Millət vəkili “Qarabağ”ı belə təbrik ETDİ
Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasında 1/8 final mərhələsinə yüksəlməsini təbrik edən Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının üzvü, siyasi elmlər doktoru, professor Elman Nəsirov vurğulayıb ki, “Qarabağ” futbol klubu Vətən müharibəsindəki zəfərimizi meydanlarda davam etdirir:
“Azərbaycan dövləti dünya miqyasında orta güclər siyahısındadır. Ancaq idman aləmində Azərbaycan inkişaf etmiş dövlətlər sırasındadır. Bunu birmənalı şəkildə söyləyə bilərik. Bu sırada olmağımızı şərtləndirən bir çox idman növü var. Təəssüf ki, uzun illər bu idman növləri arasında futbolun adını çəkə bilmirdik. Bu sahədə ciddi boşluqlarımız vardı.
Bu gün isə şərəf və qürur hissi ilə deyə bilərik ki, “Qarabağ” futbol komandası bu uğursuzluğa son qoydu. Komandamız sözün əsl mənasında “Qarabağ” zəfərinə layiq qələbələrə imza atır və zəfərimizi meydanlarda davam etdirir.
Bu nöqteyi-nəzərdən, “Qarabağ”ın dünən UEFA Avropa Liqasında 1/8 final mərhələsinə yüksəlməsini bizim tarixi zəfərimizə ithaf kimi qiymətləndirmək olar. Komandamız ümumi hesabda 6-5 hesabı ilə qalib gələrək bu tarixi uğura nail oldu.
Hesab edirəm ki, bu naliyyətin tarixi mənası da var. Buna sadəcə idman hadisəsi kimi yanaşmaq səthi yanaşma olar. Bu, həm də böyük bir siyasi hadisədir. Fikrimcə, bu zəfərin siyasi çəkisi və mənası da var. “Qarabağ”a eşq olsun!”.