Miqrasiya sahəsində elektron resurslardan istifadə mövzusunda seminar keçiriləcək
Martın 14-də Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması İctimai Birliyinin təşəbbüsü, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti və Odlar Yurdu Universitetiinin təşkilatçılığı ilə “Miqrasiya sahəsində elektron resurslardan istifadə və bəyan olunmuş təhsilalma məqsədlərinin pozulmasına görə inzibati məsuliyyət” mövzusunda seminar keçirəcək.
Aktor.az xəbər verir ki, bu barədə Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması İctimai Birliyinin sədri Azər Allahverənov məlumat verib. Onun sözlərinə görə, Dövlət Miqrasiya Xidmətinin 19 mart – Azərbaycan Respublikası miqrasiya orqanları işçilərinin peşə bayramı münasibətilə keçirdiyi maarifləndirmə tədbirləri çərçivəsində təşkil olunan seminarda əcnəbi tələbələrə və universitetin bu məsələlərə məsul şəxslərinə Xidmətin fəaliyyəti, həmçinin bu qurumun göstərdiyi elektron xidmətlərdən istifadə qaydaları, inzibati məhsuliyyət yaradan hallar, miqrasiya qanunvericiliyində yer alan son dəyişikliklər və digər məsələlər barədə ətraflı məlumat veriləcəkdir: “Əcnəbi tələbələrin miqrasiya qanunvericiliyi ilə bağlı üzləşdikləri çətinliklər varsa, qeyd olunması xahiş olunur. Burada tərəfinizdən qaldırılacaq həmin məsələlər seminar zamanı təşkil olunacaq müzakirələrdə nəzərdən keçirilicəkdir”.