“Müharibəyə Ermənistan başlayacaq, məqsəd isə…” – DEPUTAT
“Almaniya ekspert camiyəsində formalaşmış fikir mövcuddur ki, vacib informasiyaya malik olmaq, hakimiyyətə malik olmaqdır. Vacib informasiyanı qeyri-vacib ifnromasiyadan ayırmağı bacarmaq iki qat hakimiyyətə malik olmaq deməkdir. Vacib informasiyanı yaymaq və ya yaymamaq, yəni susmaq qabiliyyəti üçqat hakimiyyətə malik olmaq deməkdir. 21-ci əsrdə informasiya kütlə ilə güclü manipulyasiya elementinə çevrilib. Müasir dövrdə müharibələr öncəsi infomasiya müharibəsi başlayır. Bu real cəbhədə qazanılacaq qələbənin “qaranquşu” olur. İndiki informasiya müharibəsinin öz tankları, topları, raketdən müdafiə sistemləri, hava hücumundan müdafiə sistemləri, PUA-ları mövcuddur”.
Bu fikirləri Musavat.com-a Qərbin Ermənistanı Azərbaycana qarşı müharibəyə hazırlaması ilə bağlı yayılan fikirləri şərh edərkən millət vəkili Elman Nəsirov deyib.
O bildirib ki, Qərb mediasında məqsədyönlü, planlı şəkildə informasiya savaşı elan edilib:
“Beynəlxalq ictimai fikri Ermənistan və Azərbaycan arasında labüd müharibəyə hazırlayırlar. Bu müharibəyə Ermənistan başlayacaq. Beynəlxalq rəyi çaşdırmaq üçün onlar Azərbaycanı mənfi obrazda təqdim edirlər. Guya Azərbaycan Ermənistanı təhdid edir, Azərbaycan Ermənistana qarşı müharibəyə başlamaq istəyir və s. kimi dezinformasiyalar yayılır. Reallıq budur ki, Azərbaycan regionda uzunmüddətli və dayanıqlı sülh istəyir. Ali Baş Komandan, Prezident İlham Əliyev bunu dəfələrlə söyləyib. Ən yüksək beynəlxalq kürsülərdən də bunu səsləndirib. Sonuncu dəfə Münxendə bir daha bu məsələyə aydınlıq gətirdi ki, Azərbaycan Ermənistanla sülh istəyir. Bunun üçün lazım olan 5 baza prinsipinin müəllifi bizik. Sülh müqaviləsinin mətnini hazırlayıb Ermənistana təqdim etmişik. Onlar da öz mövqeyini bildirməlidir. Bu sülh bizdən çox, Ermənistana lazımdır. Təəssüf ki, Ermənistanın çox pis məsləhətçiləri var. Onlar “Paşinyana sülh müqaviləsini imzalama” deyirlər. Fransa prezidenti Emmanuel Makron Paşinyanın qulağına “heç bir halda Azərbaycanla sülhə getmə” deyib. Belə olmasa idi, Fransa Ermənistanı silahlandırmazdı. Tarixdə ilk dəfə Fransanın müdafiə naziri Ermənistana gəlib. Ermənistanla yeni hərbi-texniki əməkdaşlıq müqaviləsi imzalanıb. Təbii ki, bu silahlar vitrin üçün deyil. Bu silahlar tətbiq olunmalıdır. Tətbiq zonası kimi Azərbaycan müəyyən edilib”.
E.Nəsirov qeyd edib ki, Azərbaycan eksperimental ərazi ola bilməz:
“Ermənistanı ikinci Ukraynaya çevirib bununla da Cənubi Qafqazda möhkəmlənmək istəyən Fransa və onun müttəfiqləri bunun mümkün olmayacağını bilməlidirlər. Azərbaycan güclü dövlətdir, güclü ordusu var. Azərbaycanı güclü edən xalq ilə prezidentin birliyidir. Xalq öz prezidentinin arxasındadır, onu müdafiə edir. Bu nöqteyi-nəzərdən prezident seçkisində cənab İlham Əliyevin 92, 12 faiz səslə qalib gəlməsi xalqın etimadının göstəricisidir. Bu reallıqlar Qərbin bir çox siyasi dairələrinin yuxusuna haram qatır. Onlar bu vəhdəti həzm edə bilmirlər. Azərbaycana qarşı müxtəlif təzyiq, təhdid metodları düşünürlər. Bu sırada informasiya müharibəsi ön sıradadır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev andiçmə mərasimində qeyd etdi ki, ölkəmizin daxilində təzyiq, təhdid yoxdur. Ölkəmizə xaricdən iki cür-fiziki və ideoloji təzyiq var. Bütün bu reallıqlar fonunda biz daha da möhkəm, güclü olmalıyıq. Xalq-hakimiyyət birliyi monolit qüvvə olmalıdır. Bütün təzyiqlərə adekvat reaksiya vermə potensialımız bundan sonra daha da artırılmalıdır.Qərbdən idarə olunan anti-Azərbaycan dairələri bilməlidirlər ki, Azərbaycanla oyun oynamaq olmaz. Ünvanı səhv salıblar!”.