ManşetSiyasətXəbər xətti

Makron Fransada yalnız erməni lobbisinin dəstəyinə möhtac qalıb – Millət vəkili

“Le Fiqaro”dakı məqalədə Fransa prezidentinin erməni sevgisini, onun motivlərini görürük”

Fransanın qərəzli mövqeyi başa çatmaq bilmir. Heç kimə sirr deyil ki, Fransa 44 günlük müharibənin ilk günündən ermənilərin maraqlarından çıxış edib, dünyanın gözü qarşısında işğalçılığa və separatizmə dəstək verib. Hətta müharibədən öncə həmsədrlik missiyasını icra edərkən belə Fransa daim qərəzli və ikiüzlü mövqe sərgiləyib, obyektiv yanaşma ortaya qoymayıb.

 Təəssüf ki, özünü “demokratiyanın beşiyi” sayan bu ölkə və onun əksər təmsilçiləri indi də ermənipərəst mövqelərindən əl çəkmək fikrində deyillər. Fransanın nüfuzlu “Le Fiqaro” nəşrində Azərbaycana qarşı növbəti qərəzli məqalənin dərc olunması da Parisin erməni sevgisinin təzahürüdür. Məqalədə prezident Emmanuel Makronun yürütdüyü siyasətin uğursuzluğu, fəsadları tənqid atəşinə tutulsa da, Fransa hökumətinin Azərbaycana qarşı çirkin siyasəti də ortaya qoyulub.

 Yelisey sarayının tezisləri ilə işləyən qəzet yazıb ki, Fransa rəhbəri Makron ermənilərin taleyinə səmimi olaraq biganə yanaşmayan yeganə liderdir, amma Fransanın təşəbbüsləri nəticə vermir. Məsələn, ötən illər Qarabağa dair Fransanın təşkil etmək istədiyi konfrans ABŞ-nin etirazı səbəbindən baş tutmayıb. Məqalədən məlum olur ki, 2022-ci ilin oktyabrında Makron “erməni məsələsini” Roma Papası ilə də müzakirə etmək istəyib. Özü ilə ermənipərəst yazıçı Silven Tessonu da aparıb ki, erməni məsələsi fərqli platformalarda gündəmə gətirilsin. Ancaq Vatikandan istədiyi dəstəyi ala bilməyib. Məqalədə 19-20 sentyabr antiterror əməliyyatları “Azərbaycanın Qarabağa hücumu” kimi təqdim olunub və “120 min” erməninin “qədim dövrdən” etibarən yaşadığı ərazilərdən qovulduğu iddia edilib. Müəllifin yazısından o da məlum olub ki, separatizmin ləğvindən sonra Bakıya qarşı sanksiya tətbiq edilməməsi Parisi xeyli təəssüfləndirib. Məhz bundan sonra Fransa Azərbaycanı “təhdid” kimi görərək Ermənistanla dərhal hərbi əməkdaşlığıa başlayıb və Ermənistana silah-sursat ötürməyə qərar verib. “Le Fiqaro”dakı yazı bir məqamı da üzə çıxarıb. Bəlli olub ki, 2023-cü ilin yanvar ayında Yelisey sarayında separatçılar, bir qrup erməniyönümlü fəallar və jurnalistlər toplaşıblar. Onların arasında Paskal Brukner, Olivier Veber və futbolçu Yuri Djorkaeff də olub. Yelisey sarayında separatçı ünsürlərə növbəti vədlər verilib, onlara hərtərəfli dəstəyin davam edəcəyi deyilib. Bununla yanaşı, Fransadakı erməni təşkilatlarını koordinasiya edən “CCAF”ın həmsədri Frenk Papaziyanın da Makrona təzyiq göstərdiyi məlum olub. Məqalədə qərəzli təhriflərə də yol verilib. Prezident İlham Əliyevin seçkilərdə guya “97 faiz səs qazanması” iddia olunub. Bu məqalə Fransa hakimiyyətinin və şəxsən prezident E.Makronun Azərbaycana qarşı son dərəcə qərəzli olmasını, düşmən münasibət bəsləməsini və ermənipərəstliyini açıq-aydın göstərir. Görünən odur ki, bu məlumatları sızdırmaqla Yelisey sarayı Azərbaycana qarşı planlarının iflasa uğramasına görə məsuliyyəti ABŞ-nin, Vatikanın və digərlərinin üzərinə atmaq istəyir, çünki Makron Prezident İlham Əliyevə məğlub olduğunu etiraf etmək məğlub istəmir. Bəli, Makron məhz Azərbaycanın dövlət başçısı İlham Əliyevə olub.

Millət vəkili Elman Nəsirov “Sherg.az“a açıqlamasında deyib ki, Fransanın “Le Fiqaro” nəşrində dərc olunan məqalələr sifarişli, ünvanlı olur və konkret məqsəd güdür. Deputat diqqətə çatdırıb ki, “Le Fiqaro”da hansısa məqalə təsadüfən dərc olunmur:

 “Azərbaycanla bağlı məqalə də hansısa jurnalistin şəxsi düşüncələrinin, mülahizələrinin, illuziyalarının ifadəsi deyil. Həmin yazı redaksiyanın, onun rəhbərliyinin, eyni zamanda hakimiyyətin birmənalı mövqeyini əks etdirir. Sözügedən məqalədə növbəti dəfə Fransa prezidenti E.Makronun erməni sevgisini, onun motivlərini gördük. Sanki ermənilər və fransızlar etnik qohumdurlar. Yəni Makron hakimiyyəti erməni sevgisini o dərəcədə izhar edir. Makron 7-ci ildir ki, hakimiyyətdədir və hələ 3 il də öz postunda qalacaq. Yəqin, onun fərqindədir ki, nüfuzu, reytinqi son dərəcə aşağı düşüb. Bu da onun yeritdiyi yanlış siyasətlə bağlıdır. Hətta bu ilin iyun ayında Avropa Parlamentinə keçiriləcək seçkilərdə Makronun partiyasının Marine Le Penin partiyasına uduzacağı da ehtimallar arasındadır. Əgər indiki vaxtda seçki keçirilsəydi, Le Pen Makronun koalisyon hökumətini də məğlub edərdi. Ölkə daxilində Makrona qarşı çox ciddi müxalifət formalaşıb. Makron xarici siyasətdə avantüralar vasitəsi ilə zəifləmiş nüfuzunu qoruyub saxlamağa çalışır. Mövcud beynəlxalq situasiyadan öz mənafeyi üçün istifadə etmək istəyir. Məsələ ondadır ki, ABŞ-nin başı həm daxili işlərə, prezident seçkisinə, həm də Ukrayna məsələsinə qarışıb. Əgər seçkidə Donald Tramp qalib gələrsə, ümumiyyətlə Avropa Birliyi və NATO məsələləri ikinci plana keçəcək. Almaniya kansleri Olaf Şolts bu məsələlərdə gözləmə mövqeyindədir, passiv davranır və liderlik iddiasını ortaya qoymur. Makron bu vəziyyətdən də istifadə edir, avantürist bəyanatlar verir. Fransa qoşunlarının Ukrayna cəbhəsinə göndərilməsindən danışır. Azərbaycana qarşı nifrətini cürbəcür üsullarla ifadə edir”.

Parlament üzvü vurğulayıb ki, hətta iş o yerə çatıb ki, Paris Azərbaycan xalqının 7 fevral tarixindəki seçiminə, cənab İlham Əliyevin növbəti dəfə yüksək səslə prezident seçilməsinə də burnunu soxur: 

“Məqsəd bu məsələyə kölgə salmaqdır. Makronun hansı oyunları oynadığını çox yaxşı bilirik. Fərqindəyik ki, getdikcə nüfuzu azalan Makron Ermənistanın müdafiəsi istiqamətində populist bəyanatlar verir. Güclü erməni lobbisinin və diasporunun dəstəyini almağa çalışır. Fransız xalqı Makronu dəstəkləmir, onun prezidentliyini tənqid edir. Makron da erməni lobbisinin dəstəyindən istifadə edərək özünü gündəmdə saxlamağa səy göstərir. Əlbəttə, absurd bəyanlarla Azərbaycana təzyiq göstərmək mümkün deyil. Azərbaycanın qüdrətli lideri, güclü xalqı, qalib ordusu, səfərbər olmuş cəmiyyəti var. Ölkədə vətəndaş həmrəyliyi hökm sürür, xalq-hakimiyyət birliyi mövcuddur. Makronlar bu birliyi pozmaq iqtidarında deyil. Onlar ünvanı səhv salıblar”.