Elman Nəsirov: “Zəfər komandasında ciddi kadr dəyişikliklərinin olması gözlənilən olmamalıdır”
Elman Nəsirov: “Zəfər komandasında ciddi kadr dəyişikliklərinin olması gözlənilən olmamalıdır”
“Fevralın 7-də ölkəmizdə keçirilən prezident seçkiləri nəticəsində cənab İlham Əliyev xalqın, seçicilərin 92,12% səsini qazanaraq möhtəşəm qələbəyə imza atdı. Əslində, bu nəticə xalqın cənab İlham Əliyevə olan etimadı ilə bağlı referendum idi. Hər kəsə aydın oldu ki, dövlət başçısının çox böyük nüfuzu var, xalq onu sevir və öz minnətdarlığını bu şəkildə ifadə etdi. Fevralın 14-də isə cənab Prezident parlamentdə andiçmə mərasimində geniş, proqram xarakterli bir nitq söylədi. Nitqində səslənən fikirlər əslində növbəti 7 il ərzində cənab Prezidentin fəaliyyətinin yol xəritəsi hesab oluna bilər. Bunun ardınca Konstitusiyaya uyğun olaraq, hökumətin yeni tərkibi formalaşdırıldı. Yeni tərkibdə isə bir nazir və komitə sədri yer almadı. Əvvəlki heyət isə saxlanıldı. Bu məsələ ilə bağlı müxtəlif yanaşmalar ola, sosial şəbəkələrdə müxtəlif fikirlər səslənə bilər. Bu da ölkəmizdəki demokratiyanın, plüralizmin təzahürüdür. Nə qədər insan varsa, o qədər də fikir, mövqe olacaq…”
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
“Əsas mövqe budur ki, biz birlikdə – bu hökumət, nazirlər, komitə sədrləri, agentlik rəhbərləri ilə bu tarixi Zəfərə imza atdıq. Hər kəsin birgə əməyi, prosesdə bir payı var. Bu, həm də bir zəfər komandasıdır. Zəfər komandasında ciddi kadr dəyişikliklərinin olması gözlənilən olmamalıdır. Komanda artıq öz fəaliyyətinə başlayıb. Skeptik yanaşmalar üçün indi elə bir əsas yoxdur. Əvvəla, cənab Prezident komandanın qarşısında yeni vəzifələr qoyub. Bu vəzifələrin öhdəsindən gəlmək üçün komanda çox böyük səylər göstərməlidir. Heç bir halda arxayınlıqdan söhbət gedə bilməz. Tarixi Zəfərə öz payını vermiş bu komanda “mən artıq işimi görürdüm, artıq bu qələbənin təminatında rola malik oldum” deyib, arxayınlaşmamalıdır. İnanırıq ki, hökumət formalaşdıqdan sonra fəaliyyətə başlamış hökumət üzvləri yeni hədəflərə çatmaq uğrunda səfərbər olub, Prezidentin irəli sürdüyü strateji vəzifələrin icrası istiqamətində var gücləri ilə çalışacaqlar. Bu həm də ilk növbədə ölkəmizin təhlükəsizliyinin təminatı, əhalinin sosial rifah məsələləridir və xüsusi önəm kəsb edir. İnanırıq ki, hökumətin yeni tərkibi qarşıda dayanan addımların icrasında ciddi addımlar ata biləcəklər”, – deputat bildirib.