Elman Nəsirov:”Müdrik xalqımız qalibiyyətlər tariximizin davamına səs verəcək!” – MÜSAHİBƏ
Müsahibimiz YAP Təftiş komissiyasının üzvü, Milli Məclisin deputatı, professor Elman Nəsirov
-Elman müəllim, əvvəlcə fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkilərinin hüquqi və siyasi əsaslarını dəyərləndirməyinizi istərdik…
– Son iyirmi il Azərbaycanın dövlətçilik tarixinə dinamik və hərtərəfli inkişaf dövrü kimi daxil olmuşdur. Ölkə həyatının bütün sahələrində böyük uğurlar, misilsiz və qürurverici qələbələr əldə edilmişdir. Azərbaycanın zəngin iqtisadi, siyasi və hərbi potensialı yaradılmışdır. Bu titanik zəhmətin sayəsində ərazi bütövlüyümüz və suverenliyimiz tam, qəti və əbədi təmin edilmişdir. Tarixi ədalət bərpa edilmiş, erməni separatizminə ölümcül zərbə endirilmişdir. Bütün bu tarixi nailiyyətlərin təməlində Ulu Öndər Heydər Əliyevin başladığı və möhtərəm Prezident İlham Əliyevin inamla davam etdirdiyi uzaqgörən daxili və xarici siyasət kursu dayanır.
Xalqımız yekdilliklə həmin siyasətin bundan sonra da davam etdirilməsi xəttini dəstəkləyir. Eyni məntiqdən qaynaqlanaraq Prezident İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsini rəhbər tutaraq, habelə Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq dekabrın 7-də imzaladığı Sərəncamla 2024-cü il 7 fevral tarixinə Azərbaycan Respublikasında növbədənkənar prezident seçkiləri təyin etmişdir. Bu reallıq fonunda siyasi camiyədə xüsusi müzakirə predmetinə çevrilmiş bir sıra məsələlərə də aydınlıq gətirməyə çalışaq.
Birincisi, növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı Sərəncam hüquqi baxımdan tam legitimdir. Yuxarıda qeyd olunan mühüm hüquqi sənədlər dövlət başçısına növbədənkənar prezident seçkiləri təyin etmək səlahiyyəti verir.
İkincisi, 7 dekabr tarixli Sərəncam siyasi baxımdan da tam legitimdir. Növbədənkənar prezident və parlament seçkiləri keçirmək praktikasına dünyanın əksər ölkələrində rast gəlinir. ATƏT-ə üzv olan 56 dövlətin 33-də ümumi, birbaşa, o cümlədən növbədənkənar prezident seçkilərinin keçirilməsinə icazə verən konstitusiya və digər qanunvericilik aktları mövcudur.Təkcə son 5 il ərzində dünyanın bir çox ölkələrində növbədənkənar parlament və prezident seçkiləri keçirilmişdir. Belə ki, 2019-cu ildə Belarusda, 2021-ci ildə Moldovada, 2022-ci ildə Portuqaliyada, 2023-cü ildə İspaniyada, 2023-cü ildə Niderlandda və eyni ilin 17 dekabrında Serbiyada növbədənkənar parlament, Mərkəzi Asiyanın 4 dövlətində- Qırgızıstan, Qazaxıstan, Türkmənistan və Özbəkistanda müvafiq olaraq 2021, 2022, 2022 və 2023-cü illərdə növbədənkənar prezident seçkiləri keçirilmişdir. 2024-cü ilin 17 mart tarixində Rusiya Federasiyasında da da növbədənkənar prezident seçkiləri keçiriləcəkdir. Bu siyahını uzatmaq da olar. Zənnimizcə, əlavə şərhə ehtiyac yoxdur.
– Prezident seçkilərinin növbədənkənar keçirilməsini şərtləndirən amillər haqqında nə deyə bilərsiniz?
– Müstəqillik dövründə ölkəmizdə keçirilən həm prezident, həm parlament, həm də bələdiyyə seçkiləri heç bir zaman bütün ölkə ərazisini əhatə etməmişdir. Seçkilər həmişə 80% ərazilərimizdə keçirilmiş, erməni işğalı altında olan 20% ərazilərimiz bu prosesdən kənarda qalmışdır.
2020-ci ilin sentyabr-noyabr ayrlarında müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz ordumuz tarixi zəfərə imza atıb, ərazi bütövlüyümüzü bərpa etdikdən və 2023-cü ilin 19-20 sentyabrında lokal antiterror tədbirlər hesabına Qarabağ iqtisadi rayonu üzərində suverenliyimizi tam və qəti təmin etdikdən sonra yeni tarixi reallıq yaranmışdır. Bu reallığın, yəni ərazi bütövlüyümüz və suvernliyimizin 100 % təmin edilməsinin beynəlxalq birlik və ictimaiyyət tərəfindən yubadılmadan, vaxtında qəbul edilməsi növbəti strateji vəzifəyə çevrilmişdir. Bu vəzifənin uğurlu icrası bütün Azərbaycan ərazisində 2025-ci ili gözləmədən növbədənkənar prezident seçkilərinin keçirilməsini zəruri edən həlledici amildir. Başqa sözlə, növbədənkənar prezident seçkiləri ilk dəfə bütün Azərbaycan ərazisini əhatə edəcəkdir.
– Seçkilərə hazırlıq və seçkiqabağı təşviqat prosesinin gedişatı barədə nə söyləmək olar?
-Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin Sərəncamda göstərilən tarixə təyin edilməsini və Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq təşkil edilməsini təmin edir. Ötən il dekabrın 8-də MSK “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nı təsdiq etmişdir. Təqvim planına əsasən, prezidentliyə namizədlərin irəli sürülməsi prosesi həyata keçirilmişdir.
Bu məqsədlə ilk addım olaraq Yeni Azərbaycan Partiyasının İdarə heyyətinin keçən il dekabrın 15-də genişləndirilmiş iclası keçirilmişdir. Yeni Azərbaycan Partiyasının Sədri İlham Heydər oğlu Əliyevin 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidentinin seçkilərində Yeni Azərbaycan Partiyasından namizəd irəli sürülməsi haqqında yekdilliklə qərar qəbul olunmuşdur. Yeni Azərbaycan Partiyası Azərbaycan Respublikası Prezidenti seçkilərində İlham Heydər oğlu Əliyevin namizədliyinin təsdiq edilməsi üçün tələb olunan sənədləri Azərbaycan Respublikası Seçki Məcəlləsinin 54.5 maddəsinə əsasən 2023-cü il dekabrın 16-da Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir.
Beləliklə, ulu öndər Heydər Əliyevin yaratdığı ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyası yenidən növbədənkənar prezident seçkilərinə vahid namizədi- müzəffər Ali Baş Komandan İlham Əliyev ilə qatılmışdır. Elə bir rəhbərlə ki, tarixi zəfəri ilə öz adını təkcə ölkəmizin zəngin döyüş tarixinə deyil, dünyanın qalibiyyətlərlə dolu hərb tarixinə əbədi həkk etmişdir. Bu baxımdan İlham Əliyev tarixi şəxsiyyətdir. Tarix yazan və tarixə yazılan sərkərdədir.
Xalqın gözü tərəzdir. Müdrik xalqımızın yenidən düzgün seçim edərək qalibiyyətlər tariximizin davamına səs verəcəyinə tam əminik.
Seçkiqabağı təşviqat prosesinin gedişatı bir daha belə bir həqiqəti təsdiqləyir ki, cənab İlham Əliyev təkcə YAP-ın deyil, bütün Azərbaycan xalqının prezidentliyə namizədidir. Seçicilərlə ünsiyyət zamanı onlar açıq şəkildə bildirirlər ki, biz artıq qəlbimizdə çoxdan seçimimizi etmişik, sadəcə 7 fevral tarixini gözləyirik ki, bu mövqeyimizi hüquqi baxımdan da təsdiqləyək.
Bu baxımdan təsadüfi dyildir ki, ABŞ-ın “Oracle Advisory Group” təşkilatı və “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın növbədənkənar prezident seçkiləri ərəfəsində apardığı sorğuda “Prezident seçkiləri bu günə təyin edilsəydi, kimə səs verərdiniz?” sualına cavab olaraq seçicilərin 97%-i İlham Əliyevin adını çəkmişdir. Qeyd edək ki, sorğuda bütün ölkəni əhatə edən 3 min respondent iştirak etmişdir. Zənnimizə, əlavə şərhə ehtiyac yoxdur. Qalib Xalqımızın yenidən öz taleyini Qalib Liderə etibar edəcəyi labüddür.