Mənəviyyatın xilası efirlərdəki tərbiyəsizliyə qarşı mübarizədən keçir – “Rəzalətə yox”
Doğrudanmı növbə bayağı verilişlərin efirlərdən yığışdırılması mərhələsinə çatdı? İnanmaq çətindir. Vəziyyət o qədər acınacaqlıdır ki, o verilişlərə baxanlar belə, onlardan bu barədə soruşanda deyirlər “yox, biz səviyyəsiz verilişlərə baxmırıq”.
Nonsesdir: baxırlar, amma baxdıqlarna görə utanırlar. Sual: bəs niyə baxırlar? Hə, elə bəla da buradan başlayır. Səviyyəsiz düşüncənin sualıdır. Kütlə psixologiyası bayalıqlığa, yüngüllüyə, məişətə, düşünmək tələb etməyən informasiyalara meyillidir. Kütlənin zövqünü yüksəltmək əvəzinə bu gerçəkdən sui-istifadə edərək insanları toplum halında səviyyəsizliyə sürükləmək mədəniyyətə, mənəviyyata xəyanətdir.
Biz sıradan toplum deyilik, nəhəng xalqıq. Ədəbiyyatı, filmi, incəsənəti, jurnalistikası, gücü, qüdrəti, qüruru, adəti-ənənəsi olan qürurlu xalqıq. Bizi şit, tərbiyəsiz verilişlərlə kütləyə çevirərək təqdim etmək, “baxırlar veririk, baxmasınlar verməyək” cavabı ilə haqlı görünməyə çalışmaq əxlaq çərçivəsindən çox uzaq davranışdır.
Jurnalistika məhz ona görə var ki, xalqa doğrunu dəqiq göstərərək, onu azmağa qoymasın. O bayağı verilişlərin hansı doğrunu göstərir? Psixoloji problemi olan kimsəziz birini efirə çıxarıb onu ən tərbiyəsiz üsullarla məsxərəyə qoymaq hansı kriteriyaya uyğundur? Adam doğulandan uşaq evində böyüyüb, heç kimi yoxdur, 20 manat verib onu efirdə meymun yerinə oynadırlar: gah deyir, “arvadımı qardaşım qaçırdı”, gah deyir “bardan qız axtarıram”, gah deyir… İnsanı rəzil duruma salan, tamaşaçını təhqir edən, genefondu dağıdan nə qədər mənfur davranış tərzi var, efir bütün evlərə virus kimi səpir.
Sizə bu ixtiyarı kim verib? Hər cümləsinin üstündə əsən Azərbycan jurnalistikasını“Ümid var”, “Adam içində” “Öz aramızda”, “Sevimli şou”, “Ay Zaur”, “Vay Zaur”, “Həmin Zaur”, “Zarafatsız şou”, “Hər şey daxil”, “Bizimləsən”, “Elgizlə izlə”, “Səni axtarıram”, “Gəl danış”, “Yaxşıya doğru”, “Təsir dairəsi” kimi zibil yığını ilə tanıtdırmaq, tamaşaçının etibarından sui-istifadə edərək onları aldatmaq məhz birmənalı dələduzluqdur.
Nəhayət dövlət baba işə qarışdı. Görün özlərini nə günə qoyublar ki, müstəqil televiziyanın müstəqil verirlişləridir, ancaq dövlət məcbur olub bu rəzaləti dayandırmaq məqsədi ilə ATV, Xəzər, ARB və Space telekanallarının rəhbərlərini Prezident Administrasiyasına dəvət edib.
Bu barədə rəsmi məlumat olmasa da, yayılan xəbərlər olayı təsdiqləyir. Utancvericidir: Rəzalət maşınını saxlamağa nə tamaşçının gücü çatdı, nə aparıcının, nə də efir rəhbərlərinin. Nəhayət xalqın həyacan siqnalı ən yükəsk səviyyədə eşidildi.
İndi əsas sual budur: efirə ədəb-ərkan gələcəkmi? Yoxsa yenə də həmin aparıcılar köhnə verirlişlərin adlarını dəyişib, bir az da üz-gözlərinə əl gəzdirib, eyni məzmunda fərqli formatda zühur edəcəklər? Yox, zamana buraxmaq olmaz. Proses başlayıbsa, xalqın ziyalı düşüncəli kəsimi, sağlam jurnalistika, həm də inzibatçılıq birgə mübarizə aparıb efiri virus verirlişlərdən təmizləyənə qədər geri çəkilməsin.
Ölkələri dağılan, paramparça olan xalqların taleylərinə baxın, onları miskin duruma salan qara qüvvələr hücumlara jurnalistika cəbhəsini yararaq keçdilər. Əvvəl mədəniyyəti, sonra mənəviyyatı dağıtdılar və xalq yoxa çıxdı.
Biz bayağı verilişlərin “şizofrenik qəhrəmanları”nın xalqı deyilik. Biz Şuşaya bayraq sancan cəngavərlərin xalqıyıq. Biz namusu, qeyrəti, adəti canımızla, qanımızla qoruyan xalqıq, namusu, qeyrəti, adəti it yerinə hürdürənlər bizdən ola bilməzlər.
Ceyhun Musaoğlu