Bu addım reallaşacağı təqdirdə regionda dağıdıcı proseslər işə düşəcək – EKSPERTDƏN XƏBƏRDARLIQ
Bu addım reallaşacağı təqdirdə regionda dağıdıcı proseslər işə düşəcək – EKSPERTDƏN XƏBƏRDARLIQ
Regionda çox ciddi, çox təhlükəli siyasi oyunlar getməkdədir, siyasi kombinasiyalar qurulmaqdadır. Belə ki, NATO-nun baş katibi Yens Stoltenberqin Ermənistanın baş naziri Nikol Paşinyanla İrəvanda keçirilən görüşü zamanı belə bir məlumat yayılmışdır ki, cari ilin aprel ayında genişləndirilmiş tərkibdə növbəti görüş gözlənilir. Növbəti görüş deyərkən iştirakçıların yenə də Ermənistanın baş naziri Nikol Paşinyan, NATO-nun baş katibi Yens Stoltenberq, ABŞ dövlət katibi Blinken və eyni zamanda Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen olması nəzərdə tutulur. Bu görüş çərçivəsində tərəflərin konkret desək ABŞ-nın və Avropa İttifaqının Ermənistana təhlükəsizlik təminatı verilməsi ilə bağlı razılaşmanın, konkret bu istiqamətdə bir sənədin imzalanması gözlənilir. Analoji sənədi məlum olduğu kimi, Böyük Britaniya, Fransa və Almaniya və digər dövlətlər Ukrayna ilə imzalayıb. Ukraynaya təhlükəsizlik təminatı verib.
Bu sözləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputat Elman Nəsirov deyib.
Bu, çox ciddi geosiyasi toqquşmalara gətirə çıxara bilər
Deputat bildirib ki, bu addımın reallaşacağı təqdirdə regionda geosiyasi vəziyyət kökündən dəyişmiş olacaq. İlk növbədə Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının ləğvi deməkdir. Eyni zamanda Ermənistandakı Hava Limanının Rusiya sülhməramlı qüvvələri tərəfindən qorunmasının artıq aradan qaldırılması anlamına gəlir. Bütövlükdə bunun ardınca Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmasını özündə ehtiva edəcək. Bu reallıqda isə Rusiyanı ABŞ-nin əvəz edəcəyi və təhlükəsizlik nöqteyi-nəzərindən ABŞ-nin ön plana keçəcəyi planlaşdırılır. Rusiya Silahlı Qüvvələrinin əvəzində ABŞ hərbiçilərinin Ermənistana gəlməsi baş tuta bilər. Bu vəziyyətin təhlili bir sıra çox ciddi nəticələrə gəlməyə əsas verir. Bu plan reallaşacağı təqdirdə sözün həqiqi mənasında regionda dağıdıcı proseslərin işə düşməsi labüd ola bilər. Bu, çox ciddi geosiyasi toqquşmalara gətirə çıxara bilər. Cənubi Qafqazın Ukraynalaşdırılması prosesi baş tuta bilər və bu, Ermənistan vasitəsilə həyata keçirilə bilər. Yəni, faktiki olaraq Cənubi Qafqaza müharibənin və siyasi kataklizmlərin gətirilməsi Ermənistandan istifadə etməklə gerçəkləşə bilər. Eyni zamanda, bu hadisə reallaşacağı təqdirdə Azərbaycanın da milli maraqlarına zidd olan bir prosesdir. Çünki bu halda Ermənistan daha sülhdən və təhlükəsizlik mühitindən deyil, revanşizm istiqamətində addımlar atacağı istisna deyil. Biləndə ki, onun təhlükəsizliyi üçün ABŞ və Avropa İttifaqı qarant rolunda çıxış edir, belə olan vəziyyətdə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları yeni məzmun ala bilər və keyfiyyətcə yeni mərhələyə keçə bilər. Çox təhlükəli tendensiyalardır və Azərbaycan tərəfi təbii ki, bu prosesləri cox ciddi şəkildə izləyir, müvafiq nəticələr özü üçün çıxarmaqdadır. Müvafiq ölçülər götürməkdədir. Belə olan vəziyyətdə Rusiya doğrudanmı onun strateji maraqlarına zidd olan bu prosesi kənar müşahidəçi statusunda izləyəcək? Qətiyyən inandırıcı deyil. İstisna deyil ki, çox yaxın zamanlarda Paşinyanın anti-Rusiya siyasətinin qarşılığında rəsmi Moskvanın İrəvana qarşı çox ciddi təsir riçaqlarını işə salacağı mümkün hesab edilir. Onun çox yaxın perspektivdə baş verəcəyi istisna deyil.
Ermənistan Qərb ilə Rusiyanın növbəti toqquşma meydanına çevrilir
Elman Nəsirov hesab edir ki, bu reallıqda İran da prosesləri kənar müşahidəçi statusunda izləyəcək dövlət deyil. Çünki baş verən proseslər, onun, yəni rəsmi Tehranın maraqlarının tamamilə ziddinədir. Çünki rəsmi Tehrana qarşı düşmənçilik mövqeyi həyata keçirən tərəflər Cənubi Qafqaza Ermənistan vasitəsilə gəlirlər. Belə olan təqdirdə bunun İran üçün hansı təzyiqlər yaradacağını hesablamaq elə də çətin məsələ deyil. Bu halda rəsmi Moskva və rəsmi Tehranın koordinasiya olunmuş və əlaqələndirilmiş şəkildə, Ermənistanın yeritdiyi Qərbyönümlü siyasətə qarşı birgə tədbirlər planı hazırlayacağı və həyata keçirəcəyi hesab edirəm ki, sırf yaxın zamanların məsələsidir. Yəni, göründüyü kimi, Ermənistanın apardığı siyasi kurs nəticə etibarı ilə bölgəmizi, regionumuzu siyasi kataklizmlər məntəqələrindən birinə çevirə bilər. Ona görə də bu siyasətin ağır nəticələrini hesab edirəm ki, Ermənistan ictimaiyyəti də dərk etməlidir. Ermənistandakı siyasi partiyalar və erməni xalqının gələcəyini düşünən siyasi qüvvələr də bundan nəticə çıxarmalıdır. Bilməlidirlər ki, atılan bu addımlar nəticə etibarilə Ermənistanı Qərbin əlində bir maşaya çevirib və onun vasitəsilə bu gün Ermənistan ilk növbədə Ukraynalaşdırılır. Ermənistan Qərb ilə Rusiyanın növbəti toqquşma məntəqəsinə çevrilib. Bu, həm də Cənubi Qafqaza sirayət edən məsələdir. Çox ciddi, çox təhlükəli oyunlardır. Hesab edirəm ki, region ölkələri və eyni zamanda qonşu ölkələr bu reallığı düzgün qiymətləndirəcək və Ermənistanın həyata keçirdiyi bu təhlükəli oyunların qarşısını almaq üçün birgə fəaliyyət istiqamətlərini müəyyən edəcəklər.