GündəmManşetSiyasətXəbər xətti

Türkiyədə keçirilən seçkilər nə ilə yadda qaldı? – RƏY

Martın 31-də Türkiyə Cümhuriyyətinin bütün ərazisində bələdiyyə seçkiləri keçirilib. Seçicilərin böyük qisminin qatıldığı seçkilər qardaş ölkədə demokratiyanın təntənəsi kimi qəbul edilir. Türkiyə yeni bir çətin imtahanı arxada qoydu. 34 partiyanın təmsilçiləri və müstəqil nümayəndələr bu gərgin yarışda yer aldılar. Seçkini ilk sırada başa vuran isə CHP oldu. Bəs Türkiyədə keçirilən bu seçkilər nə ilə yadda qaldı? SİA mövzu ilə bağlı millət vəkili Elman Nəsirovun fikirlərini öyrənib: “Qardaş Türkiyədə martın 31-də bələdiyyə seçkiləri keçirildi. Bu seçkilər sözün əsl mənasında Türkiyədə demokratiyanın təntənəsi hesab edilə bilər. Həm iqtidar, həm də müxalifət qalib gəlmək üçün bütün demokratik üsullardan faydalandılar. Türkiyəni demokratiyanın zəifliyində günahlandıranlar bu seçkilərdən nümunə götürməlidirlər. Prezident seçkiləri də yüksək şəffaflıq şəraitində həyata keçirilmişdi. Bələdiyyə seçkilərində də bu şəffaflığın şahidi olduq. Türkiyə əhalisi öz siyasi iradəsini nümayiş etdirmək üçün bütün şəraitlə təmin edilmişdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd etdi ki, bu seçkilərin nəticələri xüsusi araşdırılmalı, sahələrdə müəyyən olunan boşluqlardan dərs çıxarılmalıdır: “Bələdiyyə seçkilərində Ədalət və İnkişaf Partiyasının müxalifət qarşısında daha zəif nəticə göstərməsi çox ciddi bir sınaqdır. Biz bu reallığı düzgün dəyərləndirməliyik”. Türkiyədə keçirilən bələdiyyə seçkiləri Azərbaycan üçün də bir örnəkdir. Nəzərə alsaq ki, Azərbaycan dövləti də bələdiyyə institunun hüquq-normativ bazasının möhkəmləndirilməsi ilə bağlı ardıcıl işlər görür. Parlamentdə də bu istiqamətdə bir qanun layihəsi müzakirə olunmaqdadır. 1606 bələdiyyə sayının təxminən 500-ə endirilməsi və keyfiyyətinin yüksəldilməsi hədəflənib. Bu baxımdan Türkiyə bələdiyyə institutu dövlətimiz üçün bir nümunə ola bilər”.