BMT QAK və Bakı Britaniya Məktəbi futbol turniri təşkil edib
15 mart 2018-ci il – Yerli və qaçqın yeniyetmələrdən ibarət səkkiz komandanın yarışdığı üç günlük mini-futbol turniri başa çatıb.
Qurumun Bakı ofisindən Aktor.Az-a verilən məlumata görə, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilmiş turnir BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı Nümayəndəliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin dəstəyi ilə Bakı Britaniya Məktəbi (British School in Baku) tərəfindən təşkil edilib və maliyyələşdirilib. Layihə ölkədə qaçqınlar üçün əlverişli məskunlaşma mühitinin möhkəmləndirilməsi və onların uğurlu sosial və mədəni inteqrasiya perspektivlərinə dəstək verilməsi niyyəti ilə həyata keçirilib.
“BMT QAK qaçqın uşaqlarını yerli icma ilə bir araya gətirən və tolerantlıq, qarşılıqlı anlaşma və həmrəylik mühitini möhkəmləndirən bu təşəbbüsü yüksək qiymətləndirir,” BMT QAK-ın ölkə üzrə nümayəndəsi cənab Furio De Angelis bildirib.
Qeyd olunan turnir çərçivəsində Bakı şəhərində yaşayan əfqan, çeçen və İran qaçqın icmalarından olan yeniyetmə oğlanlardan ibarət iki mini-futbol komandası şəhərin 177, 212 və 82 saylı ümumtəhsil məktəblərindən, habelə Bakı Britaniya Məktəbi və Modern Məktəb kimi özəl təhsil ocaqlarından olan uşaqlardan təşkil olunmuş komandalarla birlikdə yarışmada iştirak ediblər. Hər iki qaçqın komandasının on iki üzvünün hamısı turnirin yekun mərasimində Bakı Britaniya Məktəbi tərəfindən futbol-idman dəstləri ilə mükafatlandırılıb.
Final qarşılaşmalarını BMT QAK-ın Ölkə üzrə Nümayəndəsi cənab Furio De Angelis, Bakı Britaniya Məktəbinin direktoru xanım Meksin Uittingem (Maxene Whittingham), eləcə də müəllimlər, məktəblilər və qaçqın ailələrdən olanlar da daxil omaqla valideynlər canlı izləyib.
BMT QAK 1992-ci ilin sonlarından Azərbaycanda fəaliyyət göstərir və ölkədəki bir milyondan artıq qaçqın, məcburi köçkün və sığınacaq axtaran şəxslərin himayə olunmasında və onlara yardım göstərilməsində Hökumətə dəstək verir. Təşkilat mandatı altında olan bütün şəxslərin öz hüquqlarından istifadə etmələrini və Azərbaycanda cəmiyyətin iqtisadi, sosial və mədəni həyatına töhfə vermək imkanına malik olmalarını təmin etməyə çalışır.