Millət vəkili: “Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamaq niyyətində deyil”
“Bu günləri Ermənistan dövlətinin ali siyasi, hərbi rəhbərliyinin atdığı addımlar göstərir ki, Ermənistan heç bir halda Azərbaycanla sülh müqaviləsi imzalamaq niyyətində deyil”.
Bu sözləri “Operativ Media”ya açıqlamasında millət vəkili Elman Nəsirov deyib.
“Məşhur bir deyim var: sabah baş verə biləcək hadisədə bu gün onun mütləq əlamətləri olur, amma kimlərsə o əlamətləri görür, kimlərsə görmür. Ermənistanın siyasi rəhbəri hətta işğal altındakı 8 kəndimizi geri qaytaracağı ilə bağlı fikirlər səsləndirsə də, onlar heç bir halda həyatda öz təsdiqini tapmır. Bu günə qədər biz torpaqlarımızı yalnız və yalnız hərbi yolla, müharibə yolu ilə döyüşlərdə geri ala bilmişik. Ermənistan heç bir halda torpağı beynəlxalq hüquqa söykənərək Azərbaycana qaytarmayıb, beynəlxalq hüququn tələblərindən çıxış edərək bu addımı atmayıb və indi də atmır. Paşinyan bir yandan sülhdən danışır, bir yandan da həm Qazax istiqamətində, həm Naxçıvan istiqamətində hərbi texnika və canlı qüvvə toplayır, artilleriya qurğuları gətirir. Bütün bu proseslər isə aprel ayının 5-də Brüsseldə Ermənistanın siyasi lideri ilə Avropa Komissiyasının sədri Ursula fon der Leyen və ABŞ-nin Dövlət katibi A. Blinken arasında keçirilən qapalı görüşlər fonunda baş verir. Bu görüşlərdə Ermənistana iqtisadi yardım vədləri verilsə də, müvafiq razılaşmalar əldə edilsə də, ancaq kim təminat verir ki, bu danışıqlarda Ermənistana ABŞ və Avropa İttifaqı təhlükəsizlik təminatı verilməyib? Kim təminat verir ki, bu danışıqlarda Üçtərəfli Hərbi Paktın imzalanması ilə bağlı ilkin razılaşma əldə edilməyib? Yəqin ki, bu danışıqlar konfidensial xarakter daşıdığından onun detalları açıqlanmır. Amma o detallar açıqlanır ki, onlar, əslində, məxfi deyil, iqtisadi, siyasi məsələlərlə bağlıdır”.