Elməddin Behbud: “Seçkinin şəffaf keçirilməsi üçün bütün zəruri addımlar atılır”
“Biz bilirik ki, bütün ölkələrin həyatında ən vacib siyasi hadisələrdən biri seçkilərdir. Müvafiq qanunvericiliyə uyğun olaraq hər bir dövlətin vətəndaşları seçki vasitəsi ilə özünün idarəçilərini, hakimiyyət orqanlarını formalaşdırırlar. Bu cəhətdən düşünürəm ki, 11 aprel seçkilərinə də qeyd etdiyim kontekstdən baxmaq lazımdır. Ona fövqəladə bir don geyindirərək, ətrafında hansısa bir ajiotaj yaratmağa çalışaraq, qarayaxma kampaniyasını daha da gücləndirərək Azərbaycanda keçiriləcək 11 aprel seçkilərinə öncədən qiymət vermək cəhdləri tamamilə əbəsdir və nəticəsizdir”.
Aktor.az xəbər verir ki, bunu SİA-ya açıqlamasında Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyinin sədri Elməddin Behbud deyib.
Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyi seçki prosesinin hansı prosedurlar üzrə keçirilməsi ilə bağlı bütün bəndləri konkret olaraq özündə əks etdirir: “Azərbaycan Konstitusiyasının ona verdiyi yetkidən istifadə edərək cənab prezident İlham Əliyev 11 apreldə növbəti prezident seçkilərinin keçirilməsi ilə bağlı sərəncam verdi. Biz eyni zamanda bu sərəncamın daşıdığı mühüm siyasi əhəmiyyəti də bilirik. Prezident seçkilərinin keçirilməsi haqqında dövlət başçısının verdiyi qərar Azərbaycanın yerləşdiyi gərgin regionda geostrateji cəhətdən mümkün təhdidlərin önlənməsinə, ölkəmizin milli maraqlarına xidmət edən çox mükəmməl və uzaqgörən bir qərar oldu. Hazırda seçki prosesinin şəffaf, qanunvericiliyə uyğun keçirilməsi üçün bütün zəruri addımlar atılır.
Mərkəzi Seçki Komissiyasından (MSK) məntəqə seçki komissiyalarına qədər bütün seçki strukturları aktiv fəaliyyət göstərirlər və qanunlara və normativ aktlara uyğun olaraq üzərinə düşən bütün öhdəlikləri icra edirlər. Mərkəzi Seçki Komissiyası nəzdində yaradılan Müstəqil Media Mərkəzi də fəaliyyət göstərir. İstənilən kütləvi informasiya vasitəsi oradan istifadə etməklə seçki prosesi ilə bağlı məsələləri izləmək imkanına malikdir. Eyni zamanda prezident seçkilərində iştirak etmək istəyən siyasi qüvvələr və ona oppenent təşkil edən qüvvələr imzatoplama kampaniyasını başa vurublar. MSK artıq indiyədək 7 prezidentliyə namizədin namizədliyini təsdiq edib. Qarşıda prezidentliyə namizədlərin təbliğat və təşviqat prosesi dayanır. Təbii ki, bununla da bağlı MSK-nın müvafiq qərarları olacaq. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki missiyası Azərbaycanda prezident seçkilərini müşahidə etməklə bağlı qərar verib. Düşünürəm ki, bütün bunlar ölkəmizdə 11 aprel seçkilərinin azad, ədalətli, şəffaf bir şəkildə baş tutmasına şərait yaradır. Təbii ki, kim güclüdürsə, o da qalib gələcək.
Heç kimə sirr deyil ki, Azərbaycan kimi çətin geostrateji bir nöqtədə yerləşən dövlətdə həm sabitliyi bərqərar etmək, həm də ölkənin sürətli inkişaf mərhələsinə qədəm qoymasını təmin etmək bacarığına malik olan, Azərbaycan milli maraqlarını qətiyyətlə müdafiə edən cənab İlham Əliyevə ciddi siyasi alternativ yoxdur. Bunu bütün müxalifət nümayəndələri bilir. Amma təbii ki, seçki prosesi rəqabət mühitində keçəcək və hər kəs seçicini inandırmağa çalışacaq. Meydan açıqdır və bütün siyasi qüvvələr bərabər imkanlardan istifadə edərək güclərini sınayacaqlar”.