GündəmKÖŞƏManşetSiyasətXəbər xətti

“Fransa Qafqazda yeni münaqişənin alovlanmasına çalışır” – SİYASİ EKSPERT

Artıq uzun müddətdir ki, Qərb mediasında Azərbaycanın guya Ermənistana hücuma hazırlaşması barədə fantastik ssenarilərdən ibarət materiallar yayımlanır. Bu aşırı “müharibə” təlaşı ilə bağlı beynəlxalq ictimai rəyə sırınan panik atak xarakterli, müxtəlif səpkili kontentlərin aparıcı tezisini isə “Ermənistanın müdafiəyə ehtiyacı var” iddiası təşkil edir. Məqsəd isə Ermənistanı silahlandırmaq üçün bəhanə yaratmaqdan və İrəvanı yeni hərbi təxribata sövq etməkdən ibarətdir.


Avropa İttifaqının Ermənistana göndərdiyi peşəkar hərbçilərdən, xüsusi xidmət orqanlarının əməkdaşları və hərbi analitiklərdən, təlimçilərdən, mühəndis-istehkam qurğuları üzrə mütəxəssislərdən ibarət “mülki missiya”nın fəaliyyətə başladığı və sərhədboyu təxribatçı davranışları stimullaşdırdığı zaman kəsiyindən etibarən, bu proses daha da intensivləşib və faktiki olaraq, Qərb-Ermənistan “əməkdaşlığının” ana xəttini təşkil edir. Bunu fevralın 27-də Ermənistanla Avropa İttifaqı arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı keçirilən debatda Avropa İttifaqının beynəlxalq əməkdaşlıq üzrə komissarı Jutta Urpilainenin səsləndirdiyi fikirlər də sübuta yetirir. Avropalı komissarın qənaətinə görə, Brüssel Ermənistana “müstəqil xarici siyasət kursunu müəyyənləşdirmək üçün” hərtərəfli dəstək verir, Ermənsitanla müdafiə və təhlükəsizlik sahəsində, o cümlədən “Avropa Sülh Fondu” çərçivəsində əməkdaşlığı genişləndirir.


Avropa Parlamentinin müdafiə məsələləri üzrə alt komitəsinin rəhbəri, Fransa təmsilçisi Natali Luazo isə sözügedən debatdakı çıxışında bəyan edib ki, Azərbaycanla Ermənistan arasında, sadəcə sülh danışıqlarının aparılması yetərli deyil. Sitat: “Bakını və Moskvanı bizə güvənən erməni xalqına hörmət etməyə inandırmalıyıq. Avropa İttifaqı ölkələri Ermənistan hərbçilərinə təlim keçən və bu ölkəni silahlandıran Fransadan nümunə götürməlidirlər”.
Qeyd edim ki, Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatı üçün ssenari çızanların ritorikasında nəzərə çarpan məqamlardan biri də Bakı ilə Moskvanın adının yanaşı çəkilməsidir. Bu, Fransalı parlamentari Natali Luazonun iddialarında da açıq-aşkar nəzərə çarpır. Məqsəd isə Qərbi başına götürən anti-Rusiya əhval-ruhiyyəsi və Ermənistanın yeni “qucaq” axtarışı fonunda Azərbaycanı hədəfə almaqdan, Paşinyan hakimiyyətinin Rusiya-Ukrayna müharibəsi müstəvisində Qərb-Rusiya qarşıdurmasının “zərərçəkən subyekti” kimi təqdim etməkdən ibarətdir. Ermənistanın baş nazirinin ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakını dondurması ilə bağlı gülünc mülahizələrinin də məhz bu amildən qaynaqlandığı şübhə doğurmur.


Hazırda belə bir təəssüratın formalaşdırılmasına cəhd göstərlir: 30 ilə yaxın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan, bir milyon azərbaycanlını evindən didərgin salan, tarixi, mədəni və dini abidələri yerlə bir edən, ərazilərimizi “mina tarlası”na və kütləvi məzarlıqlara çevirən, Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyən, sülh prosesini məqsədyönlü şəkildə, hərbi və siyasi təxribatlarla pozmağa çalışan İrəvanı guya geosiyasi “seçiminə görə” cəzalandırmaq istəyirlər və bu prosesin icraçısı da uzun illər boyu işğalın zülmünü yaşayan, səbrlə beynəlxalq birliyin Ermənistanı sülhə məcbur etməsini gözləyən və nəhayət, BMT Təhlükəsizlik Şurasının qətnamələrini, BMT Nizamnaməsinin tələblərini öz övladlarının qanı bahasına yerinə yetirmək məcburiyyətində qalan Azərbaycandır.


Maraqlı məqamlardan biri də sözügedən anti-Azərbaycan debatında ölkəmizə qarşı düşmənçiliyin klassik daşıyıcılarından biri olan Fabio Massimo Kostaldonun iddialarıdır. Fabio Kostaldo deyir ki, “Ermənistanın suverenliyinin pozulacağı təqdirdə” Azərbaycanın “üzərinə sərt şəkildə atılmaq” lazımdır. Kostaldo və onun kimi düşünənlərin haramıza atılacaqlarını və düşəcəklərini öncədən müəyyənləşdirmək çətin olmasa da, keçirilən debat zamanı Avropa parlamentarilərinin səsləndirdiyi fikirlərin ölkəmizə qarşı hazırlanan təxribatın əsaslandırmasına xudmət edən bəhanələrdən başqa bir şey olmadığı göz qabağındadır. Aydındır ki, Azərbaycan regionda yeni müharibənin alovlanmasında maraqlı deyil, əks təqdirdə Ermənistanın son təxribatlarını cavabsız qoymazdı.


Amma Azərbaycanın bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasına xidmət edən səyləri, göründüyü kimi Qərbin marağında deyil və Cənubi Qafqaza yönəlik təxribatların “baş icraçısı” missiyasını yerinə yetirən Fransa, nəyin bahasına olursa-olsun regionda yeni bir münaqişənin alovlanmasına çalışır. Hətta bu məqsədlə Paşinyan hakimiyyətinin opponenti kimi çıxış edən doaspor və kilsənin neytarllaşdırılması, yaxud prosedə yer almaları üçün səylərini də əsirgəmir. Nikol Paşinyanın Fransaya son səfəri zamanı, uzun müddətdən sonra bu ölkədəki erməni diasporunun nümayəndələriylə bir araya gəlməsini, həmçinin Erməni Apostol Kilsəsinin təmsilçilərinin son açıqlamalarını da Parisin “xidməti” kimi dəyərləndirmək olar.
Azərbaycana qarşı aparılan təxribat kompaniyalarının və Ermənistan-Fransa hərbi əməkdaşlığının intensivləşməsi, rəsmi Parisin və tərəfdaşlarının təxribat ssenarilərini sürətləndirmək niyyətində olduqlarından xəbər verir. Qərbin hədəfi Cənubi Qafqazda Ermənistandan istifadə etməklə vəziyyəti mümkün qədər gərginləşdirmək, Rusiyaya qarşı yeni cəbhə açılmasına zəmin yaratmaq və son nəticədə Qərbi və Mərkəzi Asiyanı geosiyasi qarşıdurmaların hədəfinə çevirməklə, Rusiyanın diqqətini Şərqi və Mərkəzi Avropadakı proseslərdən yayındırmaqdan ibarətdir. Baş verənlərin məntiqi sonluğunun necə ola biləcəyinə isə, Rusiyanın Beynəlxalq Araşdırmalar Mərkəzinin direktor müavini Dmitri Suslov İrəvanda keçirilən konfransda aydınlıq gətirib. Suslov qeyd edib ki, “Əgər Ermənistan KTMT-dən çıxsa və Rusiya bazalarının Ermənistan ərazisindən çıxarılmasına nail olsa, de-fakto və de-yure Qərbi Azərbaycan olacaq. Rusiya İrəvanla münasibətləri pozmaq istəmir, lakin Ermənistana Qərbin Rusiya əleyhinə tramplin kimi baxmağa başlaya bilər. Rusiya Federasiyası Ermənistanı Qərbin Rusiyaya qarşı tramplini kimi qəbul etməyə başlayan kimi, bunun nəticələri acınacaqlı olacaq”.
Vəssalam!

Elçin Mirzəbəyli