“Gərək ağlını o qədər itirmiş olasan ki…” – DEPUTAT TƏNQİD ETDİ
“Azərbaycanda özünü radikal müxalifətin əsas simaları kimi təqdim edən Əli Kərimli, Fuad Qəhrəmanlı və Gültəkin Hacıbəyli kimi antimilli ünsürlər gecə-gündüz dövlətimiz və xalqımız əleyhinə fəaliyyət göstərməklə məşğuldurlar. Onların bu fəaliyyəti idarəolunan, sifarişlidir və bunun müqabilində “Əl əli yuyar, əl də üzü” prinsipi ilə işləyirlər”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elman Nəsirov deyib.
Onun sözlərinə görə, onlar anti-Azərbaycan beynəlxalq dairələrdən dövlətimizi güclü edən səbəbləri aradan qaldırmalı olduqları yönündə sifariş alırlar: “Bu səbəb isə xalq-hakimiyyət birliyi, millətin öz Prezidentini birmənalı şəkildə dəstəkləməsidir. Bu reallıq anti-Azərbaycan dairələrin yuxusuna haram qatıb. Nəticədə onlar “sapı özümüzdən olan baltalar”ı yəqinki möhkəm tənbeh edib, ödədikləri vəsaitin məbləğini azaldıblar. Ona görə də yeni təzyiq üsulları, iftira növləri fikirləşirlər. Belə etməklə Azərbaycan cəmiyyətindəki birliyi pozmağa çalışırlar. Hətta bunu böyüdərək Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə cəhd edirlər”.
Deputat bildirib ki, bu antimilli ünsürlər bugünkü gündə də gözlərini yumub ağızlarını açaraq, Azərbaycan dövlətinin maraqlarının ziddinə fikirlər səsləndirməyə başlayıblar: “”Xalqımız üçün pis olan, onlar üçün yaxşıdır” məntiqindən çıxış edərək Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyirlər. Düşünürlər ki, onların bu sərsəm niyyətləri reallaşacaq. Bu, qeyri-mümkündür. Çünki biz eyni kökə malik, sıx tellərlə bağlı olan millətlərik, dövlət rəhbərlərimiz də dost və qardaşdır. Belə olan vəziyyətdə Azərbaycan və Türkiyə münasibətlərini pozmaq cəhdləri bir xülyadır. İki dövlət arasındakı münasibətləri sarsıtmaq üçün edilən cəhdlər həmişə fiyaskoya uğrayacaq. Gərək ağlını o qədər itirmiş olasan ki, qardaş olan Azərbaycan və Türkiyə dövlətlərinin arasına girib münasibətlərə xələl gətirmək istəyəsən. İki dövlət arasına girə bilərlər, amma elə oradaca sıxılıb boğulacaqlar”.