5 aprel görüşü fonunda Ermənistanda revaşizm daha da güclənə bilər – Millət vəkili
“Bu bir həqiqətdir ki, Rusiya ilə kollektiv Qərb arasında düşmənçilik münasibətləri pik həddə çatmaqdadır. Ukrayna cəbhəsində reallaşan konfrantasiya mühitinin artıq Cənubi Qafqaz regionuna transformasiyası istiqamətində addımlar atılmaqdadır. Bu addımların müəllifi Ermənistan və onu himayə edən Fransa başda olmaqla, bir sıra Qərb siyasi dairələridir”.
Bu fikirləri millət vəkili Elman Nəsirov Musavat.com-a 5 aprel görüşünü şərh edərkən bildirib.
E.Nəsirov vurğulayıb ki, Rusiyanı regiondan sıxışdırıb çıxarmaq üçün bütün imkanlar və potensial işə salınıb:
“Aprelin 5-də Brüsseldə keçiriləcək görüşün məqsədi də budur. Dövlət Departamentinin sözçüsü bu görüşün mahiyyətini dəyişməklə bağlı fərqli mövqe ortaya qoysa da, iqtisadi, Ermənistanda islahatlar, demokratiya və s. ilə bağlı məsələlərin müzakirə olunacağı, Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı heç bir məsələnin müzakirə edilməyəcəyini desə də, bu konteksdə Blinkenin cənab prezident İlham Əliyevə zəng etməsi, 5 aprel görüşünün mahiyyətini izah etməsi, narahatlıq üçün heç bir əsas olmaması ilə bağlı fikirləri arxayınlıq üçün elə də ciddi əsaslar vermir. Məsələnin gərginliyi ondan ibarətidr ki, Rusiyanı Cənubi Qafqazdan çıxarmaq üçün ABŞ və bütövlükdə kollektiv Qərb bütün mexanizmləri işə salıblar. Bu baxımdan Ermənistandan faydalanmaq istəyirlər. Rusiya və İranın kənar müşahidəçi statusunda qalacağına heç bir halda inanmaq mümkün deyil. İran hələ ki, passivlik nümayiş etdirir. Bu qəribə passivlikdir. Halbuki, İranın maraqlarına zidd olan üçüncü tərəflər, yəni regiondan kənar tərəflər-ABŞ, Fransa onun qonşuluğuna gəlib çıxa bilir. Bunun rəsmi Tehran üçün hansı ciddi problemlər yaradacağını proqnozlaşdırmaq o qədər də çətin deyil”.
O ki qaldı Rusiyanın mövqeyinə, millət vəkili hesab edir ki, Ermənistana münasibətdə real təsir və təzyiq mexanizmlərinin işə salınacağı ehtimal olunur:
“İlk növbədə iqtisadi təsirli rıçaqlar işə salına bilər. Məlum olduğu kimi, Rusiyanın dünya ölkələri ilə ticarət dövriyyəsinin həcmi 850 milyard dollardır. Ermənistanda isə bu rəqəm cəmi 7,3 milyard dollardır. Ermənistanın xarici ticarət dövriyyəsində Rusiya 35 faizlik paya malikdir. Rəqəmlər də bir çox məsələyə aydınlıq gətirir. Rusiyanın hərbi təsir imkanlarının gücü heç kəsdə şübhə doğurmur”.
E.Nəsirovun fikrincə, Ermənistanda revaşizm daha da güclənə bilər:
“Azərbaycanın Prezidenti cənab İlham Əliyev Blinkenlə telefon danışığında regionda baş verən son proseslərə, Fransanın Ermənistanı silahlandırmasına, bu silahlanma nəticəsində regionda sülh və təhlükəsizlik üçün ciddi təhdidlərin yaranmasına diqqət çəkib. Ölkə başçısı bildirib ki, Azərbaycan sülh prosesinə sadiqdir, Ermənistan isə heç bir real iş görmür. Qərbdən gələn dəstək fonunda, xüsusislə 5 aprel görüşü fonunda Ermənistanda revaşizm daha da güclənə bilər. Bu isə regionda yeni müharibəni labüd edə bilər ki, sülh prosesinə ciddi zərbə ola bilər. Bütün bu proseslərə görə məsuliyyət Ermənistan və ona himayədarlıq edən tərəflərin üzərinə düşür. Azərbaycan diplomatik fəaliyyətini gücləndirməkdədir. XİN də bəyanata qəbul edib. Azərbaycan süh istəyir amma istənilən vaxt da müharibəyə hazırdır. Bizim güclü ordumuz var. Vətəndaş həmrəyliyi hökm sürür. Xalq-hakimiyyət birliyi var. İqtisadiyyatımız güclüdür. Bu reallıqlar fonunda Azərbaycanla təzyiq dili ilə danışmaq siyasi dəlilikdir. Bu, heç bir tərəfə uğur gətirə bilməz”.