Şərti sərhəddə atəşkəsi hədəfə alanların məqsədi nədir?
Azərbaycan-Ermənistan şərti sərhədində aylar sonra atəşkəs pozuldu. Uzun müddət idi ki, nisbi sakitliyin hökm sürdüyü sərhəd bölgəsindəki vəziyyət hər iki ölkənin siyasi liderləri tərəfindən sülh danışıqları prosesində müsbət məqam kimi vurğulanırdı.
Şərti sərhəddə Ermənistan tərəfindən açılan atəş Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbçisinin yaralanması ilə nəticələnib. Ermənistan tərəfi verdiyi açıqlamada atəşin açılması ilə bağlı araşdırmaların aparıldığını bildirdi. Azərbaycan baş verənlərə görə, Ermənistan hərbi, siyasi rəhbərliyinin məsuliyyət daşıdığını bildirərək fervalın 13-də “Qisas əməliyyat”ı keçirərək hərbçimizə atəş açılmış erməni döyüş postunu məhv edib.
Qeyd etməliyik ki, bütün bu baş verənlər həm də Azərbaycanın Avropa İttifaqına xəbərdarlıq etməsi ilə eyni günə təsadüf edir. Fevralın 12-də Xarici İşlər Nazirliyinə (XİN) çağırılan Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalkoya bildirilib ki, Avropa İttifaqının (Aİ) Ermənistandakı Monitorinq Missiyasının əldə olunmuş ilkin razılıqlara zidd olan fəaliyyəti ciddi narahatlıq doğurur.
Sputnik Azərbaycan sərhəddə baş verənlərlə bağlı millət vəkili Elman Nəsirovun fikirlərini öyrənib.
Millət vəkili Elman Nəsirov son baş verənləri Ermənistanın təxribatı adlandırıb və qeyd edib ki, bu ölkə sülh danışıqlarında görüntü xarakteri yaratmaq üçün Azərbaycana mina xəritələrinin formulyarlarını təqdim edib. Onun sözlərinə görə, baş verənlər fonunda regionda, xüsusən də Ermənistan sərhədində “binokl diplomatiyası” icra edən Aİ missiyasının fəaliyyətini də diqqətdən kənar qoymaq olmaz:
“Aİ missiyasının hansı məqsədlərə xidmət etməsi suallar doğurur. Azərbaycan dövləti lap əvvəldən bu missiyanın əleyhinə olub. Bizə yaxşı bəlli idi ki, bu missiyanın məqsədi bölgədə sabitliyin qorunub saxlanması deyil”.
Aİ missiyasının başqa strateji hədəflərinə çatmaq üçün bölgədə olduğunu deyən millət vəkili hesab edir ki, onların mülki missiyasının hərbi-mülki və hərbi missiyaya çevrilməsinin konturlarını sezməmək mümkün deyil. Onun sözlərinə görə, Ermənistan özünü beynəxlaq aləmdə göyərçin kimi təqdim edir, amma baş verənlər bu ölkənin mahiyyətini ortaya qoyur.
Elman Nəsirov baş verənlərdən sonra Aİ missiyasının susqunluğuna diqqət çəkib və deyib ki, Avropa İttifaqının məlum missiyasının fəaliyyətində sual doğuran məqamlar yetərincədir.