fikirlərə rast gəlinir ki, bu addımın atılması gələcəkdə yenidən Qarabağdan gedən erməniəsilli vətəndaşların geri qayıtması istiqamətində bir siqnaldır və buna şərait yaradılır. Ermənistanın siyasi rəhbərliyi dəfələrlə qeyd edib ki, Qarabağa geri dönüş yoxdur. Ermənistan hakimiyyəti bunun əleyhinədir. Belə olan halda konsulluğun açılması üçün heç bir əsas yaranmır”, – Nəsirov deyib./ anews.az/