ManşetSiyasətXəbər xətti

“Makron Fransa tarixinə ən uğursuz prezident kimi düşəcək” – Deputat

“Fransa beynəlxalq münasibətlər sistemində xüsusi çəkisi olan dövlətdir. Lakin dövlətə rəhbərlik edən şəxsin beynəlxalq aləmdə heç bir hörməti yoxdur. Bakı və Paris arasındakı mövcud gərginliyin əsas səbəbkarlarından biri də məhz prezident Emmanuel Makrondur. Makron hakimiyyətinin beynəlxalq hüquqa və ümumbəşəri dəyərlərə zidd mövqeyi ölkənin reytinqini son dərəcə aşağı salıb. Fransızlar Makronu 2022-ci ildə ikinci dəfə ölkəyə rəhbər seçdiklərinə görə peşman olublar”.
Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. Deputat qeyd edib ki, Makron Fransası Afrikadan qovulmuş, iqtisadiyyatı zəifləmiş, sosial ehtiyacları ödənməmiş Fransadır: “Bu gün ölkədə xalq etirazları baş alıb gedir, əhalinin əksər hissəsinin gəlirləri azalıb. Fransalıların böyük əksəriyyəti Makronun fəaliyyətindən çox narazıdır, çünki o, təpədən dırnağa qədər ermənipərəst siyasət həyata keçirməklə ölkəsinin problemlərini və vətəndaşlarının ehtiyaclarını unudub”.
Elman Nəsirov bildirib ki, Makrondan əvvəlki 24 prezidentin heç biri onun qədər ermənipərəst olmayıb: “Ona görə də Makronu, əslində, fransızların yox, Fransadakı erməni lobbisinin rəhbəri adlandırmaq olar. Fransa Vətən müharibəsində açıq şəkildə Ermənistanın tərəfini tutub. Nəticədə məğlubiyyətə uğrayan Makron bu gün Azərbaycanın yeni hərbi-siyasi reallıq yaratması ilə barışa bilmir və regionun daxili işlərinə müdaxilə etməyə cəhd göstərir”.
Deputat vurğulayıb ki, bu gün Fransanın özünün maraqlarını kənara qoyaraq ermənilərin cılız maraqlarına xidmət edirmiş kimi görünməsi aldadıcı görünə bilər: “Aydındır ki, Makron heç də ermənilərin maraqlarını təmin etmək məqsədilə onları müdafiəyə qalxmır. Burada əsas səbəb Cənubi Qafqazda möhkəmlənmək istəyidir. Ona görə də Fransa regiona  sülh və əmin-amanlığın deyil, əksinə, növbəti bir müharibənin gəlməsinin tərəfdarıdır. Bu çirkin niyyətlərini həyata keçirmək üçün də Ermənistanı silahlandırır və revanşizmi dəstəkləyir. Təsadüfi deyil ki, AŞPA-dan Azərbaycana qarşı göstərilən təzyiqlərin də dirijoru məhz Yelisey sarayıdır. Amma yəqin ki, 2027-ci ildə onun prezidentliyinə son qoyulacaq və Makron Fransa tarixinə ən uğursuz prezident kimi düşəcək”.
Makronun siyasətinin ilk növbədə Fransanın öz maraqlarına zidd olduğunu vurğulayan Elman Nəsirov əlavə edib: “Bu prezident ölkəsinin gələcəyini böyük sual altında qoyur. Öz hakimiyyətini qoruyub saxlamaq üçün Fransadakı erməni lobbisinin əlində bir alətə çevrilib. Bu, Fransa siyasətinin biabırçılığıdır”.

“Azərbaycan”