Azay Quliyev: Ümid edirəm ki, ATƏT seçkilərə obyektiv yanaşacaq – MÜSAHİBƏ
ATƏT Parlament Assambleyasının vitse-prezidenti, Azərbaycan Pezidenti yanında Qeyri-Hökumət Təşkilatına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyevin sechki-2018.az saytına müsahibəsi
– Azay müəllim, aprelin 11-də prezident seçkiləri keçiriləcək. Ölkəmizdəki seçkiöncəsi mühiti necə dəyərləndirirsiniz?
– Azərbaycanda seçki mühiti kifayət qədər münbitdir və bütün namizədlər üçün bərabər şərait yaradılır. Bu münbit şərait hər bir seçicinin səsvermə hüququndan bərabər şəkildə istifadəsinə, öz iradəsini sərbəst şəkildə ifadə etməyinə və istədiyi namizədi seçməyinə imkan verəcək. Hesab edirəm ki, aprelin 11-də Konstitusiyaya, seçki qanunvericiliyinə və Azərbaycanın ATƏT qarşısında götürdüyü öhdəliklərə uyğun olaraq, demokratik, şəffaf və ədalətli seçkilər keçiriləcək.
– Siz ATƏT PA-nın vitse-prezidenti kimi mütəmadi olaraq müxtəlif ölkələrdə seçki prosesini müşahidə edirsiniz. Müşahidə etdiyiniz seçkilərlə müqayisədə Azərbaycandakı seçkilər necə görünür?
– Hər bir seçkinin müsbət və mənfi tərəfləri var, hər bir seçkini tənqid, yaxud tədqir etmək mümkündür. Əsas məsələ seçki prosesini minimum səhvsiz və daha az qüsurla yerinə yetirməkdir. Yanaşmaların fərqli olduğu, müxtəlif texnologiyaların istifadə edildiyi ölkələr var. Lakin əsas olan seçkinin demokratik keçirilməsi ilə bağlı niyyət və siyasi iradənin olmasıdır. Bununla yanaşı, peşəkarlıq ən vacib amillərdəndir. Azərbaycanda Mərkəzi Seçki Komissiyası öz işini həqiqətən də hər seçkidən-seçkiyə təkmilləşdirir, beynəlxalq standartlara uyğunlaşdırır. Seçkilərlə bağlı görülən işlər daha bariz şəkildə beynəlxalq təşkilatların rəğbətini qazanır. Bu sevindirici haldır.
Seçkilərin şəffaf keçirilməsi ilə bağlı Mərkəzi Seçki Komissiyasının peşəkarlığı kifayət qədərdir. Əlbəttə, insan amili olan yerdə subyektiv amillər də olur. Biz çalışmalıyıq ki, subyektiv amillər seçki prosesinə təsir etməsin, qanun pozuntuları baş verməsin. Səslərin verilməsi, daha sonra seçki məntəqələrində yerli və beynəlxalq müşahidəçilərin iştirakı ilə sayılması, protokolların vaxtında və qüsursuz tərtib edilməsi, dairə seçki komissiyalarında səslərin hesablanması prosesi şəffaf və qanunvericiliyə uyğun olmalıdır. Seçki çətin prosesdir, çünki söhbət milyonlarla seçicinin səsvermə hüququndan istifadə etməsini təmin etməkdən gedir. İnzibati resurslar bu prosesə cəlb olunmamalı, hamı üçün münbit şərait yaradılmalıdır. Azərbaycan dövlətində bu istək var. Bu baxımdan, aprelin 11-də keçiriləcək seçkilərin Azərbaycanın demokratik seçki təcrübəsində yaddaqalan olacağını düşünürəm. Artıq ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki missiyası Azərbaycanda prezident seçkiləri ilə bağlı fəaliyyətə başlayıb. ATƏT, eləcə də onun institutları Azərbaycanın önəmli tərəfdaş olduğunu bilirlər. Azərbaycan ATƏT qarşısında götürdüyü öhdəliklərə sadiqlik nümayiş etdirir, bu öhdəlikləri maksimum şəkildə yerinə yetirməyə çalışır, bütün seçki standartlarına əməl edir. Düşünürəm ki, ATƏT və onun institutları geosiyasi maraqları, subyektiv amilləri yox, ölkənin demokratikləşmə və seçki standartlarını təkmilləşdirmə istəyini nəzərə almalı, buna dəstək verməlidir. Ümid edirəm ki, ATƏT Azərbaycandakı seçkilərə obyektiv yanaşacaq. Bu seçkilər Azərbaycanın ATƏT və onun Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə münasibətlərini daha da sıxlaşdıracaq.