Yüksək dəyərin təcəssümü – Elman Nəsirovun şərhi
Bütün qitələrdən göndərilən məktublar Azərbaycan Prezidentinə olan hörmət və ehtiramın ifadəsidir
“İlk dəfədir ki, Müstəqillik Gününü ərazi bütövlüyümüzün və suverenliyimizin tam və qəti şəkildə təmin edildiyi reallıqda qeyd edirik. Bundan qürur duyur, fəxarət hissi keçiririk. Təsadüfi deyil ki, bütün qitələrdən dövlət və hökumət başçıları Prezident İlham Əliyevə təbrik məktubları göndərirlər”.
Bunu açıqlamasında Milli Məclisin deputatı, YAP Təftiş Komissiyasının üzvü, siyasi elmlər doktoru, professor Elman Nəsirov deyib.
Deputat bildirib ki, ABŞ Prezidenti Cozef Bayden təbrik məktubunda Azərbaycanın enerji təhlükəsizliyi, regional təhlükəsizlik və terrorizmə verdiyi töhfəni yüksək qiymətləndirdiyini bildirib. Eyni zamanda o, Azərbaycanın iqlim dəyişiklikləri və “yaşıl enerji”yə keçid sahəsində qazandığı uğurlara toxunaraq, bu siyasəti dəstəklədiyini qeyd edib.
Eyni mövqeyi digər böyük dövlətlərin rəhbərlərindən də eşidirik. Çin rəhbərinin, Rusiya Prezidenti Vladimir Putinin məktublarında da Prezident İlham Əliyevin rəhbərliyi altında qazandığı tarixi uğurlar, zəfərdən bəhs olunub, Azərbaycanla əməkdaşlığın inkişafında maraqlı olduqlarını vurğulayıblar. “Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə qardaşlığının dünya üçün nümunə olduğunu bildirib, dostluğumuzun və qardaşlığımızın sarsılmazlığından bəhs edib. O, Azərbaycanın qazandığı tarixi uğurlardan məmnunluğunu ifadə edib. Amma bu reallıqlar fonunda Fransa prezidenti susur. Bu, əslində, diplomatik qaydaların pozulmasıdır”, – deyə o əlavə edib.
E.Nəsirov qeyd edib ki, Makron beynəlxalq hüququ o qədər tapdalayıb ki, onun üçün diplomatik qaydaları pozmaq artıq adi bir davranışa çevrilib. Dənizaşırı ölkələrdə müstəmləkəçiliyə qarşı etirazları qan içində boğan bir liderdən başqa bir yanaşma gözləməyin də mənası yoxdur. Hətta o, Azərbaycan Prezidentini təbrik etsə belə, səmimiliyinə inanmaq olmaz. Çünki təpədən dırnağa qədər erməni maraqlarına və mənafeyinə xidmət edən bir şəxs heç bir halda səmimi ola bilməz.
Deputat vurğulayıb ki, dünyanın aparıcı dövlətlərinin liderləri tərəfindən və bütün qitələrdən Azərbaycanın dövlət başçısına göndərilən məktublar ölkəmizin rəhbərinə olan hörməti, diqqəti ifadə edir. Bütün bunlar Azərbaycan dövlətinə olan xoş münasibətin göstəricisidir.