“Cümhuriyyətin 100 illiyi ilə bağlı ciddi işlər görülmür” – Fazil Mustafa
“Cümhuriyyətin yüzilliyinə ciddi hazırlıq işlərinin görülməsi müşahidə olunmur. Mədəniyyət Nazirliyi və başqa qurumlar tərəfindən filmlərin ərsəyə gətirilməsi tamamlanmalı idi. Bəlkə də hansısa işlər görülür, amma xəbərim yoxdur. Hesab edirəm ki, ictimaiyyətə görülən işlər barədə məlumat verilməli idi”.Bu sözləri AzEdu.az saytına açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.
Deputat qeyd edib ki, bu istiqamətdə Milli Elmlər Akademiyasında da hansısa ciddi işlərin görülməsindən xəbərsizdir. Onun fikrincə, bu vaxta qədər bir çox sənədlər və kitablar, artıq hazır olmalı idi:
“Akademiya erməni soyqırımı ilə bağlı da böyük işlər görməliydi. Nəzərə alsaq ki, artıq soyqırımının 100 illiyinə 10 gün qalıb, deməli, bu imkanı əldən veriblər. Ən azından, təbliğat nöqteyi-nəzərdən qalıcı tədbirlərə imza atmaq olardı. Məsələn, yaddaşlara həkk olunmaq üçün filmlər, kitablar mütləq ərsəyə gəlməli idi. Yubileylərlə bağlı cəmi bir günlük təşkil olunacaq müəyyən ziyafətlər, konfranslar unudulub gedəcək.
Ölkə prezidenti bu sahədə lazımi işlərin görülməsi ilə bağlı sərəncam verərək üzərinə düşəni edib. Əgər yerinə yetirilmirsə, bunun başqa açıqlaması yoxdur”.
Qeyd edək ki, 2018-ci il martın 31-də azərbaycanlıların soyqırımı, mayın 28-də isə müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur.
Bununla əlaqədar, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli Sərəncam imzalayıb. Sərəncamda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin respublikada dövlət səviyyəsində geniş təşkil olunması qeyd edilib.