Xocalı şəhidlərinin də ruhu şaddır – DEPUAT
Azərbaycanın qan yaddaşına həkk olunmuş ən ağır faciələrdən olan Xocalı soyqırımının 32-cü ildönümüdür.
Xüsusilə də İkinci Qarabağ müharibəsindən sonra ortaya çıxan faktlar, bəzi proseslər bu sahədə Azərbaycanın beynəlxalq aləmdə mövqeyini gücləndirib. 30 ildən artıq müddətdə işğal altında olan yerlərdə aşkarlanan kütləvi məzarlıqlar, ermənilərin azərbaycanlılara qarşı necə bir vəhşilik, cinayət törətdiyini tam olaraq ortaya qoymuş olur.
Bəs bu faktlar Ermənistanın dövlət olaraq beynəlxalq məhkəməyə verilməsi üçün kifayət edirmi? Ümumiyyətlə son 30 ildə dünyanın diqqətini Xocalı soyqrımına nə dərəcədə çəkə bildik?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, son 4 ildir Xocalı soyqrımını fərqli atmosferdə qeyd edirik:
“2020-ci ilin 44 günlük Vətən müharibəsi gedişatında torpaqlarımız işğaldan azad olundu. Müzəffər Ali Baş Komandan, onun formalaşdırdığı yenilməz ordu və dəmir yumruğa çevrilmiş xalqımız tarixi zəfərə imza atdı. Tarixi ədaləti bərpa etdi, separatizmin kökünü kəsdi. Həmçinin ötən il 19-20 sentyabrda keçirilən antiterror əməliyyatları nəticəsində suverenliyimiz bütün ölkə ərazisində tam və əbədi şəkildə təmin edilmiş oldu. Biz bu reallıq fonunda Xocalı soyqrımının 32-ci il dönümünü qeyd edirik. Xocalı şəhidlərinin də ruhu şaddır, çünki torpaqlarımız işğaldan azad olunub. Bu ilin mart ayında Xocalıya da soydaşlarımızın qayıdışı başlayacaq, bu şəhər də dirçələcək”.
Deputat Xocalı həqiqətlərinin dünyaya çatdırılması üçün artıq Azərbaycanın əlində yeni imkanların olduğunu bildirib:
“Yeni reallıqda biz artıq ermənilərin Xocalı və Qarabağın digər ərazilərində törətdikləri vəhşiliklərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün yeni imkanlara malikik. Bu yaxınlarda Xocalıda ermənilərin törətdiyi qətliamda həlak olanların növbəti kütləvi məzarlığı aşkarlandı. Bu kütləvi məzarlıqlar ermənilərin soyqırımı cinayətlərini ifşa edən maddi sübutlardır. Biz onun fərqindəyik ki, beynəlxalq ictimaiyyət bu məsələni görməzdən gəlməyə çalışır. Bu dəfə də ikili standartlar, selektiv yanaşma var. Ancaq Xocalı soyqırımı XX əsrdə bütün dünyanın gözü qarşısında baş vermiş bir faciədir. Çox sayda şəhidlərimiz və hadisə şahidləri var”.
Deputat son 30 ildə soyqırımı ilə bağlı reallığın beynəlxalq ictimaiyyətə çatdırılması üçün bir çox işlərin görüldüyünü qeyd edib:
“Bu gün hər kəs anlayır ki, Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı baş vermiş cinayətdir. Bu cinayətə beynəlxalq hüquqi, siyasi qiymətin verilməsi vacibdir. Biz bunun üçün fəaliyyətimizi gücləndirməli, yeni reallıqlardan istifadə etməliyik. İlk dəfə Ulu Öndər Heydər Əliyev parlamentdə Xocalı faciəsinə hüquqi və siyasi qiymət verilməsinə nail oldu. 2008-ci ildən başlayaraq Leyla Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu bütün qitələrdə “Xocalıya ədalət” çağırışı etdi. Xocalı həqiqətlərinin dünyaya tanıdılmasında bu addımların xüsusi əhəmiyyəti oldu. Lakin o zaman torpaqlarımız, Xocalı hələ də işğalda idi. İndi isə yeni şəraitdə qalib millət, qalib xalq olaraq həqiqətlərimizi dünyaya çatdırmaq potensialına malikik. Maksimum şəkildə çalışmalıyıq ki, erməni separatizminin, vəhşiliyinin iç üzünü açıb dünyaya göstərək. Hər kəs görsün ki, saxta “timsah gözyaşları” ilə ermənilər illərlə beynəlxalq ictimaiyyəti aldada biliblər. İndi onların əsl üzü ortaya çıxsın”.