Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının iclası keçirilib – FOTOLAR
Azərbaycanda uşaq problemlərinə cəmiyyətin və aidiyyatı dövlət qurumlarının diqqətinin cəlb edilməsi, onların həllində dövlət, qeyri-hökumət və biznes qurumlarının, habelə fərdi şəxslərin səylərinin səfərbər olunması xüsusi əhəmiyyət kəsb edir. 2003-cü ildən özündə 85 milli QHT-ni birləşdirən Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı bir çox dövlət və qeyri-hökumət təşkilatları, biznes qurumları və fərdlərlə əməkdaşlıqda və onların dəstəyilə Azərbaycanda uşaq hüquqlarının müdafiəsi və təbliği sahəsində çoxsaylı layihə və proqramlar həyata keçirir.
QHT.az xəbər verir ki, əhalinin sosial müdafiəsi zəif olan təbəqələrinin problemlərinin həllinə töhvə vermək, cəmiyyətin diqqətini həmin problemlərə cəlb etmək, habelə onların həllində QHT-hökumət əməkdaşlığının gücləndirilməsi məsələlərini müzakirə etmək üçün Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı mütəmadi ictimai vəkillik proqramını həyata keçirir.
Bunun çərçivəsində 16 mart 2024-cü il tarixində Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı 2024cü ildə ilk iclasını keçirdi. İclasın əsas məqsədi QHT-lərin son illərdəki fəaliyyətinin müzakirəsi, QHT Alyansının gələcək strateji inkişaf hədəflərinin formalaşdırılması, yeni üzvlüklə bağlı müraciət edən təşkilatların qəbulunun müzakirəsi oldu. Bununla yanaşı Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı” çərçivəsində uşaq hüquqlarının müdafiəsi və təmin edilməsi sahəsində mövcud çətinliklər, görüləsi işlər və gələcək hədəflərin müəyyənləşdirilməsi istiqamətində müzakirələr aparıldı.
Tədbirə Bakı şəhərində fəaliyyət göstərən QHT nümayəndələri ilə yanaşı, regionlarda uşaq hüquqları ilə məşqul olan QHT-lər də iştirak etdi. Tədbirə açılış verən Milli Əlaqələndirici üzv təşkilatları salamlayaraq Alyansa daxil olan təşkilatların hər birinin uşaqların hüquqlarının qorunması və bərpası istiqamətində böyük müsbət töhfəsinin olduğunu vurğulamış və birgə fəaliyyətlər sayəsində, habelə dövlət qurumları və bizmeslə əməkdaşlığı gücləndirməklə uşaqların rifahı və inkişafı naminə daha da əzmkarlıqla çalışmağa çağırış etdi.
Bununla yanaşı Alyansa daxil olan yeni təşkilatların nümayəndələri üzvlüyə müraciətin səbəblərini qeyd edərək hər biri çalışdığı sahədə və uşaqların hüquqlarına uyğun olaraq Alyansın inkişafına töhfələrini qeyd etdilər. Sonra uzun illər Alyansa üzv olan digər təşkilatlar da fikirlərini bildirdi və təkliflərini verdilər.
Tədbirin sonunda 2024–cü il üçün Alyansın planladığı fəaliyyət, uşaq hüquqları sahəsində təşkil ediləcək birgə tədbirlərin planı və digər administrativ məsələrlə bağlı əlavələr edilməklə 2024-cü ilin İlk İclasının protokolu təsdiq edildi.
Fotolar