“Qarabağın Zəfər tarixi gənclərin yaddaşında əbədi qalacaq” layihəsi uğurla icra edilir – FOTOLAR
Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Dostluq Gənclərin Əlaqələndirmə Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə “Qarabağın Zəfər tarixi gənclərin yaddaşında əbədi qalacaq” mövzusunda təlimlər keçirilib.
İctimai Birlikdən bildirilib ki, təlimlərdə sahə ilə bağlı mütəxisslər, tarixçi alimlər, ali təhsil müəssisələrinin tələbələri, müxtəlif regionlarda yaşayan və təhsil alan gənclər və könüllülər iştirak ediblər.
Təlimlərdə çıxış edənlər qeyd ediblər ki, gənclərdə milli yaddaşın formalaşması, Qarabağın tarixini, mədəniyyətini dərindən öyrənilməsi, əldə edilən Zəfərin tarixi əhəmiyyətinin təbliğ olunması olduqca əhəmiyyətlidir. Eyni zamanda qeyd edilib ki, cənab Prezident İlham Əliyevin irəli sürdüyü “qara qızılın insan kapitalına” çevrilməsi konsepsiyası məhz problemin əhəmiyyətini aydın şəkildə izah edir. Azərbaycanın müəyyən etdiyi inkişaf strategiyası məhz bu istiqamətdədir. Dünyanın postindustrial fazaya, bilik iqtisadiyyatına keçidi dönəmində dünya təcrübəsində sosial və iqtisadi inkişafda insan amilinin dominantlığı faktı hamı tərəfindən qəbul edilir. Bu fakt milli iqtisadiyyatların inkişafı və səviyyəsi baxımından həlledici rol oynayır. Bu gün Azərbaycan Respublikasında da böyük uğurlar və sürətlə innovativ iqtisadiyyatın formalaşdırılmasına yönələn addımlar atılır. Yaranmış şəraitdə uzunmüddətli və keyfiyyətli insan potensialının yaradılması məsələsi olduqca önəmlidir. Belə ki, innovativ modernləşmə və insan potensialının davamlı inkişafı arasında sıx əlaqə ölkəni zamanın çağırışlarına uyğun yeni inkişaf səviyyəsinə çıxarmağa imkan verəcək.
Təlimlərdə təhsilin idarəedilməsi üzrə ekspert dosent Yusif Ağayev, politoloq Zaur Məmmədov, hüquqşünas professor İsaxan Vəliyev, insan inkişafı üzrə mütəxəssislər Elnur Əliyev, Əliyar Musayev, Anar Şükürov, informasiya kommunikasiya texnologiyaları üzrə mütəxəssis Kənan Əliyev və digərləri çıxış ediblər.
Təlimlər qarşılıqlı fikir mübadiləsi ilə keçib. Təlimləri uğurla bitirənlərə sertifikatlar təqdim edilib.