AŞPA-da “məhəbbət” hekayəsi
Avropa Şurası Parlament Assambleyasının 306 üzvündən 90-nı Azərbaycan əleyhinə qərarın qəbulu prosesində iştirak edib və onlardan 76-sı ölkəmizin əleyhinə səs verib. Bununla da Azərbaycan ilə Avropa Şurası Parlament Assambleyası arasında ciddi böhranın əsası qoyulub. Bu prosesdə xüsusi fəallığı ilə seçilən ölkələr və onların təmsilçiləri olub. Almaniyalı deputat Frank Şvabe prosesin əsas təşəbbüskarı və Azərbaycan əleyhinə müvafiq qərarın qəbul edilməsində ən çox canfəşanlıq göstərən tərəf kimi çıxış edib.
Araşdırmalar göstərir ki, həmin insan erməni maraqlarına xidmət edən, erməni lobbisinin əlində oyuncağa çevrilmiş bir deputatdır. Hələ 2018-ci ildə Almaniya parlamentində qondarma erməni soyqırımı ilə bağlı qərarın qəbul edilməsində də fəallardan olub. Onun erməni qadınla birgə milli geyimdə şəkilləri də çox geniş yayılıb. Anti-Azərbaycan qərarının qəbulunda canfəşanlıq edən şəxslərdən biri də Frank Engeldir. Onun da xanımı ermənidir. Diqqət yetirsək görərik ki, bu prosesdə fəallıq göstərənlər ya sevgilisi, ya da həyat yoldaşı erməni olanlar və erməni lobbisinin maliyyələşdirdiyi şəxslərdir.
Avropa Şurası Parlament Assambleyası o səviyyəyə enib ki, artıq burada şəxsi qohumluq, sevgi məsələləri ön plana keçir və təşkilatın strateji missiyası bir kənarda qalır. Hesab edirəm ki, bu, təşkilatın daxilində baş verən çox ciddi böhranın göstəricisidir. Əslində, Parlamentdə ən yüksək səviyyədə, vitse-prezident səviyyəsində rüşvət və korrupsiya faktları üzə çıxırsa, ondan daha kiçik və statusu bir qədər də aşağı olan AŞPA-da vəziyyətin belə olması gözləniləndir. Hesab edirəm ki, bu hadisə bir daha onu təsdiqlədi ki, bu gün Avropa institutları özü çox pis vəziyyətdədir. Rüşvət və korrupsiya əleyhinə ucadan danışanlar əslində birbaşa bu işlə məşğuldurlar. Avropa qitəsinin regionumuzla bağlı strateji maraqları bir yanda qalır, erməni maraqları ön plana keçir. Səbəb odur ki, burada “əl-əli yuyar, əl də üzü” prinsipi işləyir. Azərbaycan əleyhinə bu qərarın qəbulunda fəallıq göstərən ermənidən çox erməni olduqlarını sübut edən şəxslər erməni lobbilərinin əlində oyuncaqdırlar, onlardan istifadə edirlər. Sözün əsl mənasında, “onlar pulu verir və mahnını sifariş edirlər”. Azərbaycan əleyhinə qərar qəbul edən deputatlar da həmin mahnını ifa edir və oynayırlar. “Şabaş”ı isə daha böyük dövlətlər, bu dövlətlərin güclü erməni lobbisi verir.
Elman NƏSİROV,
Milli Məclisin deputatı.