Mətbuat Şurasının 15 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Bu gün Azərbaycan Mətbuat Şurasının (MŞ) yaranmasının 15 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.
Agyol.az ın məlumatına görə, tədbirdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri Əli Həsənov, Milli Məclisin deputatları, dövlət qurumlarının nümayəndələri, KİV rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Tədbirdə çıxış edən Ə.Həsənov Mətbuat Şurasının 15 illik fəaliyyətini yüksək qiymətləndirib: “Bildiyiniz kimi bir neçə gün bundan əvvəl Mətbuat Şurasının VII qurultayı keçirildi və bu qurultayda Azərbaycan Prezidenti cənab İlham Əliyevin təbrik məktubunu səsləndirdim. Bu təbrik məktubunda Mətbuat Şurasının fəaliyyətinə çox yüksək qiymət verilmişdi. Mətbuat Şurasının fəaliyyətinə ümummilli lider Heydər Əliyev də yüksək qiymət vermişdi. Mətbuat Şurası həmişə cəmiyyətimizdə, jurnalist ictimaiyyəti arasında və ona müraciət edən ayrı-ayrı vətəndaşlar arasında da, o cümlədən dövlət qurumları arasında özünəməxsus nüfuz qazanıb. İnanırıq ki, Mətbuat Şurası fəaliyyətini getdikcə daha da gücləndirəcək”.
Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov da qurumun yaranması haqqında danışıb. O qeyd edib ki, yarandığı 15 il ərzində Mətbuat Şurası Azərbaycanda söz və fikir azadlığının möhkəmlənməsində, media, cəmiyyət və hakimiyyət arasında münasibətlərin tənzimlənməsində mühüm rol oynayıb.
Ə.Amaşov qeyd edib ki, MŞ bütün Azərbaycan jurnalistlərinin təşkilatına çevrilib: “Mətbuat Şurasının yaranmasına dövlət kömək etdi, bizə hər cür şəraiti olan ofis bağışladı. Jurnalistlərin peşəkarlığının artırılması, sosial problemlərinin həlli, KİV-in maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı Mətbuat Şuası tərəfindən irəli sürülən təkliflər dövlət tərəfindən araşdırılıb və müsbət qərarlar qəbul edilib. Biz güclü medianın tərəfdarıyıq, bunun üçün reklam mühitinin yaxşılaşdırılması və digər məsələlərlə bağlı təşəbbüslərlə çıxış edəcəyik”.
Tədbirdə çıxış edən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai bildirib ki, Mətbuat Şurası 15 il ərzində böyük inkişaf yolu keçib. O deyib ki, BMT Azərbaycanda müstəqil medianın inkişafında maraqlıdır: “Biz artıq bu yaxınlarda Mətbuat Şurası ilə əməkdaşlığa başlamışıq. Əməkdaşlıq çərçivəsində azərbaycanlı jurnalistlərə təlimlər keçiriləcək”.
Mərasimdə, həmçinin Avropa Şurasının Bakı ofisinin rəhbəri Zoltan Hernyes çıxış edib. O bildirib ki, Avropa Şurası öz üzv ölkələrində medianın fəaliyyətini çox yüksək qiymətləndirir. Mətbuat Şurasının fəaliyyətini də yüksək qiymətləndirdiklərini bildirən Z.Hernyes vurğulayıb ki, MŞ yarandığı gündən Avropa Şurasının Bakı ofisi ilə sıx əməkdaşlıq edib: “Mətbuat Şurası bizim uğurlu tərəfdaşımızdır”.
Tədbirdə, həmçinin Mətbuat Şurası haqqında film nümayiş olunub və bir sıra KİV nümayəndələrinə MŞ-nin Ali Media Mükafatları təqdim olunub.
Daha sonra tədbir bədii hissə ilə davam etdirilib.