Cənubi Qafqazda yeni müharibəyə HAZIRLIQ – Paşinyanın Paris səfərinin GİZLİNLƏRİ
Fransa Prezidenti Emmanuel Makronun dəvəti ilə Ermənistanın baş naziri Nikol Paşinyan Parisdə ikigünlük işgüzar səfərdə olub. Səfər çərçivəsində N.Paşinyan Fransa Müqavimətinin erməniəsilli döyüşçüsü Misak Manuşyan və arvadı Melinenin Parisdə Panteonda yenidən dəfn mərasimində iştirak edib. Fransa və Ermənistan prezidentlərinin görüşündən sonra mətbuata verdiyi bəyanatlardan o da aydın olub ki, hər iki ölkə müdafiə sahəsində yeni əlaqələr qurmağı planlaşdırıb. E.Makron Ermənistana müdafiə silahlarının verilməsinə dair razılıq əldə olunduğunu bəyan edib. Bunun ardınca Ermənistanın müdafiə naziri Suren Papikyan və fransalı həmkarı Sebastyan Lekornyu hərbi əməkdaşlığa dair sənədlər paketi imzalayıblar. Qeyd olunub ki, bu müqavilə əsasında Fransa Ermənistana hava hücumundan müdafiə sistemləri üçün lazım olan raketlər verəcək.
Parisin bu qaydada İrəvana hərbi dəstək verməsi Ermənistanın gələcəkdə yeni müharibəyə hazırlaşmasıdırmı? Ermənistan-Fransa hərbi əməkdaşlığı Cənubi Qafqazda yeni hərbi münaqişələrə səbəb ola bilərmi?
Mövzu ilə bağlı Medianews.az-a danışan siyasi şərhçi Telman İsa bildirib ki, Fransaya səfərin, Parisdə ikitərəfli görüşün sözügedən dəfnlə əlaqələndirilməsinin şayiə xarakteri daşıması əvvəlcədən bəlli olub.
Onun sözlərinə görə, Paşinyanın hərbi sahədə Fransanın dəstəyi ilə bağlı nə isə deməməsi, bu görüşün sadəcə dərin və dostyana münasibətdən irəli gəlməsi barədə açıqlamaları da İrəvanın gizli niyyətlərindən xəbər verib: “Paşinyan açıqlamasında onların görüşünün dərin və dostyana olmasını bildirib. Fransanın 22 fevral tarixli mətbuat səhifələrində Parisin Ermənistana müdafiə xarakterli silahlar verəcəyi qeyd olunub. Bildirilib ki, 3 Grandmaster (GM200) və əlavə 3 radar kompleksi təqdim olunacaq. Bu radarlar 250 km məsafədə qarşı tərəfin təyyarələrini müəyyənləşdirə bilir. Bundan başqa, Fransa Ermənistana xüsusi binokllar göndərəcək. Gecə vaxtı ərazini aydın görə bilməsi bu binoklların funksiyasıdır. Fransa və Ermənistan arasında daha bir önəmli razılaşma da əldə olunub. Müqaviləyə görə, müvafiq fransız zabitlər erməni hərbçilərə 3 kurs hərbi təlim keçəcəklər. Kursda dağlarda döyüş qabiliyyətinin artırılması və sair yüksək səviyyədəerməni hərbçilərə öyrədiləcək. Buradan biz Fransanın Vətən müharibəsindən sonra da Azərbaycana qarşı qeyri-konstruktiv mövqeyinin davam etdiyinin şahidi oluruq. Bu proses çox sürətlə davam edir və zirvə nöqtəsinə çatmaqdadır”.
Qərbin Ukraynanı Rusiya ilə müharibəyə sövq etdiyinə diqqət çəkən siyasi şərhçi vurğulayıb ki, eyni proses indi də İrəvanda yaşanır və Frnasa vasitəsilə Ermənistanı Azərbaycana qarşı müharibəyə hazırlayırlar: “Belə bir vəziyyət iki ölkəni sülhə deyil, ifrat düşmənçiliyə aparır. Prezident İlham Əliyev dəfələrlə Ermənistanla sülhün vacibliyini vurğulayıb və təkliflərini irəli sürüb. Amma, Azərbaycanın konstruktiv yanaşmalarına, erməni havadarlarından qeyri-adekvat cavab gəlir. Ölkəmizin Ermənistana irəli sürdüyü sülh müqaviləsindəki 5 bənddə göstərilən şərtlər mütləq icra olunmalıdır. Çünki, nə Ermənistan, nə də onu dəstəkləyən siyasi qüvvələr müstəqil siyasət irəli sürürlər. Fransanın Azərbaycana qarşı qərəzli mövqeyi var. Amma, biz həm hərbi, həm də diplomatik masada öz sözümüzü deyirik. Ölkə başçısının da dediyi kimi, ordu və komandanlıq yerindədir. Təbii ki, bu məsələdə də uduzan Ermənistan tərəfinin özü olacaq, bu ölkəyə kimsə ciddi dəstək verə bilməyəcək. Xatırlayırsınızsa, Münxendə Almaniya Kansleri Olaf Şoltsun vasitəçiliyi ilə Ermənistan və Azərbaycan liderləri arasında keçirilən ikitərəfli görüşdə Emmanuel Makron kənarda qaldı. Səbəb rəsmi Parisin qeyri-konstruktiv mövqeyi idi. Təbii ki, Fransa bunu həzm edə bilmir. Rəsmi Bakının bundan sonra da eyni mövqe sərgiləyəcəyinə əminik. Ümumiyyətlə, münaqişənin həllindən sonra Azərbaycan bölgədə və regionda nəqliyyat kommunikasiyasının açılması ilə bağlı dirəniş göstərən qüvvələrlə belə sərt danışacaq”.