Dövlət və vətəndaş təhlükəsizliyi etibarli əllərdədir – Elman Nəsirov yazır
Təhlükənin olduğunu hiss etməməyin özü ən böyük təhlükədir. Bu reallıq fonunda xüsusi olaraq qeyd edək ki, bu gün dünyada dövlətlər arasında qorxunc edimadsızlıq mühiti hökm sürməkdədir. Qlobal miqyasda hüququn gücü yox, gücün hüququ işləyir. Beynəlxalq hüquq norma və prinsipləri əksər halarda onu yaradan və qorumalı olan dövlətlər tərəfindən pozulur. Bu, isə öz növbəsində qlobal qütbləşmə və qarşıdurmanı labüd edir. Bu proses isə yeni təhdid və çağırışlar doğurur, assimmetrik təhlükə mənbələrini hərəkətə gətirir, dünyanın istənilən nöqtəsində münaqişə və müharibə ocaqlarının alovlanmsına şərait yaradır. Eyni məntiqlə söyləyə bilərik ki, dünya, bəlkə də, heç vaxt indiki qədər təhlükəli olmamışdır. Planetimizin bu acı reallığı fonunda Azərbaycan bölgədə, eləcə də dünyada sabitlik adası kimi tanınınır. Bu da səbəbsiz deyildir. İlk növbədə ölkəmizdə səfərbər olunmuş cəmiyyət mövcuddur. Xalqımız vətəndaş müharibəsindən vətəndaş həmrəyliyinə qədər mürəkkəb, qəliz, həm də şərəfli yol keçmişdir. Ölkəmizdə göz bəbəyi kimi qorunan ictimai-siyasi sabitliyin ciddi əsasları vardır. Bu, ən başlıcası xalq-hakimiyət birliyi ilə bağlıdır. Xalq öz prezidenti ətrafında monolit birlik nümayiş etdirir. Prezident də ayrı-ayrı böyük dövlət və beynəlxalq təşkilatların deyil, məhz güvənc yeri olan xalqının milli maraqlarından irəli gələn müstəqil siyasət həyata keçirir. Bu reallıq, bizi nə qədər güclü edirsə, bir o qədər də bizə qarşı dayanan qüvvələrin yuxusuna haram qatır, onları hərəkətə gətirir. Bu halda dövlətimizin təhlükəsizliyi məsələləri dəfələrlə aktuallığını artırır. Bu sahəyə cavabdeh xüsusi dövlət orqanının-Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) üzərinə düşən məsuliyyət də adekvat olaraq yüksəlir. Bəs bu məsuliyyətin öhdəsindən DTX hansı səviyyədə gəlir? Bu suala cavab vermək üçün bir sıra vacib məqamların üzərində dayanmaq lazımdır. Əvvəla, qeyd edək ki, 1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyəti Hərbi Nazirliyinin Baş Qərargahı tərkinində yaradılan bu qurumun 1919-1920-ci illər reallığında gənc respublikanın milli təhlükəsizliyinin təminatında xüsusi rolu olmuşdur. Təsadüfi deyildir ki, ulu öndər Heydər Əliyev 23 mart 1997-ci ildə imzaladığı müvafiq Sərəncamla 28 mart tarixi Azərbaycan təhlükəsizlik orqanlarının peşə bayramı günü elan edilmişdir. Bu tarixi qərar tarixi reallığı və varislik prinsiplərini özündə ehtiva edir.
Ümummilli lider Heydər Əliyev 1965-1969-cu illərdə Dövlət Təhlükəsizlik Komitəsində müvafiq rəhbər vəzifələrdə çalışdığı dövrdə də bu varisliyi qoruyub saxlamış, xalqının milli maraqlarına zərər vura biləcək halların qarşısını almaq işinə ciddi töhfələr vermiş, bu sahədə milli fəaliyyət üslubu, məktəbi və kadr potensialı formalaşdırmışdır. Bu baxımdan zəmanəmizin dühası Heydər Əliyevin müəllifi olduğu bu fikirlər dövlət təhlükəsizlik orqanların fəaliyyətini qiymətləndirmək üçün ölçü vahidi hesab oluna bilər: “Dövlət təhlükəsizlik, yaxud kəşfiyyat orqanları o vaxt qalib gəlir ki, öz vəzifəsini layiqincə yerinə yetirir ki, orada peşəkar kadrlar və iş üslubu olsun”. Bu gün qürur hissi ilə qeyd edə bilərik ki, 105-ci ildönümünü qeyd edən DTX xüsusilə son 4 il ərzində üzərinə götürdüyü vəzifəni-ölkəmizin milli təhlükəsizlik maraqlarına zərər vura biləcək kəşfiyyat, terror-təxribat və s. pozuculuq əməllərinin aşkarlanması, qabaqlanması və qarşısının alınması istiqamətində əks-kəşfiyyat, əməliyyat-axtarış və istintaq tədbirlərini yüksək peşəkarlıqla həyata keçirir. Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyevə istinadən qeyd edək ki, “Ötən 2023-cü il ərzində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ümumilikdə 340 şəxs barədə 190 cinayət işinin ibtidai istintaqı aparılmış, həmin cinayət işlərindən 27-si dövlətə xəyanət, 12-si casusluq, 7-si dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə, 35-i terrorçuluq, terrorçuluğa hazırlıq və Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etməklə bağlı olmuşdur. Dövlət Təhlükəsizliyi Xidmətində icraatda olmuş cinayət işləri üzrə vurulmuş ziyanın aradan qaldırılması və ya cinayət yolu ilə əldə edilmiş vəsaitlərin dövlət büdcəsi nəfinə müsadirə edilməsi məqsədilə ümumilikdə 175 milyon manatdan artıq pul vəsaitinin ödənilməsi və əmlak üzərinə həbs qoyulması təmin edilmişdir.” Heç şübhəsiz, ciddi uğurlardır. Bu uğurlar möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən yüksək qiymətləndirilir: “Azərbaycanda təhlükəsizlik lazımi səviyyədə təmin edilir. Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşayır. Xüsusilə, indiki şəraitdə, – dünyada gedən prosesləri biz görürük, – bu, yüksək qiymətə layiq olmalıdır”.
DTX 44 günlük Vətən müharibəsi və 19-20 sentyabr antiterror tədbirlərinin məntiqi sonluğu olaraq ərazi bütövlüyü və suverenliyimizin tam, qəti və əbədi təmin oluması kimi müqəddəs vəzifənin icrası işinə müstəsna töhfələr vermişdir.
Əli Nağıyevin qeyd etdiyi kimi, “Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli sərkərdəliyi ilə tarixi qələbənin əldə edildiyi Vətən müharibəsi dövründə düşmənin bütün cəbhələrdə həyata keçirməyə çalışdığı təxribat-pozuculuq fəaliyyətinin, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində mümkün təhdidlərin qarşısının alınmasında, Azərbaycan Ordusunun əməliyyat və əks-kəşfiyyat məlumatları ilə təmin olunmasında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının danılmaz rolu olmuşdur. 2023-cü ilin 19 sentyabr tarixində keçirilmiş antiterror əməliyyatı zamanı və ondan sonrakı vaxtda da yuxarıda qeyd olunan istiqamətlər üzrə mühüm işlər görülmüş, əhəmiyyətli nəticələr əldə edilmişdir. Belə ki, Qarabağda fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələri tərk-silah edilmiş, tərəfimizdən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə qondarma rejimin “rəhbər”lərinin gizləndikləri yerlər müəyyən edildikdən sonra onlar həbs edilərək cinayət məsuliyyətinə cəlb olunmuşlar.”
Elman Nəsirov
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) Təftiş Komissiyasının üzvü, siyasi elmlər doktoru, professor