ƏdəbiyyatGündəmManşetSiyasətXəbər xətti

“DİRİLƏN ADAMIN DÜŞÜNCƏLƏRİ” – Etibar Əliyevdən daha bir kitab təqdimatı

Millət vəkili Etibar Əliyev xeyli müddətdir feysbukda kitab təqdimatları həyata keçirir. E.Əliyev bu dəfə həmkarı Fazil Mustafanın “Dirilən adamın düşüncələri” kitabını təqdim edib:

Oxuyuruq və yaşayıb görürük ki, dövlətlərlə yanaşı ayrı-ayrı fərdlər də zaman-zaman terrora məruz qalıblar.

Ötən il dəyərli dostumuz Fazil Mustafaya qarşı törədilən terror aktı dünyanı və ölkəmizi silkələdi. Fazil bəyin cəldliyi və soyuqqanlı hərəkəti onu həyatda saxladı. Mən onun məğrur adam olduğuna lap çoxdan bələdəm. Böyük dostumuz ağır yaralı olduğu dövrlərdə də həqiqət, düşüncə, azadlıq və təxəyyülü arasındakı əlaqələri itirmədi.

Onun qələmindən “Dirilən adamın düşüncələri” adlı irihəcmli mətnlər məcmusu çıxdı.
Böyük ispan yazıçısı, Nobel mükafatı laureatı Kamilo Xose Sela Nobel nitqini bütövlükdə dilə həsr etmişdi: “Etnolinqvistlərə görə, bütün dillərin təkamül tarixi sadə cümlələrin qurulması ilə başlayır və zama keçdikcə, həm sintaksis, həm də semantik məzmun baxımından mürəkkəbləşən mərhələyə qədər davam edir. Sadədən mürəkkəbə doğru bu irəliləyiş zamanı ünsiyyət üçün öncə ən ağır yük feillərin üzərinə düşür. Daha sonra isim, sifət, zərf əlavə olunur və cümlənin həcmi artır. Əgər bu nəzəriyyə doğrudursa, ilk sözün, zərurətdən irəli gələrək, feilin əmr formasında yarandığını düşünə bilərik. Əmr forması ünsiyyət zamanı böyük rol oynayır və ondan istifadə edərkən, çox ehtiyatlı olmağı tələb edir. Düzgün istifadə etmədikdə isə bu, arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Əmr icra edilməzsə, heç bir məna kəsb etmir”.

Azərbaycan dili də belədir. Bizdə həqiqətən feilə heykəl qoyulmalıdır. Gəlin “Dirilən adamın düşüncələri” kitabından “Mən” fəslindən kiçik bir esse ilə tanış olaq. Əsl ekzistensiyadır: “Etiraf edim ki, həyatımın yetkin yaşlarına çatandan yaxın çevrəmdə eşitdiyim sözlərin içində boğulmuşam. Hamısının söylədiyi bu olub: “Çalış, bu ərəfədə danışmayasan, yazmayasan”. Biri deyib: “Gözlə, universitetə girərsən, sonra danışıb yazarsan”. Digəri deyib: “Diplomu al, sonra danışıb, yazarsan”. Başqası: “Əsgərliyi çək, sonra danışıb, yazarsan”, deyib. Başqa birisi də: “Uşaqlar böyüsün, sonra danışıb, yazarsan”, söyləyib. Birisə: “Elmi işini müdafiə et, sonra danışıb, yazarsan”, deyib. Mən isə bildiyim həqiqətləri hər zaman danışmışam və yazmışam. Heç “ərəfə” deyilən bir zaman kateqoriyasına tabe olmamışam. İndi də bu insanların çevrəsindən qurtularaq, hər dəfə bir tribuna tapıb səsimlə çığırıram: “Biz ərəfə adamı deyilik, biz zaman adamıyıq!” Və sonra da müşahidə edib görürəm ki, Azərbaycan vətənimdə kərgədana çevrilənlərin hamısı ərəfənin, günün adamlarıdır – günün məmurları, günün alimləri, günün şairləri, günün hüquqşünaslarıdır…”

Fazil Mustafanın yazdığı kitablardan aşkar görürük ki, o, Azərbaycan dilinin fəlsəfəsini mükəmməl bilir, düşüncəsi son dərəcə aydındır. Bütün fenomenoloqlar, eləcə də Maks Şeler də təbii dilə (digəri süni dildir) üstünlük verərək dilin ifadə, müraciət və təsvir kimi 3 əsas funksiyasını önə çəkir. Bəli, təbii dil öz ruhuna yad olan, ona xas olmayan qaydalar tətbiq etdikdə zəifləyir, qüvvəsini itirir.

Fazil Mustafa fikir adamı kimi yazdığı esseləri, müsahibələri ilə dilimizi zəifləməyə qoymur. Elə bunun özü dilimizin qarşısında böyük xidmətdir. Feili qorumaqdır.

Dahi Borxesə görə, Kitab-yaddaşdır. “Dirilən adamın düşüncələri” kitabı həm də terroru yaddaşımıza həkk edib.

P.S. “Dirilən adamın düşüncələri” kitabının universitetlərdə, mədəniyyət ocaqlarında təqdimatlarını gözləyirdim, təəssüflər olsun ki, bu, baş vermədi. Kitaba, biliyə və istedada münasibət sabit, ağır olaraq qalmaqdadır. Kitab 505 səhifədir. “Qanun” nəşriyyatında çap olunub.

KİTAB KÖMƏYİMİZ OLSUN!

https://code.ainsyndication.com/v2/show.php?k=eNpdkF1uxCAMhO_CARogf-Bo1Uv0fWUCaVBJQEBaqVXvXsimL_s2-jyasY3AOPwkGIEk5_PdajJZ4HKYEgyFmX9EC5AFZIz5zW6mMjYyxkVcJzkvQwFEHxGz9fs5e6BPa75QuWJXXCcqmdpvaItcJwHrgeB38M5m-4Evdl98xR2QgO-myrYFsuYcEjTNk7N5Dbexp4z21Vj2DybOZs9nMBBKHm2LjxvmK3Y_nLvkimk9G3jZQSAqvuih7WdsGS7GKDULJdSgFe34VaBTuB_RPWXVG_T1JCalkP30-wdB02g2