“ATƏT-in Minsk qrupu özünü buraxdığını elan etməlidir” – Millət vəkili
Azərbaycan Prezidenti İlham Əliyev mayın 14-də ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri İan Borqunu qəbul edərkən Minsk qrupunun və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin zəruri olduğu fikrini bir daha ona xatırladıb. İlham Əliyev ATƏT sədri ilə əvvəlki görüşündə də Minsk qrupunun tarixə qovuşduğu söyləyib.
Mövzuya münasibət bildirən millət vəkili Elman Nəsirov də düşünür ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti münaqişəni dondurmaqdan ibarət olsa da, onlar bunu icra edə bilmədilər. Millət vəkili Metbuat.az-a deyib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə vurğulayıb ki, ATƏT-in Minsk qrupu öz missiyasını yerinə yetirə bilmədi:
“Bu qrupun əsas niyyəti status-kvo vəziyyətinin qoruyub saxlayaraq əbədi olaraq belə davam etməsinə çalışmaq idi. Minsk qrupu istəyirdi ki, Azərbaycan torpaqları Ermənistanın işğalı altında qalsın. Onlar bu prosesi pərdələmək üçün diplomatik danışıqlar formatı icad etmişdilər. Sonsuz sayda regiona səfərlər edir və bu səfərlər çərçivəsində heç bir irəliləyişə nail olmurdular. Eyni zamanda, ATƏT- in iki dəfə faktaraşdırıcı missiyası işğal altındakı ərazilərdə oldu. Torpaqlarımızın işğaldan azad olunmasından sonra gördüyümüz erməni vəhşiliklərini onlar daha erkən görmüşdülər. Bəs bu nəyi dəyişdi? Deməli, ATƏT-in Minsk qrupu əslində münaqişəni həll etmək üçün deyil, Azərbaycan torpaqlarının işğal altında qalmasını daimi və permonent etmək üçün yaradılıbmış”.
Millət vəkili vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam qəti və əbədi təmin edilib. Belə olan vəziyyətdə bu qrup öz-özünü buraxmalıdır:
Minsk qrupu tarixə qovuşmalıdır. Onun fəaliyyəti hüquqi baxımdan dayandırılmalıdır. Bu reallığı Azərbaycan Prezidenti açıq şəkildə ATƏT-in rəhbərliyinə söyləyib. Artıq zaman gəlib çatıb. İndi Ermənistan və Azərbaycan sülh müqaviləsi imzalamağın bir addımlığındadır. Hesab edirəm ki, bu reallıqda ən düzgün addım ATƏT-in Minsk qrupunun özünü buraxmasını elan etməsi olacaq”.