Seçki hüququndan istifadə yüksək mədəni davranışdır – Raqif Allahverdiyev
Yaşadığın ölkənin bərqərar olmasında, onun inkişafında, qorunmasında iştirakçılıq hüququnu tanımaq və onu seçki prosesində ifadə etmək vətəndaş mövqeyidir. Biz mütləq şəkildə seçki mədəniyyətinə sahiblənərək öz mövqeyimizi 7 fevral seçkilərində göstərməliyik. Bu ən yüksək mədəni davranışla bərabər, xalqına, dövlətinə olan sevgi, gələcəyinə olan inamdır. Göz bəbəyimiz olan Azərbaycana bağlılığımız, müqəddəs torpağa məhəbbətdən qaynaqlanan bu ülviyyət, davranışımızin ifadəsinin qayəsi olmaqla bərabər, gələcək uğurlarımızı şərtləndirən əsas amildir. Eyni zamanda güclü Azərbaycan, həmdə güclü vətəndaşdır. Tarix boyu sahiblənməyi və birləşməyi bacaran xalqlar daim zirvələri fəth etmişdir. Vətən müharibəsi günlərində xalqımız üçün səciyyəvi olan ən mühüm cəhətlərdən biri də milli birlik və həmrəyliyin sarsılmazlığı faktoru idi. Bizlər bütün dünyaya bu birliyi nümayiş etdirərək, 44 günlük Zəfər Müharibəsində mərd, qorxmaz şəkildə, Ali Baş Komandanın əmrini sevgi və inam ilə icra edərək, tarixi torpaqlarımızı işğaldan azad etdik. Şərəfli və qürurlu anları yaşayırıq !
Başımiz uca, alnımız açıq şəkildə böyük inam ruhu ilə seçkilərdə iştirak edək. Vətəndaşlıq zirvəsinin ifadəsində yüksək mədəniyyət göstərərək seçki hüququmuzu tanıyaq və ifadə edək.
Raqif Allahverdiyev