Almaniya sülh prosesinə töhfə verməyə çalışır
Azərbaycan və Ermənistan XİN rəhbərləri Ceyhun Bayramov və Ararat Mirzoyanın Berlində keçirilən görüşü ilə bağlı Olaylar.Az-a fikir bildirən siyasi şərhçi Telman İsa qeyd edir ki, görüş nazirlər arasında “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş” layihəsi üzrə danışıqların növbəti raundu çərçivəsində keçirilib. Məlumatlara görə, müzakirələr Almaniyanın XİN rəhbəri xanım Annalena Berbokun iştirakı ilə üçtərəfli formatda davam edib:” Azərbaycan və Ermənistan nazirlərinin görüşünün məhz Berlində keçirilməsi təsadüfi deyil. Belə ki, Fransa prezidenti Emmanuel Makronun qeyri-konstruktiv mövqeyindən irəli gələrək, danışıqlar prosesində müəyyən fasilə yaranmışdı. Bu da səbəbsiz deyildi. Fransanın ardıcıl qaydada sərgilədiyi ədalətsiz mövqe rəsmi Bakının səbr kasasını daşırdı və Azərbaycan rəhbərliyi açıq şəkildə bəyan elədi ki, istənilən format və məkanda aparılan danışıqlara fransızlar qatılarsa, imtina olunacaq. Verilən birmənalı mesaj Qərbdə anlayışla qarşılandı.
Onu da diqqətə çatdıraq ki, Azərbaycan və Ermənistan nazirləri iki ölkə arasında sülh quruculuğu üçün ilk dəfədir ki, Berlində bir araya gəlirlər. Buna qədər tərəflər Moskva, Brüssel, Waşington formatlarında sülh danışıqları aparıblar.
Amma indi görünən odur ki, Brüssel və Waşingtonu Berlin formatı əvəzləyir.
Məlumdur ki, nazirlərin bu görüşü fevralın 17-də keçirilmiş Münhen Təhlükəsizlik Konfransında Azərbaycan və Ermənistan liderlərinin ikitərəfli görüşündə razılaşdırılıb.
İndiki halda Qərb üçün də Berlin formatı daha məqsədəmüvafiq sayıla bilər, çünki Almaniya indiyə kimi tərəflərə bərabər mövqe sərgiləyib və deməli, iki ölkə arasında sülh danışıqlarını aktiv fazada tuta bilər. Bundan başqa, Azərbaycanın ünvanına qeyri-adekvat bəyanatları ilə seçilən Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Josep Borrelldən fərqli olaraq alman rəsmiləri məsələyə daha təmkinli və praqmatik yanaşırlar. Münhendə Almaniya kansleri Olaf Şoltsun vasitəçiliyi ilə ölkə rəhbərlərinin görüşünün təşkili də bu qəbildəndir. Beləliklə, dediyim kimi, Almaniya qonşuluğunda yerləşən, “alovun üstünə benzin tökən” və Ermənistanı öldürücü silahlarla təchiz edən Fransadan fərqli olaraq, sülh prosesində neytrallıq nümayiş etdirir.
Sonda onu deyə bilərəm ki, hər nə qədər rəsmi Berlinin bütün bu səyləri, təşəbbüsləri təqdir olunsa da, tərəflər arasında tezliklə sülh sazişinin imzalanacağı real görünmür. Çünki, indiki geosiyasi fon o qədər də ümidverici deyil.”
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri Xəyal Bəşirovun sözlərinə görə Azərbaycan və Ermənistan Xİ nazirlərinin arasında görüş münaqişənin həllindən sonra ilk dəfə Almaniyada keçirilir. Təbii ki, bunun da müəyyən ciddi əsasları var. Əslində, buna səbəb olan bəzi məqamlar var idi. Azərbaycanla Almaniya arasında münasibətlərin korlanmasına və gərginləşdirilməsinə çalışan Fransa əlindən gələni edirdi ki, Almaniya bu məsələdə Fransanın tutduğu ermənipərəst mövqeyi tutsun, qərəzli və ədalətsiz mövqedən çıxış etsin. Hər birimiz xatırlayırıq ki, İkinci Qarabağ Müharibəsi bitdikdən sonra Brüssel formatı reallaşdı. Brüssel formatını Fransa ilk olaraq Avropa Siyasi Birliyinin 6 oktyabr 2022-ci ildə tarixdə ilk zirvə toplantısını keçirdiyi Çexiyanın Praqa şəhərində dördtərəfli görüşə çevirdi. Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişel və Ermənistanın Baş Naziri Nikol Paşinyanla yanaşı Fransa Prezidenti Emmanuel Makron da görüşə daxil edildi.
Daha sonra 2023-cü ilin 1 iyun tarixində Avropa Siyasi Birliyinin növbəti zirvə toplantısı Moldovanın Kişineu şəhərində keçirildi. Ora artıq Almaniyanın Kansleri Olaf Şolts da daxil edildi və görüş beştərəfli görüşə çevirildi. Sonra oktyabrın 1-də Qranadada növbəti görüş keçirilməli idi və həmin o görüş Almaniya Kanslerinin iştirakı ilə beştərəfli qaydada olmalı idi. Amma Qranadada keçirilən görüş öncəsi Azərbaycan 19-20 sentyabr tarixlərində özünün ərazi bütövlüyünü, suverenliyini tam təmin edən, lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. Bu tədbirlərdən sonra Azərbaycana qarşı siyasi və diplomatik müstəvidə hücumlar başladı və bu hücumların arxasında Fransanın durduğunu bilirdik. Fransa ermənipərəst mövqedə tək qalmamaq üçün Almaniyanı da bu prosesə cəlb etmək niyyətini ortaya qoydu. Əslində, niyyət nə idi? Biz bilirik ki, Fransa Avropada heç vaxt Almaniyanın güclənməsini, inkişaf etməsini istəməyib. Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra ən böyük iqtisadi zərbəni Almaniya aldı. Çünki, Almaniyanın iqtisadiyyatı enerji resurslarından asılı idi. Rusiyadan “Şimal Axını-1”, “Şimal Axını-2” qaz kəmərləri ilə qaz axını var idi. Bu da alman iqtisadiyyatının davam etməsinə dəstək göstərirdi. Amma ABŞ, Böyük Britaniya və Fransa birləşərək Almaniyanın bu asılılığını ləğv etmək və dolayı yolla onun iqtisadiyyatına ciddi zərbə vurmaq, onu ABŞ-dən və Böyük Britaniyadan asılı vəziyyətə salmaqla bağlı addım atdılar. Təbii ki, Almaniya kollektiv Qərbin tərkibində buna qarşı çıxa bilmədi. Bundan sonra nə baş verdi? Bundan sonra Almaniya həmin o qazı, həmin enerji resurslarını dəfələrlə baha qiymətə ABŞ-dən, ya da digər dövlətlərdən almaq məcburiyyətində qaldı. İndi həmin enerji resurslarının daha optimal qiymətləri alması üçün Azərbaycan resurslarından yararlanmaq, Azərbaycanın tranzit ölkə kimi Xəzəryanı dövlətlərdən, Mərkəzi Asiya dövlətlərindən və elə Rusiyanın qazını almaq niyyəti ilə Almaniya öz iqtisadiyyatını düşünüb bu istiqamətdə Fransanın getdiyi yolu getmək istəmir. Buna görə də Münhen Təhlükəsizlik Konfransında Almaniya Kansleri Olaf Şolts orda Fransanın iştirak etməməsindən istifadə edərək Azərbaycan Prezidenti ilə görüş keçirdi. Daha sonra Azərbaycan-Ermənistan dövlət başçılarının görüşlərini təşkil etdi və bu görüşlərin məntiqi davamı kimi Xİ nazirlərinin görüşlərinin təşkil edilməsi istiqamətində təşəbbüs ortaya qoydu. Eyni zamanda paralel olaraq Almaniya iqtisadiyyatının Şərq komitəsinin rəhbərini və nümayəndə heyətini Prezident İlham Əliyev qəbul etdi. Bu qəbul zamanı Prezident özünün mesajlarını həmin nümayəndə heyəti vasitəsi ilə çatdırdı. Təbii ki, Azərbaycanla Almaniyanın münasibətlərini korlamaq istiqamətində Fransanın digər bir addımı da Avropa Şurası Parlament Assambleyasında alman əsilli deputat Frank Şvabe vasitəsi ilə Azərbaycana qarşı nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməməsi təşəbbüsünü ortaya qoydu. Bu yolla da Fransa Azərbaycanla Almaniya arasındakı münasibəti korlamaq niyyəti reallaşdırmağa cəhd göstərdi. Biz bilirik ki, Almaniya ilə Fransa arasında uzun illər Avropada liderlik uğrunda mübarizə gedib. Bu gün NATO və Avropa İttifaqında da gedir. Almaniya və Fransa arasında əvvəllər böyük müharibələrə səbəb olmuş ərazi problemləri də var. Məsələn, Elzas-Lotaringiya əslində alman torpaqlarıdır, bu gün Fransanın nəzarətindədir. Faktiki İnsan Haqları Məhkəməsinin, Avropa Şurasının yerləşdiyi Strasburq əslində tarixi alman şəhəridir, amma bu gün Fransanın nəzarəti altındadır. Əslində biz bilirik ki, bu gün Avropa İttifatı, Avropa Parlamenti, Avropa Şurası kimi çoxlu təşkilatların mövcud olduğu həmin ərazidə o dövlətlər öz aralarında olan münaqişələrdən vaz keçsələr də, həmin o münaqişələrin qızışdırılmasının qarşısını almaq məqsədi ilə qarşılıqlı razılaşma əldə etsələr belə, gələcəkdə bu ərazi iddialarının yenidən qalxmayacağı ilə bağlı heç kimdə əminlik yoxdur. Bu prosesləri nəzərə alan Fransa mümkün qədər Almaniyanın zəifləməsi, maksimum səviyyədə inkişaf etməsinin qarşısını almaq üçün çalışır ki, Almaniya güclənib gələcəkdə Fransadan özünə aid olanları tələb etməsin, ya da digər formada Fransadan daha nüfuzlu, güclü olmasın. Bu proseslərə görə Fransa tərəfindən Almaniya ilə Azərbaycan arasındakı münasibətlərin pisləşdirilməsi xətti tutulsa da, Almaniyaya rəhbərlik edən şəxslər də ağılsız deyillər, alman xalqı ağıllı xalqdır. Son zamanlar baş verən proseslər onu göstərir ki, əslində Almaniya bu məsələdə təşəbbüsü üzərinə götürərək real sülh prosesinə töhvə verməyə, Azərbaycanla Ermənistan arasındakı münasibətləri normallaşdırmağa çalışır.