Deputat: “Azərbaycanda heç kim siyasi baxışına görə həbs edilmir, amma cinayətin varsa, bil ki, cəzasız qalmayacaq”
“Məlum olduğu kimi, ölkəmizin hüquq-mühafizə orqanları “Toplum TV”nin ofisində və digər müvafiq ünvanlarda axtarış-əməliyyat tədbirləri həyata keçiriblər. Saxlanılan şəxslər var. Axtarış-əməliyyat tədbirlərinin keçirilməsi heç bir halda təsadüfi xarakter daşımır. Əsas səbəb budur ki, “Toplum TV”nin bir sıra əməkdaşlarının fəaliyyətində qanunazidd addımlar üzə çıxarılıb. Eyni zamanda belə şübhələr var ki, Qərbin bir sıra siyasi maliyyə dairələrindən maliyyələşdirilən “Toplum TV”yə pullar üçüncü ölkələrdə fiziki şəxslərin bank hesablarına köçürülməklə reallaşdırılıb. Sonra isə hissə-hissə nağdlaşdırılaraq “Toplum TV”nin əməkdaşlarına çatdırılıb. Belə bir mexanizm işləyib və bu, yeni deyil. Biz əvvəllər də analoji halı görümüşük. Xüsusilə, “Abzas Media” qurumunun fəaliyyətində bu məqam xüsusi yer tutur, diqqətdən yayınmayıb…”
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Elman Nəsirov deyib.
Deputat bildirib ki, indi bir sıra anti-Azərbaycan siyasi dairələr yenə hay-küy kampaniyasına başlayıblar: ““Ay aman, söz, mətbuat azadlığı boğuldu, bu, mediaya, mətbuata, mediaya qarşı təzyiqdir, basqıdır…” Bu kimi ittihamlar səslənməyə başlayıb, Azərbaycanı anti-demokratik davranışda ittiham etməyə cəhd göstərirlər. Söhbət söz, mətbuat azadlığından yox, cinayətkar fəaliyyətdən gedir. Heç bir peşə sahibinin qanunun üzərində xüsusi üstünlüyü, toxunulmazlığı yoxdur. Cinayət törətmisənsə, cavabını verməlisən, hüquqi müstəvidə cəzanı almalısan. Bu, birmənalıdır. Hansı peşənin daşıyıcısı olmağın burada heç bir rol oynamır. Sadəcə, bir çox hallarda bəzi mətbuat orqanları beynəlxalq aləmin söz-mətbuat azadlığına məlum reaksiyasından sui-istifadə etmək istəyirlər. Yenə deyirəm, əvvəlcə “Abzas Media”da, indi də “Toplum TV”nin fəaliyyətində analoji prosesin fəaliyyətini görürük. Hesab edirəm, Azərbaycan hüquq-mühafizə orqanları və Dövlət Təhlükəsizliyi Xidməti bu istiqamətdə koordinasiya olunmuş fəaliyyət göstərirlər. Hansı anti-Azərbaycan beynəlxalq dairələr ölkəmizdə siyasi sabitliyi pozmaq, bu məqsəd üçün maliyyə vəsaitləri ayırmaq cəhdləri edirlərsə, onlar mütləq hüquqi müstəvidə cəzalarını alırlar. İndiki halda isə söhbət konkret pul vəsaitlərinin “Toplum TV”yə daxil olmasından gedir. Həmin pul vəsaitləri də nəticə etibarilə ölkəmizdə hansı proseslərə təsir göstərmək, hansı qanunazidd əməllər törətmək üçün istifadə olunacaq, bunun haqqında hüquq-mühafizə orqanlarımızın əlində faktlar var. Amma bir həqiqət dəyişməzdir – Azərbaycanda heç kim siyasi baxışına, siyasi mövqeyinə görə həbs edilmir. Bu, aksiom tələbi kimi qəbul edilə bilər. Azərbaycan demokratik inkişaf yolunu seçmiş, hüquqi dövlətdir. Cinayətin varsa, bil ki, cəzasız qalmayacaq. Ona görə də bu hadisələrə siyasi rəng qatmağın heç bir mənası yoxdur. Təkrarən altından xəttə çəkərək deyirəm ki, Azərbaycanda heç bir vətəndaş siyasi mövqeyinə görə cinayət məsuliyyətinə cəlb edilmir. Edilirsə, deməli, ortada ölkə qanunvericiliyinə zidd addımlar dayanır”.