GündəmManşetMüsahibəSiyasətXəbər xətti

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

“ABŞ-nın Minsk qrupunun həmsədri kimi fəaliyyəti münaqişənin dondurulmasına və hansısa zamanda Azərbaycanı Qarabağın itirilməsinə yol açacaq referenduma sürükləmək olub”

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibəsini oxuculara təqdim edirik:

– Qüdrət bəy, ABŞ səfirinin müsahibəsi ilə tanış ola bilmisinizmi? Tanış olmusunuzsa fikirlərinizi bilmək maraqlı olardı.

– Tanışam. Səfirlərin akkreditasiya olunduqları ölkələrin mətbuatına açıqlama verməsi müsbət haldır. Amma səfirin müsahibə zamanı ağır ifadələr işlətməsi diplomatik etikaya sığmır. Məsələn, deyir ki, “pulları hökumətinizin boğazına zorla itələmək fikrində deyilik”. İnsan haqları heç bir ölkənin daxili işi olmadığından səfirin bu mövzuda danışması normaldır.Ancaq səfir bilməmiş deyil ki, ABŞ bu mövzuya Azərbaycana təzyiq etmək lazım gələndə müraciət edir, xüsusi diqqət göstərir. ABŞ-ın sanksiya tətbiq etmək istədiyi şəxslərin siyahısına baxın: DTX sədri, müdafiə nazirinin müavini və s., Bu şəxslərin əksəriyyəti erməni işğalına və terroruna qarşı mübarizədə fərqlənmiş insanlardı. Səfir deyir ki, Azərbaycan xalqı 20 Yanvarı yaddan çıxarmamalı və Rusiyaya güvənməməliyik. Soruşmaq lazımdır ki, sizə güvənmək olar? 20 Yanvardan sonra Qarbaçovun islam ekstremizminə qarşı mübarizə apardığı deyilmədimi? Ona Nobel Sülh Mükafatı verilmədimi? İşğala məruz qalan Azərbaycana sanksiyanı ABŞ tətbiq etmədimi? Birləşmiş Ştatlar Qarabağdakı qanlı seperatçılara humanitar yardım adı altında kömək etmədimi? Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu bəyan etdimi? Yox!

ABŞ Azərbaycana müəyyən məsələlərdə dəstək olub. Biz də ABŞ-ın maraqlarına cavab verən çoxsaylı qərarlar qəbul etmişik. Biz ABŞ-la münasibətlərə həmişə önəm vermişik, bunun əksi yanlışlıq olardı. Amma ən mühüm problemimizlə bağlı ABŞ-dan dəstək ala bilməmişik. ABŞ-nın Minsk qrupunun həmsədri kimi fəaliyyəti münaqişənin dondurulmasına və hansısa zamanda Azərbaycanı Qarabağın itirilməsinə yol açacaq referenduma sürükləmək olub.

– Səfirin uydurma ittihamlarla insanların həbs olunması barədə dediklərinə münasibətiniz necədir?

– Azərbaycan hökuməti sərt qərarlarla kənar təsirlər nəticəsində ölkədə sabitliyin pozulmasına yol açacaq prosesləri önləmək istəyir. Qanunun aliliyini istəyənlər qanunlara hörmətlə yanaşmalıdırlar. Amma mən də hesab edirəm ki, jurnalist qızlar barədə həbs qətimkan tədbiri seçilməyə bilərdi. Biz şərqliyik və mentalitetimiz qərar qəbul olunarkən nəzərə alınmalıdır. Sabitliyin əsas təminatı xalqın iqtidarı dəstəkləməsidir, bunun üçün qeyri-populyar qərarlar qəbul olunmamalıdır. Mən hökuməti əfvlə yanaşı 28 Maya qədər ölkədə amnistiya aktı qəbul etməyə çağırıram.